“Istəsən sənin adına 5 saxta pasport düzəldərəm. Bizim əlimizdə deyilmi?!” – bunu DIN-in polkovniki Rasim Ildırımzadə deyir. Elşad Abdullayevin yaydığı yeni videoda. Görürsünüzmü nələr olur bu sabit ölkədə? Həmin videoya baxanda bir anlığa elə gəldi ki, kimsə hazırda mənim adıma saxta pasport düzəldib. Hətta şübhələndim ki, bəlkə mənim öz pasportum saxtadır?
Görmürsünüz, nələr danışırlar?! Dövlətin məmurları milyonlar alıb, insanın qardaşı ilə alver edirlər. Bu işlərin bir ucu da həmişə daha yuxarıya gedib çıxır.
Həmin videolara diqqətlə və hətta təkrar-təkrar baxmaq lazımdır. Bizim hakimiyyətin gerçək üzü açılır onlarda. Oradakı məmurlar ekranlardakı kimi ümummilli liderdən, analoqu olmayan inkişafdan, dövlətçiliyin güclənməsindən danışmırlar, puldan danışırlar. Hətta onları bədii filmlərdə də pul maraqlandırır.
Deməli, yeni videoda maraqlı məqam var. Polkovnik Rasim Ildırımzadə bir filmin süjetini danışır Elşad Abdullayevə. Belə deyir: “Bir varlı qadın var. Milyonerdir…”.
Sonra davam edir: “Milyarderdir eee, milyarder”.
Danışığından bəlli olur ki, söhbət Kurt Rasselin çəkildiyi məşhur “Overboard” filmindən gedir.
Bu adamlar nə bir filmin adını bilir, nə də hətta məşhur aktyorları tanıyırlar, amma filmlərdə də onları ən çox heyrətləndirən qadının milyarder olmasıdır.
Bu saxta pasportlar məsələsinə niyə önəm verdim. Çünki Elşad Abdullayev videolar yaymağa başladıqdan bu günə qədər hakimiyyətin nümayəndələri və onların orda-burdakı əlaltıları təbliğat aparırdılar ki, bəs Elşad Abdullayev saxta diplom satıb, universitetində bazar olub və s.
Xanımlar və cənablar, bir nəfərə 5 saxta pasport düzəldilir bu ölkədə, bəs niyə səsiniz gəlmir? Niyə Elşad Abdullayev videolar yaymayanacan bu diplom məsələsini qaldırmırdınız? Kim deyir ki, onun universiteti yüksək təhsil standartı ilə seçilirdi? Bəs indi də dövlətin məktəb və universitetlərində təhsil oradakından çox da fərqlənmirsə, niyə dilinizə almırsınız bu problemi?
Zahid Oruc deyir ki, Elşad Abdullayev ölkəyə gətirilməli və həbs edilməlidir. Bu fikri başqaları da deyir. Axı siz kimsiniz ki, kiminsə həbsinə qərar verirsiniz. Sizin təfəkkürün insan oğrularının düşüncələrindən nədir fərqi?
Jurnalist olduğum bütün dövrlərdə Elşad Abdullayevə məxsus olan və digər özəl universitetlərin, eləcə də dövlət universitetlərinin fəaliyyətini ən sərt şəkildə tənqid etmişəm. Burada qeyri-adi heç nə yoxdur, ağlı başında olan hər kəs bu cür düşünməlidir. Ölkə prezidenti hər il maşınların qara plyonkalarını müzakirə edir, amma təhsildəki qara düyünlər onun vecinə də deyil. Belə ölkədə özəl universitet başqa cür ola da bilməzdi. Zatən o hakim ailənin universiteti sayılıb həmişə. Çoxlarınız balalarınıza oranın diplomunu almısınız, ya da ora daxil edib mahiyyəti çox da fərqlənməyən BDU-ya köçürmüsünüz ki, yüksək vəzifəyə “sanballı” diplomla qayasınız. Elə polkovnik Rasim Ildırımzadə də dünən deyib ki, qızı həmin universitetdə oxuyub…
Amma bu adamın qardaşını oğurlayıblar. Bilirsinizmi bu nədir? Qardaş ananızın oğludur. O, avtomobil qəzasında itirilsə, ağlayıb, sızlayıb, həyata davam etmək olar. Belə də olur adətən. Amma bu adam qardaşını necə itirib? Oğurlayıblar onun qardaşını!
Siz isə ondan heç vaxt əvvəl sormadığınız sualların cavabını istəyirsiniz bu anda. Diplom belə gəldi, təhsil elə getdi. Həbslə hədələyirsiniz hətta. Halbuki Elşad Abdullayevin təhsildə məşğul olduğu bütün işlərin hamısı ilə məşğul olmuş rektorlar Bakıdadırlar, iş başındadırlar. Həbs edilmələri bir yana, heç sual vermirsiniz onlara.

Sizin qardaşınızı oğurlasalar…
•