Ramil Usubovun qohumu sabiq rektorla nədən danışıb? Stenoqram «Azadlıq»da
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev qardaşı Mahir Abdullayevin işi ilə bağlı apardığı danışıqlara aid növbəti video yayıb. Budəfəki videoda Elşad Abdullayevin söhbət etdiyi şəxs Hava Nəqliyyatında Polis İdarəsinin rəis müavini, daxili işlər naziri Ramil Usubovun qudası və Xətai rayon prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırımzadədir. Videonu Mahir Abdullayevin işi ilə bağlı Fransada Elşad Abdullayevə kömək edən blogger Elnur Məcidli özünün “Facebook” səhifəsində yayıb. Videodakı dialoqu diqqətinizə çatdırırıq (danışıq üslübü olduğu kimi saxlanılıb):
“Bu adam Ramil Usubovun adından istifadə edir”
E.A:
– Nə xəbər var?
R.İ:
– Mən əlaqə saxlaya bilmədim. Səni də tapa bilmədik.
E.A:
– Konkret nəsə var?
R.İ:
– Işləyirlər. Vaxt daralır.
E.A:
– Hanı? Yaxşı da. Biz qardaşıq, dostuq. Allaha and olsun mən şəxsən səninlə heç zaman belə danışmaram.
R.İ:
– Qardaşıq. Mən səni aldadıram?
E.A:
– Aldatmaqdı da bu.
R.İ:
– Aldatmaqdı. Onda denən ki, Rasim məşğul olma, mən də kənara çəkilim.
E.A:
– Işi verə bilirsənsə, qoy ortaya. Verə bilmirsənsə aldatmaqdır.
R.İ:
– Bu ay verirəm.
E.A:
– Rasim, boş söhbətdir
R.İ:
Mən deyirəm ki, bu ay verirəm, inanmırsansa denən çəkil get. Mən gedim deyim ki, mənlik deyil.
E.A:
– Verə bilirsənsə ver. Amma alınmırsa aldatma.
R.İ:
– Mən səni niyə aldadım? Məqsədim nədir? Mən sənə yalandan gəlib deyəcəm ki, alınmadı? Mən sənə yalandan “sən öl” demirəm ki. Artıq konkretləşdirdim. Səndən sonra getdim onunla da xeyli söhbət elədim.
E.A:
– Buradan ən böyük məsafə Amerikayadı, onu da 18 saata gedirsən. Uzaqda deyil ki…
R.İ:
– Uzaqda deyil. Burada, yaxındadır.
E.A:
– Nəsə bunlar ciddi adama oxşamırlar. Ya ciddi adam deyillər, ya da aldadırlar.
R.İ:
– Yox ciddi adamdırlar. Sadəcə olaraq vaxtımızı almışdı. Nə aldadırlar?
E.A:
– Sən də Zahid Dünyamalıyevin adamı kimi danışırsan.
R.İ:
– Yox. Zahid Dünyamalıyevdən pul alan kişi deyil. Sənlə öz aramızdı.
E.A:
– Bu adam Ramil Usubovun adından istifadə edir.
R.İ:
– Mən dedim sən bu məsələni artıq yaymısan və demisən ki, bu məsələ mənə lazım deyil. Heç olmasa elə olanda zəng elə de ki, Rasim fikrimi dəyişdim.
E.A:
– Səninlə bizim söhbətimiz olub. Gətir qoy ortaya.
R.İ:
– Artıq vaxt azalıbdır. Hər şey konkretləşib.
E.A:
– Qalan hamısı boş söhbətdir. Obyekt ortada olmalıdır.
R.İ:
– Obyekt ortada olandan sonra danışarıq.
E.A:
– Qardaş iş ortada olmalıdır. Iş ortada olmasa…
R.İ:
– Mən sənə dedim ki, getdim konkretləşdirdim.
E.A:
– Nə deyirlər?
R.İ:
– Deyirlər lap bərki bu aydan sonraya qalmayacaq. Bu gün ayın 13-dür. On yeddi gün qalıb.
E.A:
– Bu gün bir il 13 gündür.
R.İ:
– Onun 2 ayı mənlikdir. Mən səni cəmi bir ay yubada bilərəm.
E.A:
– O adamın əlində bu yarımca saatdır. Artıq 15 aydır.
R.İ:
– On beş ay sənin adamların edib. Onun adamı isə artıq konkretləşdirib və deyib ki, bu ayın içində qurtarırırq. Yeni bir adam gətirmişik. Deyim də sənə, keçən həftənin altıncı günü. Çıxanda da sənə zəng vurdum. Telefonun bağlı idi. Elə olanda mənə bir nömrəsizlə zəng elə.
E.A:
– Imtahanda olanda çıxa bilmirəm. Bilirsən necə pis vəziyyət yaranıb? Yüz ballıq sistemdir, içəridə monitor qurublar. It yiyəsin tanımır. Hayıf deyildi sovet dövrü, beş balla qiymətini verirdin, çıxıb gedirdi.
“Mahir Abdullayevin yerin bilirəm”
E.A:
– Amma Rasim, görürəm ki, qardaşımla bağlı məsələyə ciddi yanaşmırsan.
R.İ:
– Sən əgər belə yanaşırsansa, mən günü bu gün bu işdən kənara çəkilə bilərəm.
E.A:
– O telefon əlindədir də, (E.Abdullayev əli ili R.Ildırımzadənin əlindəki telefona işarə edir-red) zəng elə gətirsinlər. Vermirsən axı.
R.İ:
– Mənə versinlər ki, mən də sənə təhvil verim.
E.A:
– Bəlkə səni aldadırlar?
R.İ:
– Yox aldatmırlar. Bu həmin kanaldır, həmin adamdır. Bundan başqa kanal yoxdur. Sən bizi məcbur etdin. Yolun ortasında iki nəfər bizi borclu çıxartdı. Sən bizi tələsdirdin, dedin ki, bu vaxta ver. Bizdə vaxtımızı dedik və bildirdik ki, çalışarıq bunu edək. Indi də bu adamlar deyirlər ki, bu aydan o tərəfə keçməyəcək.
E.A:
– Ciddi söhbətə oxşamır. Sən sağ, mən salamat. Mən sənə deyirəm ki, bu ciddi söhbət deyil.
R.İ:
– Ciddi söhbətə oxşamır? Mən sənə deyirəm ki, bu aydan yarım saat o tərəfə qalsa, mən məşğul olmayacağam. Hətta desələr ki, filan yerdədir, get ordan götür, bağdadır, amma on beş gün də səndən vaxt istəyirik. Mən yenə razı olmayacağam. Deyəcəm ki, mən bu məsələdən kənara çəkildim, sən bilərsən, onlar bilər.
E.A:
– Indi sən deyirsən də, sən sağ, mən salamat, yalan söhbətdir.
R.İ:
– Bu söhbət yüz faizlikdir.
E.A:
– Mən deyirəm yalandır. Sən də sübut elə ki, düzsən. Işinlə sübut elə ki, düzsən. Biz də qocalacağıq, bizə də kimlərsə qiymət qoyacaq. Bizim ikimizin də müəllimləri bir olub. Görürsən, yaxşını yaxşı kimi deyirik, pisi də pis kimi.
R.İ:
– Mən o söhbətə hazıram. Mənim haqqımda bu deyilməyəcək. Sən dediyinə peşman olacaqsan. Amma mənim bir narahatçılığım var ki, sabah səs mənim tərəfimdən çıxacaq. Mən bunun narahatçılığını keçirirəm.
E.A:
– Mən sənə təminat verirəm, başımla cavabdehəm. O mənim qardaşımdır və mən ona cavabdehəm. Amma mən bu məsələyə şübhə ilə yanaşıram. Sən də sübut elə ki, sənin şübhələrin əsassızdır.
R.İ:
– Sən elə fikirləş ki, məni aparıblar və göstəriblər ki, bu adam burdadır. Məsələn, Şüvəlandadır. Sağa dönən kimi, ikinci evdədir. Sadəcə qalır ki, gedib oradan götürmək. Buna qədər mən bilirəm ki, bu dəqiq söhbətdir. Qalıb ki, oradan götürüb qoysunlar bura.
E.A:
– Azərbaycandadır?
R.İ:
– Xeyr, Azərbaycanda deyil. Elə yerdədir ki, Azərbaycan sərhədi ilə yaxındır, uzaq ölkədə deyil. Qərar olan kimi 4-5 saatın ərzində adam olur sənin yanında. Məsələ həll olunub.
E.A:
– Bu adam tutalım Irandadır və ya başqa yerdə. Sərbəst gəzə bilir?
“Əsas odur ki, Səddam Hüseyn kimi zirzəmidə saxlamırlar”
R.İ:
– Irandadır və ya Dağıstandadır. O dəqiqdir ki, gedib-gələndə sərbəstdir, tapança altında deyil.
E.A:
– Onda mənə niyə zəng eləmir?
R.İ:
– Necə zəng etsin ki? Imkan vermirlər, oturub-durur çörəyin yeyir, sağ və salamatdır. Görəcəksən, heç dəyişməyib. Sənə təhvil verəcəm. Narahat olma.
E.A:
– Nə vaxt?
R.İ:
– Dedim ki, bu ay – 17 gün qalıb.
E.A:
– Rasim, Allaha and olsun, ümidimi itirmişəm.
R.İ:
– Yox, itirmə. Mən indi kənara çəkilə bilərəm.
E.A:
– Sənin haqqın yoxdur ki, kənara çəkiləsən. Sən sübut etməlisən ki, düzdür bunlar.
R.İ:
– Onlar mənə sübut edib və məni inandırıblar. Bir dənə qalıb gətirilməsi. Mən inanmışam. Sən sadəcə olaraq onların və mənim etimadımı doğrult. Bircə bunu fikirləş. Adamla üzbəüz qalacaqsan. Əsas odur ki, Səddam Hüseyn kimi zirzəmidə saxlamırlar. O gün bir kinoya baxırdım bir milyoner qadın olur və evində şkaf düzəltmək üçün usta işlədir… (daha sonra R.Islamzadə həmin filmi E.Abdullayevə danışır. R.Ildırımzadənin bu haşiyəyə çıxmasında məqsəd M.Abdullayevin sağ olduğu barədə onda konkret sübutların olduğuna dair E.Abdullayevi inandırmaqdır).
Mən tam rahatam. Burada yüz faizlik söhbətdir. Sadəcə olaraq səndən dolayı narahatçılıq fikirləşirəm ki, həm caamatın yanında məni pis vəziyyətə qoyarsan, həm də söhbət çıxar mən biabır olaram.
“Qardaşını məndən istə”
E.A:
– Kişi deyilik, söhbət danışıqdan keçər.
R.İ:
– Özü də bu adamlardan başqa bunu kimsə ortalığa çıxarmayacaq. Sən inciyərsən, deyərsən ki, üç gün ləngidi. Bu adamlar xəfiyyədir. Hardan bilirlər, məlum deyil. Deməli Mahir Abdullayevin axtarışı ilə bağlı bir məlumat cinayətkar aləmə buraxıldı. Dedilər ki, orda deyilsə, burdadır. Şəklin tapıb verdim. Axtardılar.
E.A:
– Onda gətirib versinlər də.
R.İ:
– Verəcəklər. Bu aydan o yana qalmayacaq. Bu işə görə Azərbaycanda yaşamayan iki nəfər gəlib oturub burada. Gəlib oturublar ki, pulumuzu alıb gedəcəyik. Mən tezliklə səni sevindirəcəm. Qurtardı getdi. Amma sən dediyim şərtlərə əməl elə. Danışacağıq. Qaçıb gizlənsən də səni tapacam, görüşüb, gedəcəyik götürməyə. Bunlardan başqa kim gəlsə, qov getsin. Denən ki, rədd olun. Qardaşını məndən istə. Bu işıq, bu müqəddəs gün haqqı.
E.A:
– Nə mane olur bəs?
R.İ:
– Qardaş bunlar deyir ki, biz sənə bu ayı keçməmək şərti ilə təhvil verəcəyik. Bizi tələsdirmə. Səni aldadıblar. Sənin dediyin adamı gətir beş dəqiqənin içində ifşa edim, çıxsın getsin.
E.A:
– Qardaşımı səndən istəyim?
R.İ:
– Başını sal aşağı işini gör. Daha soruşma ki, Rasimdən niyə xəbər çıxmadı. Onlar tərəfə də heç nə demə. Sən öz içində saxla ki, bu ay olacaq. Bunlar da yekunlaşdırmaq istəyirlər ki, tez olsun. Özünün heç xəbəri yoxdur ki, bunu götürüb sənə verəcəklər.
E.A:
– Rasim, bunun getmə səbəbi nə olub?
R.İ:
– Özü deyəcək sənə. Özündən olsa, o gəlmək, üzə çıxmaq istəmir.
E.A:
– Nə var ki, burada?
R.İ:
– Qayıtmaq istəmir. Olmaz.
E.A:
– Nəyə görə qayıtmaq istəmir?
R.İ:
– Bu bir müddət üzə çıxa bilməz. Bunu biz tezləşdirib üzə çıxarırıq.
E.A:
– Gəlsin işləri ilə məşğul olsun.
R.İ:
– Bu adamlar bunu üzə çıxarırlar. Sonra sən qərar qəbul edəcəksən – onu bütünlüklə aşkarlayacaqsan, yoxsa bir müddət gözləyəcəksən.
E.A:
– Nə qədər müddət gözləmək lazımdır?
R.İ:
– Onu özü ilə qərarlaşdırarsan.
E.A:
– Deyəcək ki, məsləhət deyil üzə çıxmağı?
R.İ:
– Özü sənə deyəcək, məsləhətdi, yoxsa yox, bir müddət harada olsun.
E.A:
– Nə səbəbə görə belə olmalıdır ki?
R.İ:
– Bəzi qaranlıq səbəblər var, özü sənə deyəcək. Mən dərinə getməmişəm. Mənim nəyimə lazımdır.
E.A:
– Mənə açıqla da.
R.İ:
– Mənim nəyimə lazımdır. Mən sənə dumanlı şəkildə bunu dedim. Məni maraqlandırır ki, onu sənə müəyyən olunmuş vaxtda təhvil verəcəklər.
E.A:
– Nə qədər müddətdə? Bunun mənası nədir?
“Bu məsələ kriminaldan kənardır”
R.İ:
– Ay qardaş mənasını özün başa düş. Müəyyən müddət ortalığa çıxa bilməz.
E.A:
– Qurban olum, məni başa sal görüm, bu məcəllə ilədir?
R.İ:
– Yox, məcəlləsiz.
E.A:
– Kriminal səviyyədədir?
R.İ:
– Krminallıq deyil. Kriminal olsaydı bu günə qədər saxlanmazdı. Bir aya ya səndən yaxşı pul alıb verərdilər sənə, ya da başın kəsib, şəklini göndərərdilər ki, meyiti budur. Kriminal deyil. Kriminaldan kənardır. Bu qeyri-adi bir söhbətdir. Sən onun söhbətin eşidəcəksən. Bəlkə elə özün də dedin ki, qardaş, səni göndərək…
E.A:
– Xaricə göndərmək?
R.İ:
– Özün göndərərsən. Sağ-salamtdır. Yeyib-içir, yatır-durur.
E.A:
– Bəlkə o adamlarla bir danışasan, onunla danışım.
R.İ:
– Yox onlar əlaqə saxlayır. O adamlar istəyirlər ki, götürüb versinlər. Artıq sayğacı qoşublar ki, vaxt gedir. Mən də onları nahaq yerə tələsdirdim.
E.A:
– Onun gizlənmə vaxtı nə qədərdir?
R.İ:
– Bir neçə il dedilər ki, çıxa bilməz.
E.A:
– Deyirsən ki, bu kriminal deyil. Bəs bu nədir?
R.İ:
– Sən bunu bil ki, bu kriminal deyil.
E.A:
– Dövlətlə bağlıdır.
R.İ:
– Dövlət söhbətin də mən sənə deməmişəm.
“İstəyirsən adına 5 dənə saxta xarici pasport alım”
E.A:
– Rasim, öz idarəsi ilə bağlıdır?
R.İ:
– Onu dəqiq bilmirəm. O məsələləri özündən soruşarsan. Mən bilirəm ki, bu kitab sənin otağındadır (Masanın üstündəki kitabı əlinə götürür). Bu adam sənə təhvil veriləcək. Qardaşın o adamı sənə sağ-salamat verəcək. Artıq sonra onu açıqlayacaqsan, yoxsa gizlədəcəksən. Bu artıq sənin öz işindir.
E.A
– Onda gəlsin, göndərək xaricə.
R.İ:
– Lazımdır mən sənə köməklik edə bilərəm. Mən ona əlavə sənəd düzəltdirərəm. Lazım olsa, saxta xarici pasport düzəltdirərəm.
E.A:
– Gəlsin, çıxsın getsin ailəsi ilə xaricə.
R.İ:
– Ailəsi ilə göndərəcəksən, yoxsa burada bağlarda saxlayacaqsan özün bilərsən.
E.A:
– Rasim belə görürəm ki, sən təcrübəli adamsan bu sahədə. Bunun gələndən sonra gizlədilməsinin səbəbi nədir?
R.İ:
– Bu deyiləsi söhbət deyil. Indi bir qədər səngiyib.
E.A:
– Qardaşı deyiləm?! Səbəbini bilmək istəyirəm.
R.İ:
– Məndən soruşma.
E.A:
– O boyda əjdaha kişilər getdilər bir günün içərisində Xəlilovun bacısına (ad anlaşılmır) bir günün içərisində partiya bileti aldılar.
R.İ:
– O nədir ki, istəyirsən sənin adına beş dənə xarici pasport düzəltdirim. Sən gəl mənə de, aparım səni otuzdurum təyyarədə. Hamısı ora gəlsin. Hamısı əlimizdədir.
E.A:
– Mən sadəcə olaraq başa düşmürəm bu nəyə görə gizlənməlidir, səbəb nədir?
R.İ:
– Məndən soruşma. Amma problem deyil. Bu deyilən söhbət deyil. Bu kitab burada durub. (yenə masanın üzərindəki kitabı əlinə götürür). Sən bu kitabı götürürsən və vərəqləyirsən, baxırsan. Buna görə sənə heç kim heç nə deməyəcək. Özü gələndən sonra sənə deyəcək, nə etmək lazımdır.
E.A:
– Bu gün düz 15 ay tamam olur. Bu adamın ailəsi, uşaqları var.
R.İ:
– Bu işi özləri qurtarmaq istəyirlər. Sən demişkən bu işi uzatmağın məqsədi nədir.
“Onları yalnız pul maraqlandırır”
E.A:
– Bunlar faşistdir, ermənidir nədir?
R.İ:
– Bu adamlar deyir ki, bir nəfərdən artıq “dobro” almışıq. Üçündən sonra sərbəst hərəkət üçün imkan verilib. Qardaş mən sənə dedim. Narahat olma qurtardı getdi.
E.A:
– Mən dəqiq vaxtı bilmək istəyirəm. Bu gün ayın 13-üdür. Bu gün bu adamın getməyinin 15 ayı tamam olur. Qardaş, hesabını götür də, bir ay evə getmə gör nə olar?!
R.İ:
– Bu ayın içərisində baş verəcək. Bir ay nədir, heç bir saat keçsə qırğın olar.
E.A:
– Bunlar adam deyil, bunların qardaşı, anası, bacısı yoxdur?
R.İ:
– Yox. Onları yalnız pul maraqlandırır.
E.A:
– Pul demirlər, pulu veririk də.
R.İ:
– Əvvəldən bunlar istədilər, vermədiz. Bir az verdiz.
E.A:
– Qardaş, işi gətir qoy ortaya.
R.İ:
– Sonradan razılaşdırıldı.
E.A:
– O adam məndən pulu Ramil Usubovun adından alıb.
R.İ:
– Adam gəlib çıxandan sonra onu gedib deyərsən.
E.A:
– Gedib deyəcəm. Ramil müəllim, məni tapşırmısan buna, bu adam da mənim başıma bu oyunu gətirib.
R.İ:
– Onu beş dəqiqənin içərisində həll edəcəyik. Sənin adamını da verəcəyik.
E.A:
– Mən həyatımda birinci dəfədir ki, belə adam görürəm. Özü də kişilikdən, namusdan dəm vurur.
R.İ:
– Zahid Dünyamalıyev sən nə qədər desən də “solidnı”, “priliçni” adamdır. Heç kimi o aldatmayıb. Onun nəsə adamı var. Kimsə qoşub?
E.A:
– Nə “solidnı”, “priliçni”?! Hanı sənin generalın, hanı sənin şöhrətin?!
R.İ:
– Qoşduğu adamdı da, bəlkə o gəlib elə yerə dirənib ki, deyiblər bundan o yana getmə. Ay qardaş, ondan artıq keçib. Sən ayağını aşır ayağının üstünə. Kim də gəlsə “poslat” elə. Kim gəlsə söy. Mənim adımdan gəlsə də qəbul eləmə. Məni saatlarla necə gözlətdirirsən çöldə qəbul eləmə. Mən hər şeyə hazıram. Hətta bu məsələdə məni “podvodit” eləsən də buna hazıram. Amma sənin başın ağrıyacaq.
E.A:
– Qoy da onda məsələni ortalığa.
R.İ:
– Bir-iki günə həll olunacaq.
E.A:
– Sənin hesablamanla necə olacaq.
R.İ:
– Mənim hesabalamamla 25-dən o tərəfə qalmayacaq. Hətta 3 günə də ola bilər. Sadəcə olaraq bunu demirəm. Çünki 3 gündən sonra deyəcəksən ki, nə oldu bəs? Mən sənə bir həftə artıq vaxt demişəm. Ona görə səbrli ol.


