Prezident hökumətin yığıncağını keçirir, avtomobillərin şüşələrinə yapışdırılan plyonkaları sökdürməkdən danışır. Hansı ölkədə? Indiki Azərbaycanda. Özü də bu, birinci belə çıxış deyil. Yada el sözü düşür: düzəlib hər yarağımız, qalıb saqqal darağımız. Ölkə bir-birindən ağır, bir-birindən böyük problem içində itib-batıb, prezident şüşələrə yapışdırılan plyonkalardan danışır, Don Kixot yel dəyirmanları ilə savaşa çıxan kimi plyonkalarla savaşa çıxır. Sonra da… uduzur.
Bir neçə il qabaq da belə bir çıxış olmuşdu. Yol polisləri hər yerdə plyonkaları soymağa girişmişdilər. Kampaniya. Bir ara başladı, bitdi. I.Əliyevin bütün çıxışları, qərarları beləcə kampaniya xarakterlidir. Başqa cür desək, baş qatmaq, “prezident var”, “prezident işləyir” görüntüsü yaratmaqla xalqı aldatmaq üçündür. Plyonka pisdir? Olsun. Ancaq bunu hökumət yığıncağına çıxarmaq, plyonkadan şou düzəltmək nəyə gərək? Prezidentsən, istəmirsən, DIN başçısına göstəriş ver, plyonkalar sökülsün.
Bir neçə il qabaq I.Əliyevin belə bir çıxışı olmuşdu: “Bakıda yaşıllıqlar qırılır, yox edilir, kim bir ağac kəsib yerində nəsə tiksə, o tikilini buldozerə verdirəcəm”. Sonra nə oldu? Ağac qırğını bir az da artdı. Başqa yerlər bir yana, o qorxunc BULDOZER çıxışından sonra 20 Yanvar metrosu ilə Respublika xəstəxanasının arsındakı böyük yaşıllıq, çoxillik şam ağacları vəhşicəsinə qırıldı, yerində çay evi, restoran, başqa-başqa obyektlər tikildi. Elə o obyektlərdə işləyənlərdən birinin dediyinə görə, oralardakı başlıca obyektlərin, aparılan geniş qırğın-tikinti işlərinin bir başlıca yiyəsi var: Yasamalın icra başçısı! Başqa cür ola da bilməz: prezident adlanan kimsənin o qorxunc BULDOZER çıxışından sonra ayrı kim, hansı ürək yiyəsi Bakının ortasında o boyda yaşıllığı gözgörəti qırıb yox eləyə bilərdi?! Beləcə, böyük problemlərdən qaçan prezident özünü işləyən kimi göstərmək üçün xalqın hər yerdə gözünə girən, xalqı addımbaşı qıcıqlandırıb acıqlandıran xırda-xuruş işlərə girişir, sonra da özü öz bacarıqsızlığını, sözünün hər yerdə keçərsiz olduğunu sərgiləmiş olur. DIN başçısının, Hacıbala Abutalıbovun görəcəyi işi öz boynuna götürür, sonra da… yarıtmır. Bu sayaq yarıtmaz görsənişlərin sonucu olaraq indi bunu hər yerdə eşitmək olar: “Belə də prezident olar?!”.
“Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq, insanlara xidmət”, – I.Əliyev deyir. Deyir, biz də inanırıq. O: “Burada oturan bütün icra başçılarını mən təyin etmişəm, hamısını”, – deyir, buna da inanırıq, ancaq bu icra başçılarının bircəciyi də onun yuxarıda verdiyi göstərişlərin bircəciyini də yerinə yetirmirsə, onda necə olsun?! Bu necə prezidentlikdir belə?! Xalq demiş: belə də prezident olar?! Ölkədə demokratiyanın atasını yandırıb anasını ağlar qoymaqla avtoritar rejim yaradırsan, “bütün icra başçılarını” istədiyin rayona sən qoyursan, özü də onlara, dediyinə görə, bərk-bərk tapşırıq verirsən: xalq üçün çalışın! Onlarsa, ucdantutma özləri üçün çalışırlar, özü də gündən-günə bütün sınırları aşan QUDURĞANLIQLA! Niyə belə olur? Prezidentin “təyin etdiyi” başçılar nə üçün onu saymır?
Dövlət orqanları tökülüşüb Ismayıllıda Nizami Ələkbərovun öbyektlərini ha sayırlar, qurtara bilmirlər. Dövlət orqanları! Görəsən, bu orqanların yerli qurumları: polis, prokurorluq, MTN, vergi… uzun illər hara baxırmış? Bilmək istəyirsiz, bilin: bütün başqa rayonlarda, lap elə baş kəndin özündə olduğu kimi, ORA baxırmışlar! Ora – gəlir gələn, rüşvət olan yerlərə…

Prezidentin plyonka siyasəti
•