Ən qorxaq adam

Dünən Nəsimi rayonunun icra məmurları NIDA hərəkatının üzvü, Isa Qəmbərin oğlu Turqut Qəmbər barəsində çıxarılan cərimə qərarının icrasına başlamaq üçün onun ata evinə gəliblər. Yeddi nəfərlik heyətlə. Bildirilir ki, Isa bəy onlardan ikisini içəri buraxıb. Turqut bəy cərimə ilə bağlı məhkəmə qərarını ədalətsiz sayaraq ödəməkdən imtina edib. Ona görə də icraçılar onun valideynlərinə məxsus əşyaları müsadirə etməyə başlayıblar.
Məsələ ondadı ki, ev Turqut Qəmbərə yox, onun valideynlərinə məxsusdu və o, ümumiyyətlə, bu evdə qeydiyyatda deyil. Heç onu da demək fikrim yoxdu ki, gələn bu adamlar bir xoş sabah hansı pis duruma düşdüklərini bilmirlərmi? Yəni deyək ki, çərxi-fələk düzünə dövran eləməyə başladı və Isa Qəmbər, ya deyək ki, onun oğlu sabah iri bir vəzifə tutdular. Onda bu məmurlar nə deyəcəklər? Başlarına haranın külünü tökəcəklər? Səmimi deyirəm ki, bu məntiqlə düşünənlərdən deyiləm. Ancaq bunu onlara desən, dərhal cavab verəcəklər: “biz kimik ki? Əmr veriblər, icra eləyirik”. Bir dəfə rayonlardan birinin polis rəisi ilə bir yas məclisində təsadüfi söhbətimiz oldu, keçmişi qurdaladıq, bu gündən danışdıq. Ona vicdanla bağlı soru sordum. Dedi ki, qardaş, biz siyasətə qarışmırıq. Əmr quluyuq. Nə deyirlər, onu da eləyirik. Sabah Cəbhə hakimiyyətə gəlsə (onların leksikonunda müxalifətin ümumi adı Cəbhədi), nə əmr versə, onu da eyni şəkildə can-başla yerinə yetirəcəyik – biz dövlətçiliyi qoruyuruq(?). Ancaq doğrudanmı əmrin nə dərəcədə qanuni, haqlı, haqsız olması şərt deyil? Yəni barı dilucu da olsa rəislərə bunu demək olmazmı ki, axı bu, qanunsuz əmrdi. Ölkənin Ana yasası ilə daban-dabana ziddi. Aydındı, deyəni cəzalandıracaqlar. Bəs vicdan? O, gerçəkdənmi heç nəyə yaramır? Yaxşı, bu bədbəxtlər neynəsin? Bu gün əmrə qarşı gəlsə, bu günkülər cəzalandıracaq, əmri yerinə yetirsə sabah gələnlər bir növ bu qanunsuzluğun qisasını ondan alacaqlar. Çətin durum yaranır. Yəni odla su arasında qalırsan. Təbii ki, onlar yüzdən 99,9 faiz halda odun tərəfini saxlayır, qanunsuz əmrləri yerinə yetirirlər. Ancaq bunlardan heç biri olmamalı. Dövlət məmuru nə bu günkü rəislərinin hədəsini, nə sabahkıların qisasını düşünməlidi. Düşünəcək bir şey varsa, o da çox gərəksiz sayılan vicdandı.
Bir olmuş söhbəti sizə də yazmaqla fikrimi aydınladım. Yəni kimsə deməsin ki, vicdana çörək alıb balalarıma yedirdə bilmərəm və ya vicdanı hansısa dövlət məmuruna verib arayış almaq olmur. Bir restoran müdiri ilə həmsöhbət olduq. Adam çox maraqlı biridi. Sübh tezdən bir “Azadlıq” qəzeti alır, oxuyur. Sonra nahara yaxın bir də gözdən keçirir. Özü də müştəriləri ilə bu günkü durum haqda açıq danışır. Sözünü deyir. Təxminən “Azadlıq”da yazılanları. Deyir, əvvəl müştərilərə qəzetdəki bəzi yazı və köşələri verirəm oxusunlar, sonra “xalodnu” verirəm, ondan sonra yemək. Deyir, məndən soruşurlar ki, qorxmursan belə danışırsan? Deyirəm, qorxuram, hamıdan çox qorxuram, bütün yer üzündə özüm kimi qorxaq adam yoxdu. Ancaq bəs siz danışmamaqdan qorxmursunuzmu?..
Bu, dəhşət cavabdı. Bu gün hər bir Azərbaycan vətəndaşı bu sualı özünə verə bilsəydi, daha nə dərdimiz vardı…
Isa bəyin evini yağmalamağa gələnlər yaxşı bilir ki, Turqut o evə qeydiyyatda deyil. Orda olsa-olsa, onun 100-200 manatlıq pal-paltarı ola, ya olmaya. Ancaq gəlirlər. Çünki tapşırıq belədi. Guya hakimiyyətdəkilər öz aləmlərində Müsavat başqanını psikdirirlər, aşağılayırlar, ona heç kim olduğunu çatdırmaq istəyirlər. Qoy istəsinlər. Elə şeylər çox olub dünyada, heç bir xeyri də olmayıb. Ancaq bu gələn yeddi məmurdan bircəciyi qorxmayıbmı vicdanından? Deməyibmi ki, ay rəis, axı o gənc o evdə qeydiyyatda deyil və ümumiyyətlə, bu 2500 manatı nə dərd eləyibsiz özünüzə?
Məncə, sabah hakimiyyət yenilənəndə bu tip məmurlara haqsız əmrlər vermək lazımdı. Kim dinib-danışmadan icra elədi, işdən azad eləyirsən gedir. Belə-belə qandırırsan ki, ay zavallılar, padşah qanun deyil, qanun sənin vicdanındır, azadlığındır. Ondan qorx. Qorxanlarladır bizim işıqlı sabahımız.