Nəqliyyat nazirinin Dərbənddəki obyektləri sökülür
Dərbənddə Ziya Məmmədova məxsus olduğu deyilən iki otel, bir istirahət mərkəzi və daha bir neçə obyekt söküləcək. Bu barədə Dərbənddə yaşayan həmyerlimiz Elman Həsənəliyev bildirib. Onun dediyinə görə, sökülən və obyektlər arasında şəhərin Rıbzavod, küçəsi 54 ünvanında yerləşən “Qostinıy dvor”, Krasnaya Zarya küçəsi 13-də yerləşən “Freqat” otelləri var. Bundan başqa Xəzərin sahilində yerləşən “Çayka” istirahət mərkəzinin satınalmasında baş verən qanunsuzluqlarla əlaqədar onun fəaliyyəti dayandırılır.
Mənbənin dediyinə görə, Dərbəndin Qamzatov küçəsində və köhnə bazar deyilən ərazidə yerləşən iki restoran da arxitektura qaydalarına uyğun gəlmədiyi üçün söküləcək. Adı gedən ünvanlardakı restoranların təhsil nazirliyində yüksək vəzifədə çalışan məmura aid olduğu deyilir. Otel və istirahət mərkəzlərini isə Ziya Məmmədovun hələ 8-9 il bundan qabaq aldığı bildirilir.
Onu da qeyd edək ki, dünən Dağıstan prezidentinin səlahiyyətlərini icra edən Ramazan Abdulatipov Dərbənddə olub.
Məlumata görə, Dərbəndi gəzən Ramazan Abdulatipov şəhərin sel basan hissəsinin hələ də dağıntı və palçıqdan təmizlənməməsinə əsəbiləşib.
Ramazan Abdulatipov şəhər sakinləri qarşısında Dərbənd şəhərinin meri Imam Yarəliyevi danlayıb. Eləcə də Dərbənd rayon Administrasiyasının başçısı Qurban Qurbanovu sərt tənqid edib.