Oxucuların müəyyən gözləntisi olduğunu bilirəm. Yəqin çoxları qələmi dubinkadan olan Azər Ayxan müəllimin timsalında “Yeni Müsavat” rəhbərlərinin barəmdə yazdıqlarına münasibət gözləyirlər. Dəyərli həmvətənlər, mən həmin qəzetdə polis nazirinə niyə bəy tərifi verilməsini, hakimiyyətin xeyrinə aparılan hiyləgər informasiya texnologiyasını, özümə qarşı yalançı “ermənisevər” damğasını, saxta vətənpərvərlik hay-küyünü sorğulayan yazı ilə çıxış edəndə bilirdim ki, haqqımda hər cür böhtanlar yazacaqlar. Illərin “ustalığına” sahibdirlər. Əllərində də tribuna var. Hələ işlədiyim qəzetə də əlləri çatır. Ilham Əliyevin qabağında susub mənə hündürdən danışmaqlarını, həm də təlaşlarını anlayıram. Heç bir problem və narahatlıq yoxdur.
Mən son nəticədən çox məmnun oldum. Çox şeylər aydınlaşdı. Geniş reaksiyalardan bəlli oldu ki, yazdıqlarıma bir sosial sifariş varmış. Çoxlarının pıça-pıçla danışdıqlarını yazmaq lazımmış. Maraqlı bir məqam da aydınlaşdı. Mən həmişə düşünürdüm ki, hansısa nazirə tərif yazsam, görəsən müxalifət liderləri mənə salam verərmi. Həm də ilin-günün bu vaxtında. Amma mən də gördüm, cəmiyyət də gördü ki, salam da verirlər, hətta biri müttəfiq olur, o biri yanaşı oturub “atəşkəs” razılaşması qurur…
Odur ki, belə yazılar, belə situasiyalar çox şeyləri anlamağı asanlaşdırır, aydınlıqdan və asanlıqdan əziyyət çəkən toplumumuza fayda verir. Artıq ənənəvi mövzularımızı davam etdirək.
Rusiya işə keçməmiş…
Əliyevlər hakimiyyəti son 20 ildə bizə hər cür çətinliklər yaşatdı. Əgər desək ki, müstəqilliyin sevincini xalqın burnundan gətirdilər, yanılmarıq. Yadlara hörmət etdilər, bizə yox. Elə bil, bu ölkənin, bu xalqın qəsdinə durdular. Yenə də deyəcəyəm bu fikri: mən əminəm ki, bu hakimiyyəti təmsil edənlər haradasa bir qarışqanı təsadüfən əl və ayağı ilə əzəndə, az da olsa peşmançılıq keçirirdilər, amma bu ölkənin insanını əzəndə uf demirdilər. Onların əməllərini sadalamağa, sübut etməyə ehtiyac yoxdur. Sübut odur ki, əl-ayağı tutan bu zəngin ölkədən qaçdı.
Bunlar isə hələ də getdikləri yoldan dönmürlər. Hələ də elə bilirlər ki, məmurların uşaqlarına qudurğan deyəndə xalqın vəziyyəti yaxşılaşacaq. Yaxud “Asan” adlı xidmət yaradanda vəziyyətimiz asanlaşacaq, çətinliklər arxada qalacaq.
Bir ara deyirdilər ki, Iran bizim dövlətçiliyimizi yıxmaq istəyir, oradan ölkəmizə təhlükə var. Indi deyirlər, Rusiya burada ssenarilər qurur, bu hakimiyyəti yıxmaq istəyir və rusbaşlıları hakimiyyətə gətirəcək (guya Ruşaylo ilə seçki keçirənlər bunlar deyildi).
Ciddi şəkildə qorxuya düşüblər ki, Rusiya bu hakimiyyətin sonuna çıxa bilər. Bu və başqa yollarla, onun-bunun dili ilə hamını bu təhlükəni anlamağa çağırırlar. Fəqət elə bu çağırış da növbəti hiyləyə çevrilir…
Öz yanlış və ədalətsizlik siyasəti ilə Azərbaycanı Iranın vətəndaşlarımızı ələ almaq poliqonuna çevirən, haqsızlıqları ilə adamları Iranın təsir və tələsinə itələyən bu hakimiyyət, eyni bəxşişi Rusiyaya edib illərdir. Indi isə bildikləri dərdə düşüblər. Qorxu düşüb canlarına ki, Rusiya bunları yıxır…
Tutaq ki, belədir. Bəs siz nə düşünürsünüz? Məgər siz əbədi olmalısınız? Siz axı bu hakimiyyəti xalqa qaytarmalısınız. Sizin mənəvi haqqınız qalmayıb axı. Onsuz da qaytarmalı idiniz. Onda Rusiya sizi yıxmamış qaytarın onu xalqa. Rusiya həm də ona görə üstünüzə bərk gəlir ki, bilir arxanızda xalq durmur.
Yenə də cəmiyyətdə hiylə qurub, oyunlar yaradıb, yeni dəstəkçilər düzəldib, bu vəziyyətdən çıxmağa çalışmaqdansa, doğru olanı edin. Verin xalqın hakimiyyətini xalqa, heç Rusiya da sizi yıxmağa fürsət tapmasın. Bizə də “Asan” xidməti bu olsun, elə sizə də.