Keçmiş deputat, Sevinc Babayeva barədə istintaqın qərarını onun verildiyi tarixdən 10 gün əvvəl necə bilə bilərdi?
Apelyasiya məhkəməsi də Gülər Əhmədovanı azadlığa buraxmaqdan imtina etdi
Dünən Bakı Apelyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın barəsində həbs-qətimkan tədbiri seçilməsi haqda qərardan verilmiş şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib və sabiq deputatın həbsdə saxlanılması haqda Səbayel Rayon Məhkəməsinin 13 fevral tarixli qərarı qüvvədə qalıb.
Gülər Əhmədovanın vəkili Eldar Qədimi “BBC Azərbaycanca”ya məhkəmənin bu qərarından təəssüfləndiyini bildirib: “Istəyirdik ki, məhkəmə onun xəstə və qadın olduğunu nəzərə alaraq stasionar şəraitdə müalicəsinə imkan versin. O, əvvəl də xəstə idi, lakin həbsxanada həyəcanla stresə görə xəstəlikləri şiddətlənib”.
Vəkil əlavə edib ki, Gülər Əhmədova hazırda saxlanıldığı Bakı istintaq təcridxanasının tibbi məntəqəsində müalicə olunur. O, həkim nəzarətindədir.
Eldar Qədimi Gülər Əhmədovanın ürək, şəkər, ağ ciyər xəstəliklərindən ÿəziyyət çəkdiyini qeyd edib: “Beynində də problemlər yaranıb”.
Vəkil bildirib ki, müayinələr qurtarandan sonra onun müalicə müəssisəsinə köçürülməsi məsələsini qaldıracaq.
Bu arada, Gülər Əhmədovaya elan olunan ittihamla bağlı sensasiya sayıla biləcək məlumat yayılıb. Keçmiş deputatla bağlı cinayət işinin istintaqını aparan Bakı Şəhər Prokurorluğunun müstəntiqi Emzar Qocayevin Əhmədovaya elan etdiyi ittihamdan belə nəticəyə gəlmək mümkündür ki, Gülər Əhmədovanın həm də öncəgörmə qabiliyyəti varmış…
“Moderator.az” saytı müstəntiqin qərarının bir qismini dərc edib. Orada yazılıb: “Gülər Əhmədova Sevinc Babayevanın… külli miqdarda özgə əmlakını alıb ələ keçirdiyinə görə barəsində 19 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2 maddəsi ilə başlanmış cinayət işi üzrə AR DIN-nin Baş Istintaq və Təhqiqat Idarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsində ibtidai istintaqın aparıldığını, həmin iş üzrə S.Babayevanın 03 oktyabr 2012-ci il tarixdə AR CM-nin 178.3.2 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması, barəsində axtarış elan edilməsi, 05 oktyabr 2012-ci il tarixdə həbs qətimkan tədbiri seçilməsi haqqında qərarın qəbul olunduğunu bilərək, şəxsi münasibətlərinə görə 26 sentyabr 2012-ci il tarixdə, saat 05.57 dəqiqədə Sevinc Babayevanı Bakı hava Limanından A-320 nömrəli təyyarə reysi ilə Türkiyəyə yola salıb…”
Mətndən göründüyü kimi, istintaq G.Əhmədovanı 2012-ci ilin oktyabrında baş verən istintaq hərəkətindən 2012-ci ilin sentyabrında xəbərdar olub müəyyən addımlar atmaqda ittiham edir. Maraqlıdır, mərhum Sevinc Babayeva barəsində istintaq orqanlarının hansısa tədbir görəcəyini, yəni, 3 oktyabr 2012-ci ildə onun təqsirləndirilən şəxs qismində cəlb olunacağını, barəsində axtarış elan ediləcəyini və 5 oktyabrda həbs qərarı veriləcəyini 10 gün əvvəldən Gülər Əhmədova necə bilərdi?
Tanınmış hüquqşünas Qurban Məmmədov iş materiallarında yazılanları “moderator.az”a şərh edərkən bildirib ki, hakimiyyətdə kimlərsə Gülər Əhmədovanın bu şəkildə həbsində maraqlıdır: “Anlaşılan budur ki, bununla Gülər Əhmədovanı zorla Ramiz Mehdiyevə qarşı qoymaq istəyirlər. Həbs olunmamışdan əvvəl Gülər Əhmədova hüquqi yardım almaq üçün mənimlə görüşmüşdü. Həmin söhbətimizdə də demişdi ki, məni tikə-tikə doğrasalar da, nə Ramiz Mehdiyevin, nə də təmsilçisi olduğum hakimiyyətin əleyhinə ifadə vermərəm. Çünki mən bu hakimiyyətin hesabına deputat seçilmişəm, həyatda özümə yer tapmışam, olmayan bir şeyə görə də heç vaxt kimsənin üzünə durmaram”.
Qurban Məmmədov bir məqama da diqqət yetirilməsini vacib hesab edir: “Əgər 2009-cu ilin yanvarın 19-da Sevinc Babayeva barəsinə dələduzluq maddəsilə cinayət işi başlanmışdısa, niyə 3 il ərzində tədbir görülməmişdi? Niyə onun xaricə çıxmasına qadağa qoyulmamışdı? Qoyulmuşdusa, onda Gülər Əhmədova kimdir ki, haqqında axtarış elan olunan, saxlanılması barədə qərar olan bir adamı sərhəddən çıxara bilsin? Bütün bunların hamısı ziddiyyətli sübutlardır”.
Aytən Məmmədova