Ölkədəki prosesləri təhlil edən alman qəzeti bu qənaətə gəlib
Beynəlxalq media Azərbaycana diqqəti azaltmır. Bu ilin əvvəlində əsgər ölümlərinə etirazlarla başlayan və ardınca Ismayıllı üsyanı ilə davam edən proseslər bu dəfə Almaniyanın “Suddeutsche Zeitung” qəzetində təhlil olunub. Alman jurnalist prosesləri şərh edərkən 2013-ün Azərbaycan üçün dəyişikliklər ili ola biləcəyini vurğulayıb.
Məqalə hazırlanarkən müəllif Azərbaycanda ictimai-siyasi fəallığıyla seçilən bir sıra gənclərlə söhbətləşib. Məsələn, gənc fəal Emin Milli açıqlamasında bildirib ki, o da 26 yanvarda Ismayıllıda hüquqları pozulanlara dəstək məqsədilə Bakıda keçirilən etiraz aksiyasında həbs olunanlardandır. Gənc fəalın sözlərinə görə, ölkəni bürümüş korrupsiya, məmur özbaşınalığı artıq vətəndaşların ayağa qalxmasına səbəb olub. Insanlar artıq bu cür yaşamaq istəmirlər.
Məqalədə Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı və hakimiyyəti ifşa edən videolara da toxunulub. Bu kontekstdə Azərbaycan parlamentində yerlərin satılmasından bəhs olunub.
Müəllif qeyd edir ki, Azərbaycanda dövlət başçısı Ilham Əliyev problemləri həll etmək əvəzinə, həmin problemləri dilə gətirənlərə, etiraz edənlərə qarşı repressiyaları gücləndirir.
“Nida” Gənclər Hərəkatının yaradıcılarından Zaur Qurbanlı alman jurnalistlə söhbətində deyib ki, ölkədə etirazçıların sayı günü-gündən artır, mübarizə əhval-ruhiyyəsi güclənir.
Azərbaycanda siyasi mühütin canlanmasının əsas səbəbi kimi, alman jurnalist internet imkanlarından istifadəni qeyd edir.
Gənc fəal Aygül Pəncəliyeva bildirib ki, xüsusən gənclər arasında işsizlik geniş yayılıb, korrupsiya və rüşvətxorluq ölkənin əsas bəlasına çevrilib.
Gənc hüquq müdafiəçisi Rəsul Cəfərov isə alman jurnalistlə söhbətində Qərbin Azərbaycandakı vəziyyətə yetərincə diqqət göstərməməsindən gileylənib. Bildirib ki, bu da fəalları narahat edən əsas məsələlərdən biridir. Bununla belə, onu da əlavə edib ki, Qərbin yanaşmasından asılı olmayaraq, onlar ölkədə demokratiya uğrunda mübarizəni davam etdirəcəklər.
Aytən