Bu günlərdə Sankt-Peterburq şəhərində yaşayan həmvətənlərimiz arasında baş vermiş kütləvi dava iştirakçılarının həm də eyni kənddən olduqları üzə çıxdı. Bəri başdan deyim ki, artıq buna adi hal kimi (!) baxmaq lazımdır, səbəbi isə çox sadədir.
…Rusiyaya son səfərim zamanı Moskva vilayətində təxminən 300-ə yaxın piştaxtası olan bir bazarda oldum. Bu adi bir rayon mərkəzinin iki-üç bazarından biri idi. Yəqin ki, yazını bura qədər oxuyan hər kəs bundan sonrakı cümlənin belə olacağını düşünür: “oradakı bütün satıcılar azərbaycanlı idi”. Bəri başdan deyim ki, oxucu bu dəfə yanılır, çünki bu, hər kəsin bildiyi bir həqiqətdir və təxminən 10-15 ildir ki, bu heç kimi təəccübləndirmir.
Məsələ burasındadır ki, alver edən 300 nəfərin hamısı Ucarın bir-birinə bitişik iki kəndinin sakinləri idi. Satıcılar arasında ali təhsili olan müxtəlif peşə sahibləri – müəllim, aqronom, jurnalist, hətta filologiya elmlər namizədi var idi. Onların biri ilə söhbət etdim, mənə ucarlıların Rusiyadakı coğrafiyasını(!) anlatdı. Məlum oldu ki, başda Moskva və Yaroslavl vilayətləri olmaqla, bu rayonun hər bir kəndinin ağırlıq təşkil etdiyi vilayət var. Əlavə etdi ki, hazırda bu, bütün rayonlar üçün keçərlidir. Ona görə də hazırda Rusiyada ədavətlərin əsasən eyni kənddən və rayondan olan soydaşlar arasında getməsi sizə əsla təəccüblü gəlməsin.
Artıq son statistik məlumatlara görə, 2,5 milyondan çox vətəndaşımız bu ölkəyə köç edib…
70-80-ci illərdə Rusiyaya gedən soydaşımız, qarşısına təhsil və karyera qurmaq vəzifəsi qoyurdu. Onlar ölkədə yenicə ayaq tutub yeriməyə başlayan yerlibazlıq və rüşvətxorluqdan baş götürüb gedirdilər. Çoxları hərbi xidmət etdiyi, yaxşı tanıdığı vilayətlərə üz tuturdu və çox asanlıqla burada məskən salırdı. Bir haşiyə çıxmaq istəyirəm, 1989-cu ildə təsadüfən aeroportda tanış olduğum soydaşlarımız məni yaşadıqları Litvanın Utena şəhərinə qonaq çağırdılar. Bir gün ərzində onların buradakı əhali ilə münasibətini gördükcə, mənə elə gəlirdi ki, sanki doğma bir şəhərdəyəm. Qeyd edim ki, onlar da Ucar rayonundan idi…
…Hazırda vəziyyət tamam başqadır, Azərbaycanda yaşam şərtləri ağırlaşdıqca insanlar kortəbii olaraq, tanıdığı insanların yaşadıqları ünvanlara üz tutur. Bunu artıq köç kimi qiymətləndirmək mümkün deyil, bu artıq qaçışdır. Insanlar əllərinə düşən ilk fürsətdə ölkədən gedir, hər şeyə yenidən başlamağa cəhd edir…
…90-cı illərin ortalarında Istanbulun tez-tez keçdiyim Veznəçilər səmtində ara-sıra fəhlə gecəqondularına rast gəlirdim. Kifayət qədər böyük olan bu baraklarda… Banqladeşdən gələn işçilər yaşayırdı. Əsasən kimya sənayesində qaçaq muzdlu kimi çalışan, 30-40 kişilik sığınacaqlarda yaşayan bu qəriblərin tək bir arzusu var idi – Avropaya, əsasən də Ingiltərəyə gedib çıxmaq üçün lazım olan vəsaiti toplamaq… Mükəmməl türkcələrindən bəlli olurdu ki, bu miqdarı toplamaq üçün onlara bəzən illər belə yetmir. Etiraf edim ki, vətənindən biryolluq ayrılan bu kamikadze-insanların surətini tez-tez xatırlayırdım, mənə elə gəlirdi ki, onları yaddan çıxara bilməyəcəm…
Lakin illər sonra, mən oxşar baraklara Rusiyanın Həştərxan şəhərində rast gəldim. Sakinlər bu dəfə soydaşlarım idi… Onların da bir məqsədləri vardı, – pul qazanıb bu bataqlıqdan çıxmaq! Arzular isə müxtəlif idi, ailələrini yanlarına gətirmək, toy edib, ailə qurmaq və s.
Halbuki, onlara öncə bu xəstəlik mənbəyi barakdan çıxmaq lazım idi. Çox fəlakətli ruscaları olan bu gəncləri müşahidə etməyin özü bir əzab idi desəm, yəqin ki, yanılmaram.
Gənclərin hara gedəcəklərini bilə-bilə(!), həmin ölkənin dilini tədrisdən yığışdırmağa isə, sadəcə ad verə bilmirəm…
Bu yaxınlarda telekanallardakı evlilik proqramlarının qadağan edilməsi heç də mentalitetlə bağlı deyildi. Sirr kimi saxlanılan demoqrafik fəlakətlər ekrana yol tapa bilmişdi.
Belə ki, boşanmış qadınlar keçmiş ərlərinin Rusiyada olduğunu bildirir, işsiz və evsiz gənclər isə, yaşından asılı olmayaraq, evi olan qız axtarırdılar…
Nədən insanlarımız ölkəni sürətlə tərk edir, xoşbəxtliyi yad ellərdə axtarır? Cavab birmənalı olsa da, onları doğuran sosial-psixoloji səbəblər müxtəlifdir. Gələn yazımızda elə bu haqda danışacağıq…
1 milyon məcburi, 3 milyon könüllü köçkünü olan Azərbaycan
•