Lift işləmir – demokratiya lifti

Siyasi proseslərdə dinamika görsənməkdədir. Quba, “Binə”, Ismayıllı olayları siyasi sürəcə dinamika gətirdi. I.Əliyev bir-bir icra başçılarını çıxarıb atmaqdadır. Doqquz illik daşlaşmış kadr siyasətində yenilik var: indi o, başçıları bu rayondan o rayona, o rayondan bu rayona ötürmür, qulaqlarından tutub bayıra fırladır.
Işdən çıxardıqlarını o, ürək ağrısıyla çıxarır. Onu qınamaq olmaz: xalq acıqlıdır. Qarşıdansa çətin bir seçki gəlir. Seçkiöncəsi ona xalqı bir daha aldatmaq, qarşıdakı beşillik dönəmə yiyələnmək gərəkdir.
Qarşıdakı beşillik dönəmlə bağlı strategiya belədir: getdikcə azalmaqda olan neft-qaz resurslarını tükətmək, Daşkəsən qızıl-gümüş yataqlarını boşaltmaq, 20 illik soyğunçuluğu daha da genişləndirməklə ölkəni daha çox götürüm salmaq, xalqa daha çox diz çökdürmək – sonrasına baxarıq, görək onda xalq bizə güc gələcək, yoxsa biz xalqa…
Indiki yalançı kadr dəyişikliyi yalnız xalqı aldadaraq qarşıdakı beşilliyi ələ keçirmək üçündür. Dönə-dönə yazdığımız kimi, ölkədə rüşvəti-korrupsiyanı-oğurluğu-soyğunçuluğu-monopoliyanı DÖVLƏT SIYASƏTINƏ çevirən SIYASI SISTEM var – bu sistem qaldıqca Rauf Həbibovlar, Nizami Ələkbərovlar da qalacaq, ancaq, adları dəyişməklə!
Bugünlər I.Əliyevin etdiyi kadr dəyişikliyi onun özündən gəlmir, xalqdan gəlir. Xalq onu kadr dəyişikliyinə çəkdi. Ancaq bu yolla xalqın istəyi baş tutan deyil. Nədən? Keçmiş bütün kadrlar kimi, indikilər də xalqa deyil, I.Əliyevin özünə gərəkən kimsələrdir. Onlar uzaqbaşı qarşıdakı seçkiyədək özlərini xalqa sevdirməyə çalışacaq, sonra siyasi sistem düzəninə uyğun olaraq xalqı soyub mələtməyə girişəcəklər.
Ata-oğul Əliyevlərin illərlə yamanladıqları AXC hakimiyyətinin ideal hakimiyyət olmadığını bilirik. Ancaq biz bunu da bilirik: AXC hakimiyyəti H.Əliyevin 1969-dan bu yana regionçuluq siyasəti axarında dayandırdığı, tərpənməz duruma gətirdiyi sosial lifti yerindən tərpətmiş, onu işlətməyə başlamışdı. Sosial liftin işə salınması ilə ölkədə uzun illərdən bəri görünməmiş canlanma, yeniləşmə başlamışdı. Düzdür, ortaya çıxan, iş başına gətirilən kadrların bir çoxu yeni – demokratik yönətim yolunun yolçusu deyildi, ancaq getdikcə oturuşan demokratik sistemin özü, başqa cür desək, demokratik seçkilər, sosial liftə işləklik qazandırmaqla yararsız kimsələri çıxdaş edəcək, ortaya daha yararlı, daha effektli kadrlar çıxaracaqdı. Bu isə doğal resurslarla dolu ölkəmizin tezliklə yüksəlib güclənməsinə gətirəcəkdi. H.Əliyev başda olmaqla, kommunist nomenklatura özəl istəklərinə, yaxın-uzaq düşmənlərimiz, böyük güclər geopolitik istəklərinə görə buna yol vermədilər. Bu gün I.Əliyevin başında durduğu hakimiyyət bizim iç-dış düşmənlərimizin birgə qurduğu, birgə oluşdurduğu hakimiyyətdir. Buna görə ölkə gələ-gələ özünün başlıca sosial-siyasi güc qaynağından – demokratiyadan uzaqlaşdı, daha doğrusu, uzaqlaşdırıldı.
Bu gün ölkədə başlıca güc qaynağı – demokratiya mexanizmi durdurulub. Bələdiyyə, parlament, prezident seçkiləri bütünlüklə yalançı, karikatur xarakter aldığından, bu yolla sosial lift durdurulduğundan ölkə bütünlüklə durğunluq içindədir. Ölkədəki başçılar aşağıdan yuxarıya hamılıqla dəyişdirilsə də, indiki durğun durum dəyişməyəcək. Siyasi sistemin transformasiyası baş verməyənədək, ölkədə doğru-düzgün seçkilər keçirilməyənədək xalq uğurlu gələcək yönündə gerçək dəyişiklik görməyəcək. Elə bir dəyişikliyin baş verməsi üçün indiki 20 illik hakimiyyətin bütünlüklə dəyişməsi gərəkir. Bu başdan-ayağa oğru hakimiyyətin bütünlüklə dəyişməməsi üçün dəyişiklik görüntüsü yaradılır. 20 ildən bəri demokratiya görüntüsü yaratdıqları kimi…