“Hə”izm tipli rejimlərdə dövlət məmurlarını iki aqibət gözləyir. Biri budur ki, məmurlar bütün iyrəncliklərə qol qoyur, can-başla rejimin iyrənc vintciyindən birinə çevrilir, bütün mənliyini, vicdanını qara kağıza büküb qaranlıq bir yerə qoyur ki, üstünə gün belə düşməsin. Birdən cücərib-eləyər. Əvəzində nə qazanır?
Əvəzində lüks həyat – qəsrlər, sonsuz sayda mal-mülk, var-dövlət. Kəsəsi sıravi bir azərbaycanlının yuxusunda belə görə bilməyəcəyi həyat.
Ancaq gün yetişir, əyri yollarla qazanılan bu dövlət adamın burnundan piltə-piltə gəlir. Çünki oğurluqla fahişəliyin gizlədilmə sürəsi var, doldumu, üstü açılacaq. Ola bilməz ki, bütün fəaliyyətin boyu rejimin çirkab işlərinə bulaşasan və bunlardan heç olmasa biri üzə çıxmasın. Nəyinsə üstü açılır, ya məsələn, dövlət başçısı el gözünə də olsa bunlara təpinir, asacam, kəsəcəm, deyir. Niyə öz çirkin əməllərinizi yaxşı ört-basdır edə bilməyibsiz?,- deyə həbs edəcəm deyir və heç nə olmayacaqdısa belə, bu adamlar qorxudan özlərini batırırlar, kimi infarkt olur, kimi insult və s. 37-də olduğu kimi. Yəni bu tip həyatın bu tip də bir sonluğu olur. Ölüm və ya diri ölüm.
Elşad Abdullayevin videoları neçələrini bu kökə saldı və hələ neçələrini də o dünyalıq edəcək. Atalar yaxşı deyib: dinsizin öhdəsindən imansız gələr. Abdullayev bunların videosunu çıxarır üzə, bunlar da qayıdıb deyir ki, o özü cinayətkardı. Şantajdı-filan. Görün heç dəxli var? A balam, o cinayətkardısa, onun yanında nə işin vardı? Yoxsa bilmirdin o vaxt? Ola bilməz. Bir nəfərdən bir milyon istəyirsənsə, o da verməyə razılaşırsa, demək, artıq ikiniz də cinayətkarsız. Heç burcutmayın. Ancaq deyək ki, bilmirdiniz. O da qatı cinayətkarmış. Ama sizin o videoyazılarda dediyiniz sözlərin, faktların, çəkdiyiniz adların onun cinayətkar olmasına nə dəxli var ki? Bir də ki, onun cinayətkarlıq dərəcəsi artdıqca sizin məsuliyyətiniz də bir o qədər artır, bilmirsinizmi?
Ikinci tip dövlət məmuru rejimin iyrəncliklərinə vasitəçi olmaqdan qaçanlardı. Onları yaxşı halda tutduğu vəzifədən kənarlaşdırmaq, ən bəd ehtimalda isə canına müəyyən fiziki xətər yetirməkdi. Demək iyrənc rejimdi də. Hər iki halı acıdı.
Məni maraqlandıran budur: bu adamlar görəsən görmürmü ki, bu iyrənclik insanı hara aparır, onun aqibəti necə ola bilər? Niyə bu insanlar seçim edərkən iki acı sonluqdan ən şərəfsizini seçirlər, anlamıram. Bir var rüsvay olub ölürsən, bir də var ölürsən, heç olmasa “kişi kimi öldü” deyirlər. Millət də sənin kimilərin sayəsində axır bir ağ günə çıxır, canı cindən-şeytandan qurtulur.
Dövlət başçısının məlum müşavirəsindən dərhal sonra Gəncə icra başçısının keçirdiyi həyəcandan xəstəxanalıq olduğunu yazmışdılar. Sonra bir məmur oğlunun hamilə olan bir tibb bacısını ölümcül döyməsi nəticəsində uşağının düşdüyü xəbəri yayılmışdı. “Tibb bacısını döyən gəncin hansı məmurun oğlu olduğuna gəlincə isə, xatırladaq ki, insident baş verən gün, yəni fevralın 12-də xəstəxanaya Gəncə ŞIH-nin başçısı Elmar Vəliyevin gətirildiyinə dair məlumat yayılmışdı. Əvvəlcə məlumat təkzib edilsə də, sonradan xəstəxananın stasionar şöbəsindən 1960-cı il təvəllüdlü Elmar Rüstəm oğlu Vəliyevin klinikaya gətirildiyi təsdiqlənmişdi” (aznews.az). Indi də APA xəbər verir ki, Elşadın son videosunda görüntüsü yayılan Rüstəm Ildırımzadənin qardaşı Yusif Ildırımzadənin səhhəti pisləşib, xaricə müalicəyə aparılıb. Vaxtında deyirsən, baxın, Avropadan nümunə götürün, Avropanı söyürlər, ancaq ayaqlarına tikan batan kimi “hə”izmin şikəst etdiyi canlarını götürüb ildırım sürətilə Avropaya qaçırlar. Qardaş, elə əvvəldən Avropa yolunu tutun ki, başınıza belə iş gəlməsin də. Vallah, inanın ki, bunu vətən-filan üçün demirik, öz canınıza yazığınız gəlsin.

Avropadan qaçanların Avropaya qaçması
•
•