Illər öncə serblərin boşnaklara qarşı törətdikləri qətliam haqqında bir filmə baxmışdım. Sənədli faktlar əsasında çəkilmiş film 1995-ci ildə 8 min boşnakın öldürüldüyü Srebrenitsa soyqırımından bəhs edirdi. Film o qədər təsirliydi ki, onu hazırlayan yaradıcı qrupun üzvləri haqqında məlumat almaq üçün kiçik bir araşdırma apardım. Məlum oldu ki, bu, boşnakların məlum faciə ilə bağlı çəkdikləri və dünya səviyyəsinə çıxardıqları onlarla maraqlı filmdən biridir. Hətta “Oskar” mükafatlı boşnak rejissor Danis Tanoviçin çəkdiyi “Belvedere” filmi bir neçə il bundan əvvəl “Oskar” mükafatına namizəd olaraq irəli sürülüb. Təbii, o zaman ilk fikrimdən keçən şey “Xocalı haqqında film nə zaman çəkiləcək?”- oldu…
Dəfələrlə dediyim və yazdığım bir fikrin üzərində yenə inadla dayanıram – Xocalı faciəsini dünyaya tanıtmağın ən təsirli yolu uğurlu bir filmdir. Axı bu gün bizə hava-su kimi lazım olan belə bir filmin yaranmasına mane olan səbəb nədir? Nədən Azərbaycan belə bir uğurlu layihə ilə dünyaya çıxıb həqiqətlərini milyonlara çatdırmasın ki? Xocalı faciəsindən uzun bir zaman keçir. Biz isə yerimizdə saya-saya durmuşuq. O gündən bu günə məlum mövzuda nə sanballı bir əsər yazılıb, nə də geniş seyrçi üzünə çıxarılacaq bir film çəkilib. Əksinə, o zamandan bəri aramızda erməni simpatizanları belə peyda olub…
Bu günlərdə oxudum ki, boşnak yazıçı, Bosniya-Hersoqovinanın himninin sözlərini yazan Cemaleddin Latiç “Srebrenitsa cehennemi” oratoriyasının səsləndirilməsi üçün Ankaraya gəlib. Ölkənin milli şairi sayılan Latiç bu oratoriyanın söz yazarıdır. O, bu əsəri yazmaqda əsas məqsədinin soyqırımı dünyaya daha dərindən duydurmaq olduğunu bildirib. Bu səfərdə serblərin boşnaklara qarşı törətdikləri qətliamla bağlı bir filmin də ssenarisini yazdığını qeyd edən Latiç “biz öz ”Şindlerin siyahısı” filmimizi çəkəcəyik”,- deyib.
Zamanında qərbin bu dəhşətli soyqırıma göz yumduğunu bildirən yazar filmin çəkilişində Türkiyədən dəstək gözlədiklərini də söyləyib. “Filmin ssenarisini dünən başbakan Ərdoğana göndərdim. Təbii ki, türk qardaşlarımızla birlikdə bizim ”Şindlerin siyahısı”nı çəkmək istəyirik… “Böyük Serbiya” xəyalına qarşı mücadiləmizə davam etmək zorundayıq. Bu ssenarinin indiki ilk versiyası əsasında Türk ssenarist və rejissorları ilə əməkdaşlığa gələ bilsək, bizim öz “Şindlerin siyahısı”nı çəkəcəyik”- deyə Latiç bildirib.
Boşnaklar dedikləri filmi mütləq çəkəcəklər. Çünki bunda qətiyyətli və istəklidirlər. Onların bundan əvvəlki filmlərinin yüksək keyfiyyəti deməyə əsas verir ki, daha yaxşısını da çəkmək gücündədirlər.
Bəli, millət böyük işlərin arxasında… Sayca bizim yarımız qədər olan və dünyanın dörd yanına pərən-pərən dağılan bu xalq sözü, sənəti, siyasəti ilə ona qarşı edilən tarixi ədalətsizliyin “qisası”nı almaq istəyir. Bu, nə öz faciəsinə ağlayıb-sızlamaq, nə də nəsillərin zehnində nifrət toxumları cücərtmək demək deyil. Bu, haqsızlığa və qəddarlığa qarşı bir üsyandır. Biz də bunu çoxdan etməliydik. Təəssüf ki, nə o əsərləri yazmağa, nə o filmləri çəkməyə, nə də bizə bir köynək daha yaxın olan qardaş Türkiyədən dəstək almağa həvəsimiz görünür. Illərdir daş kimi yerimizdə düşüb qalmışıq. Ermənilər isə indi bizi dünyaya vəhşi millət kimi təqdim edən “böyük yazıçımız” Əkrəm Əylislinin “Daş yuxular”ı əsasında film çəkəcəklərini bəyan edirlər. Doğrudur, biz kimsənin bostanına daş atan millət deyilik. Nə yazıq ki, atanda da doğru hədəf almırıq və o daş dolanıb gəlib öz başımıza düşür…

Boşnaklar “Şindlerin siyahısı”nı çəkəcəklər, bəs biz?..
•