Misir Mərdanovun bostanına atılan… “reytinq”

Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurumun neçə gün öncə açıqladığı “2012-ci il üzrə ali məktəblərin reytinqi”ndəki top onluğa Bakı Ali Neft Məktəbinin liderlik etməsi beyinlərdə bir şou işarəti buraxdı – cəmi altı aydır fəaliyyət göstərən ali məktəb hansı keyfiyyətlərinə görə bu yerə layiq görüldü? Təhsil naziri Misir Mərdanovun keçmiş müavini olan, coğrafiya müəlliminin rektoru olduğu bu ali neft məktəbi hansı uğurlara imza atdı ki, birinci oldu? Maraqlıdır, deyilmi? Bəri başdan qeyd edək ki, artıq bu münaqişə şou-biznes elementləri ilə müşayiət olunmağa başlayıb. Bu dəfə həmin rakursdan hadisələrə yanaşmaq, fikrimcə maraqlı olardı…
Mən həmişə Təhsil Nazirliyini topa tutan (ədalətsiz demirəm – X.Ə.) yazılarla redaksiyamıza təşrif buyuran hörmətli ekspertlərə belə bir sual verirdim ki, Məleykə xanımın ölkə təhsilini düşdüyü bu bataqlıqdan çıxarmağa nail ola biləcəyinə əminsinizmi?
Cavabların hamısı birmənalı olurdu, onların hamısı Məleykə xanımın qərəzsiz bir insan olduğunu, onun tək arzusunun təhsilimizin səviyyəsinin yüksəltmək, təhsil naziri ilə münaqişənin kökündə də bunun dayandığını ərz edirdilər..
Onu da deyim ki, bu ekspertlərin hamısı çox savadlı və yüksək intellektual sahibləridir, gözlərindən heç nə yayınmır. Dərsliklərdəki ən xırda bir səhvi tapmaq, onun geniş izahını vermək asan məsələ deyil, bunun üçün yüksək elmi potensialın olmalıdır. Çünki orada olan səhvlərin çoxlarının gözündən yayınma ehtimalı böyükdür.
Müxalif mövqeli yazar kimi, etiraf edim ki, onları, gəlin açıq danışaq, Məleykə Abbaszadəni xilaskar kimi görənləri bəzən təxribata da çəkirəm. Məsələn, hərdən belə bir sualım da olur ki, yaxşı, qəbul imtahanları necə şəffaf keçir ki, ən bərkgedən (!) fakültə tələbələrinin əksəriyyəti dərsə 120 minlik maşınla gəlir, ya da onları bu cür maşınlarla aparıb-gətirirlər. Bəlkə hüquq fakültəsinə qəbul olanlara və yaxud da müalicə ixtisası üzrə təhsil alanların atalarına bu maşınları mükafat verirlər, xəbərimiz yoxdur?
Bu tip suallardan sonra, hər dəfə onların məharətlə mövzunu necə dəyişdirmək qabiliyyətlərinə heyran qaldığımı da etiraf etməliyəm. Dərhal siyasi ağırlıqlı mövzulara “keçid alınır” və həmsöhbətim Məleykə Abbaszadəni bizdən biri kimi, yəni müxalif bir libasda qələmə verir, deyir ki, bu vəziyyətdə elə ancaq bu qədər (?) mümkündür. Yəni sən Xaqani Əliyevi də aparaq qoyaq TQDK-ya sədr, başqa cür mümkün deyil, hətta BMW və CIP-li tələbələrin sayı artacaq, çünki bu tamam başqa məsələdir. Əlqərəz, bu bir təbiət hadisəsidir, qarşısıalınmazdır…
Eyni vəziyyət onlara TQDK-nın hazırladığı testlərdəki yanlışlıqlar haqda suallarım zamanı da yaranırdı (Yeri gəlmişkən, TQDK testləri və tariximizi tədris edən dərs vəsaitlərində bu mövzu üçün kifayət qədər material var və bu yaxınlarda subyektiv fikirlərimi oxuculara çatdırmağı düşünürəm).
Mən onların dərs vəsaitlərində tapdıqları qüsur və nöqsanların əhəmiyyətini əsla kiçiltmək istəmirəm. Lazımlı bir iş görürlər, lakin birtərəfli qaydada bunu etmək, təhsildəki ziddiyyətləri daha da qızışdırır və tələbə qəbulundan sonra universitetlərin həyətlərində bahalı maşınların çoxalmasına xidmət edir.
Əslində bu, dolayısıyla rejimə xidmət etməkdir, onun ömrünü uzatmaqdır. Çünki Əliyevlər rejiminin uzunömürlü olması üçün tələb olunan şərtlərin başında elm və təhsilin bərbad vəziyyətdə olması gəlir. 1969-cu ildən rüşvətə mərhaba deyən Azərbaycan təhsili hazırda elə bir vəziyyətdədir ki, bu yalnız Qarabağ münaqişəsi ilə müqayisə oluna bilər…
1994-cü ildə, o vaxt Milli Məclisin sədri işləyən Rəsul Quliyevin elm adamları, eləcə də ali məktəb müəllimləri ilə keçirdiyi görüşə televiziyadan öz gözlərimlə baxmışam. Ali məktəb müəllimləri giley-güzar edirdilər, dolanışığın pis olmasını göstərərək, şikayətlənirdilər. Spiker gözlənilmədən Heydər Əliyevin zamanında vəziyyətin necə olduğunu soruşdu və bu zaman görüşdə iştirak edən ali məktəb müəllimlərinin gözlərinə sanki işıq gəldi, dedilər ki, o “dövr qızıl dövr idi, dərdimizi təzələməyin”. Spiker gözlənilmədən dedi ki, “gedin, o vaxt necə işlyirdinizsə, eləcə də işləyin”. Beləliklə, daha bir “atəşkəs” də, təhsillə bağlandı, daha doğrusu, neftdən gözü doymayanlar təhsili də gəlir mənbəyinə çevirdilər…
Məsələ ùùo qədər bəsitdir ki, reytinqə-zada ehtiyac yoxdur…