guler ahmedova

Gülər Əhmədovanın evində axtarış aparılıb

guler ahmedovaOnun səhhətinin pisləşdiyi, həkimlərin ondan izahat almağa icazə vermədiyi deyilir

Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili Eldar Qədimi müdafiə etdiyi şəxs barəsində son günlər mətbuatda yayılan məlumatlara münasibət bildirib. E. Qədimi APA-ya açıqlamasında deyib ki, G. Əhmədova saxlanılan andan bu günə kimi özünü təqsirli bilmir: “Istintaq tərəfindən bir neçə dəfə Gülər Əhmədovaya özünü təqsirli bilib-bilməməsi barədə sual verilib. O da bildirib ki, özünü təqsirli saymır”.
E. Qədimi G.Əhmədovanın barəsində həbs-qətimkan tədbirinin seçilməsinin əsassız olduğunu da bildirib: “Bundan əvvəl onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmişdi. Onun heç bir şərtini Gülər xanım pozmamışdı. Lakin sonradan onun barəsində həbs-qətimkan tədbiri seçildi. Bakı Apelyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxladı. Lakin buna əsas yox idi. Istintaq tərəfi Gülər Əhmədovaya Cinayət Məcəlləsinin 307-ci (cinayət barədə xəbər verməmə) maddəsi ilə ittiham irəli sürüb. Guya Gülər Əhmədova Sevinc Babayevanı gizlədib, istintaqa xəbər verməli idi ki, Sevinc Babayeva haradadır. Lakin bütün bunlar nağıldır. Cinayət işi təzələnənə kimi Sevinc Babayeva artıq Türkiyədə idi. Lakin istintaq bunu əsas tutaraq ona 307-ci maddə üzrə ittiham verib və həbs-qətimkan tədbiri seçib” .
E. Qədimi G.Əhmədovanın səhhətində problemlərin olduğunu da bildirib: “Onun qanında şəkər var. Ürəyində ağrılar olur. Beyinin bəzi hissələrində quruma gedir. Hazırda istintaq təcridxanasının tibbi sanitar hissəsində saxlanılır. Ona yemək aparanda həyat yoldaşından xahiş edib ki, qəzet gətirin. O, mənə də deyib ki, mətbuatda yazılanları izləmək üçün qəzet istəyir. Onun bizdən başqa kimdənsə qəzet istəməsindən isə xəbərsizəm”.
Vəkil G. Əhmədovanın əmlakına həbs qoyulması barədə mətbuatda yer alan fikirlərə də münasibət bildirib: “Istintaq orqanı tərəfindən Gülər xanımın evində axtarış aparılıb, lakin hər hansı bir maddi sübut aşkarlanmayıb. Lakin onun əmlakına həbs qoyulması barədə yazılan məlumatlar yalandır. Elə bir şey yoxdur. Onu da qeyd edim ki, Gülər Əhmədovanın əmlaklarının olması barədə bəzi mətbuatda yazılan siyahı da yalandır. Gülər Əhmədovanın bir mənzili, bir bağı var. Evi ona sabiq prezident Heydər Əliyev verib. Deputat olmamışdan əvvəl isə bağı alıb. Deputatlıq dövründə o heç bir əmlak almayıb”.
E. Qədimi fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru olmuş Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı yaydığı video materialların Azərbaycanda ekspertizadan keçirildiyini, lakin istintaq sirri olduğu üçün həmin məlumatların mətbuata açıqlanmasının düzgün olmadığını da bildirib .
Bu arada “aznews.az” saytı məlumat yayıb ki, dünən G.Əhmədovanın səhhəti qəfil pisləşib. Saat 14.30 radələrində halı pisləşən sabiq deputat xəstəxanaya qaldırılıb və həkimlər müstəntiqə ondan izahat almağa icazə verməyiblər.
G.Əhmədovanın rəfiqəsi, Türkiyədə müəmmalı şəkildə dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov növbəti dəfə prokurorluqda dindirilib. Bu barədə APA-ya A. Məmmədov özü məlumat verib. Onun sözlərinə görə, iki gün əvvəl Bakı Şəhər Prokurorluğuna çağırılıb, növbəti dəfə izahatı alınıb: “Əvvəl nə danışmışdımsa, bu dəfə də istintaqa eyni şeyləri danışdım”.
A.Məmmədov anasının ölümü ilə bağlı təyin olunmuş ekspertizanın nəticələrinin yaxın günlərdə açıqlanacağını da qeyd edib.
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov isə G.Əhmədovanın səhhtilə bağlı deyilənləri “Azadlıq”a şərh edib. Ekspert xüsusilə vəkil Eldar Qədiminin sabiq deputatın beynində quruma getməsi barədə fikirlərinə diqqət çəkib. O bildirib ki, “beynində quruma gedir” anlayışı olduqca savadsız anlayışdır: “Cəmiyyətə açıqlanan belə informasiya tibb mütəxəssisləriylə anlaşandan sonra açıqlanmalıdır. Yaşlı adamlarda adətən belə bir problem yaşanır. Yəni insan beyninin atrofiyaya uğraması prosesi 65-70 yaşından sonra inkişaf etməyə başlayır. Doğrudur, insanın ağır bir xəstəliyi olarsa, onda belə bir proses gedə bilər. Lakin bu kimi diaqnoz qoyulan şəxs top kimi adamın üzünə baxdığı halda, onun beynində belə proses gedə bilməz. Daha məntiqli xəstəlik düşünülsə, yaxşı olar. Misal üçün, ürəyin ağrıması,  əsəbi gərginlik keçirməsi nəticəsində koronar damarlarda hansısa dəyişkənlik ola bilər. Bu, anlaşılandır. Lakin beyinin quruması çox savadsız bir anlayışdır”.