Sumqayıtda corab, Bakıda dilənçi söhbəti

Bu gün blogger Elçin Həsənovun paylaşdığı iki maraqlı xəbəri oxudum. Xəbərin birində deyilir ki, Elçin bəy “20 Yanvar” metrostansiyası tərəfdə dilənçilik edən, sədəqə verməyənləri söyüb qarğışa bələyən qaraçı dilənçilərin şəklini çəkmək istəyib, dilənçilərin havadarları tökülüşüb bloggerin üstünə. Sonra da post-patrul xidmətinin əməkdaşları özlərini hadisə yerinə yetirib, dilənçilərin hüquqlarını müdafiə etmək üçün Elçin bəyi (polis dilində desək, saxlayaraq) şöbəyə aparıblar, sorğu-sual eləyiblər, vətəndaşların hüququnu pozduğuna görə onu yaxşıca danlayıblar.
Əlbəttə, o qaraçılar da vətəndaşdı, onların da hüququ var. Ancaq onların hüququnu pozan bir jurnalist və ya bloqçu deyil, dövlətdi, daha doğrusu hakimiyyət. Hər hansı bir insan dilənirsə, deməli, artıq hüququ pozulub. Pozulmasa niyə dilənirdi ki…
Demək, onları işlə təmin etməli olan dövlət borcundan çıxmayıb, vətəndaşı işsiz qalıb, kiməsə əl açmağa məcbur olub, sonra bunu görən işbazlar onları bir araya gətirib, bir növ dilənçi şirkəti qurub və onları yasaq işə sövq edib, diləndiklərinin çoxunu əlindən alır, bundan əlavə bir sürü uşağı, körpəni iyrənc yola salıb, əməyini mənimsəyir. Dövlət buna fikir verməlidi. Yox, dövlət üçün vətəndaşın hüququ, ələlxüsus da istirahət hüququ belə çox qiymətlidisə, onda nədən onları yığışdırmır, hansısa işlə təmin etmir, “əməklərini” mənimsəyənləri cəzalandırmır?
Icazəsiz aksiyada iştirak edərək vətəndaşların istirahət hüququnu pozduğuna görə sədəqə yox, azadlıq, demokratiya istədiyinə görə gəncləri həbs edənlər nə əcəb dilənçilərlə belə təmkinli davranırlar? Belə çıxır, dilənçi bir vətəndaş kimi daha cəlbedicidi, nəinki haçansa əldə ediləcək azadlıq. Çünki dilənçilikdən polisə nəsə qalır, üç-beş quruş da olsa çax-çux eləyirlər, ancaq tələb olunan o azadlıq polisin cibinə girmir. Necə deyərlər, soğan olsun, nağd olsun. Yəni Azərbaycan polisinin gözü çox uzağa yox, burnunun ucuna fokuslanıb.
Ola bilsin, burda bir peşə doğmalığı da var. Hakimiyyət də təxminən sədəqə toplamaqla məşğuldu. Əgər mitinqə çıxan gəncləri həbs edib cərimələyəndən sonra, məsələn, Əbülfəz Qurbanlı kimi kasıb bir gəncin rayonda yaşayan ata evinə soxulub onun xalçasını, televizorunu mənimsəyirsə, buna nə ad vermək olar? Bundan sonra düşünürsən, nədən polis Elçin Hüseynovu yox, dilənçini danlamalıdı ki?
Azərbaycanda vətəndaş hüquqları ilə bağlı iki mənbə var. Biri Konstitusiyadı, dövlətdi, vətəndaşına dünyada qəbul edilmiş hər bir hüququ verir, biri də hakimiyyətdi ki, konstitusiyada yazılanlara qarşı hərəkət eləyir. Faktiki olaraq bu ölkədə konstitusiyaya qarşı hakimiyyət çevrilişi baş verib, bir partiya dövlətin əl-qolunu, ağzını bağlayıb atıb bir küncə, ondan sadəcə bir müqəvva kimi istifadə edir ki, qurd-quşu qorxutsun.
Bloggerin ikinci xəbəri də elə bu dediklərimizi təsdiqləyir. AXCP-nin Sumqayıt Gənclər şöbəsinin üzvü Elşən Ağayevi tutub polis şöbəsinə aparıblar, sonra da 80 manat cərimələyiblər. Sən demə, o, bazarda corab satmaqla vətəndaşların alver hüququnu pozurmuş, özü də müştərini ucadan səsləyirmiş. Görünür, hakimiyyətin istədiyi budur ki, heç kim gün-güzəranını halal yolla çıxarmasın. Getsin qaraçıfason dilənsin, hamıya əl açsın, alqış desin, qarğış desin, ancaq azadlıq deməsin. Azadlıq deyənlərə hətta corab satmaq belə olmaz. Gərək hamı dilənə ki, bunlar da özlərini xeyirxah insan zənn edələr. Ya Azərbaycan xalqının da hansısa bir Avropa muzeyi qədər dəyəri olmalıdı ki, ona da minnətsiz maya qoyalar, ya da dilənçi kimi əl açmalı, alçalmalıdı ki, bu möhtərəm hakimiyyət tayfası özlərini böyük görə bilsinlər. Əyil, millət, əyil, ağalar özlərini böyük görmək istəyir…