Rövşən Ağayev: «Azərbaycanda hökumət qiymətlərin əhalinin xeyrinə olmasında maraqlı deyil»
Gürcüstanın baş naziri Bidzina Ivanişvili vəzifəyə təyin olunmasından ötən 100 gün ərzində ölkədə elektrik enerjisi tarifləri, qaz və benzinin qiymətlərini aşağı salıb. Məlum olduğu kimi, hesabat dövründə işıq pulu 25%, qaz pulu 10%, zibil pulu 50% azaldılıb, çörək isə 7 sent ucuzlaşıb.
Imkanlarına görə Azərbaycandan xeyli geridə qalan, təbii sərfətləri olmayan, hətta bəzi hallarda ölkəmizdən asılı olan Gürcüstan belə bir addım atdığı təqdirdə Azərbaycan niyə qiymətlərin aşağı salınmasına getmir? Qeyd edək ki, bu vaxta qədər Azərbaycanda nəinki kommunal xərclərin azaldılması müşahidə olunmayıb, əksinə bir neçə dəfə artım olub. Neft-qaz ölkəsi olan Azərbaycan da niyə Gürcüstandan nümunə götürüb oxşar addım atmır?
Iqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, Gürcüstanda kommunal sektorun fəaliyyətinin tənzimlənməsi dövlət əlində saxlanılsa da, bu sahədə dövlətin idarəçiliyi yoxdur. Enerci sektoru, su təsərrüfatı sistemi, məişət tullantılarının basdırılması məsələsi, qaz təchizatı ayrı-ayrı dövlətlərin şirkətləri tərəfindən idarə olunur. Ona görə də hökumət üçün bu sistemi tənzimləmək asandır.
Gürcüstanda hökumətin sözün hər mənasında camaatın yanında olduğunu deyən ekspert ortada başqa maraqların olmadığını da qeyd etdi. Azərbaycanda isə qiyməti tənzimləyən də, xidməti göstərən də hökumətdir. Azərbaycada bu sahələr özəl sektorun əlinə keçməyincə, qiyməti tənzimləyən və o xidməti göstərən hökumət sağlam rəqabətin, qiymətlərin əhalinin xeyrinə olmasında maraqlı olmayacaq. Digər tərəfdən, Azərbaycandan fərqli olaraq Gürcüstanda hökumət bu sahələrə milyardlarla vəsait ayırmır. Azərbaycanda tariflərin yüksək olması ilə yanaşı həmin sahələrə nəzarət edən qurumlara hər il büdcədən xeyli vəsait ayrılır. Ekspert Gürcüstanda qiymətlərin aşağı salınması ilə yanaşı yoxsul əhaliyə xüsusi vauçerlərin verildiyini də qeyd etdi: “Bu ildən etibarən yoxsul vətəndaşlara Tbilisi meriyasının büdcəsi hesabına vauçerlərin verilməsinə başlanılıb. 400 minə yaxın insana qiymətləri kompensasiya etmək üçün xüsusi vauçerlər veriləcək”.
Fizzə


