Dövlət başçısının çeşidli reaksiyalara səbəb olmuş, ölkədə və sosial şəbəkələrdə çox müzakirə olunan son müşavirəsindən sonra cəmiyyətdə iki fikrin formalaşdığını görürük.
Fikirlərdən birini elə hakimiyyətin özünün yaratdığı dərhal sezilir: “Hakimiyyət islahatlara başlayır”.
Gərək nə qədər nadan olasan ki, sən də bu fikrə inanasan. Iki icra başçısının dəyişməsi nə dərəcədə islahat sayıla bilər? Əlbəttə, bu dəyişmələr çox gec-gec və ya qiyamdan-qiyama müşahidə edilsə də, baş verir. Ama nə dəyişir? Və məhz indiki məqamda bu, nəyə xidmət edir? Kimsəyə sirr deyil ki, icra başçılarının dəyişməsi iki əlamətlə müşahidə edilir. Bir: başçı əgər belə demək mümkünsə, özünün yeni komandasını “formalaşdırır”. Yəni əslində komanda dəyişmir və dəyişməsindən söhbət də gedə bilməz. Bunu çıxarıb o birinin yerinə, o birini isə bu birinin yerinə qoyurlar. El diliylə desək, su müdirini çıxarıb qoyurlar poçtun müdiri, poçtun müdirini çıxarıb verirlər arxitektor, qaz müdiri gedir mədəniyyətə, mədəniyyət isə… mədəniyyət isə (məsələn, mədəniyyət) qalır işsiz. Çünki bu yerdəyişmələrdə hər dəfə yeni bir kadr da üzə çıxır və bir nəfərin kreslosunu tutur. Eynən, stulda kim tez əyləşdi oyununda olduğu kimi. 5 nəfərə 4 stul… Yeni kabinetdən söhbət ona görə gedə bilməz ki, başqa rayondan və ya Bakıdan tanımadığı bir rayona başçı gələn şəxs bir ayın içində kimin necə kadr olduğunu bilə bilməz. Bu yerdəyişmə, sadəcə, yeni başçının vəzifəyə gələrkən verdiyi rüşvəti çıxarmaq üçün bir mexanizmdi və nəticədə heç nəyə xidmət eləmir.
Ikinci müşahidə edilən əlamət isə, yeni başçının rayonun görkəmi ilə bağlı öz primitiv arxitektor təxəyyülünün nəticəsində rayonun ana yolunun, yəni dövlət başçısının gəlib keçmə ehtimalı olan yolun kənarlarının şəkil dəyişimində, dükanların dam örtüyünün, fasadın formasının, divar rənginin, dükanın önündən keçən səkiyə döşənən daşların başqa biriylə əvəzlənməsində göstərir özünü. Biri yol boyu illərdən bəri duran ağacları kəsdirib daş hasar çəkdirir və yerində od qiymətinə alınan fidan küknarlar basdırır, biri vətəndaşların darvazalarının üzünə taxta örtük yapışdırır, biri yol kənarındakı elektrik dirəklərini çıxartdırıb hasardan camaatın qapısına keçirtdirir və s. Hə, bir də mütləq regionların inkişafı üçün yeni muzey, park və heykəl quruculuğu.
Ikinci fikir təbii olaraq yaranıb: Bu hədə-qorxular gözdən pərdə asmaq, heçə enmiş nüfuzu avam xalqın gözündə az da olsa bərpa etmək, qarşıdan gələn seçkidə hakimiyyətin namizədi üçün müəyyən təbii şanslar qazanmaq. Aydındı ki, hər təzə başçının gəlişindən sonra xalq gözləməyə başlayır. Ki, görsün hələ bu necə olacaq. Bu da ölüsü hardasa bir il çəkir. Nisbi sakitlik olur. Bu son dəyişikliklərdəki bir il isə o deməkdi ki, prezident seçkisi gəlib yetişir və köhnə qaydayla başa çatır. Nəticə: bir sıfır Baloğlanın xeyrinə…
Əlbəttə, kökündən dəyişməyən bir rejimdə hətta bütün rayon başçılarının dəyişməsi də heç nəyi həll eləmir. Hər şey (yol kənarları və komandadan başqa) əskisi kimi qalır. Ancaq yenə də olan məzlum xalqa olur. Dövlət başçısının qəzəbli çıxışı və tapşırıqlarından sonra ürəklənən avam xalq ürəklə yeriyir məmurların üstünə, dövlət başçısının çıxışını xatırladır və…
Və icra başçısının qoçuları onları it balası kimi əzişdirib problemə nöqtə qoyurlar. Məsələn, Göygölün Yeni Zod kənd sakini Toğrul Ismayılovu rayonun icra başçısı Arif Seyidovun qoçuları elə bir kökə salıb ki, adam xəstəxanalıq olub. Sonuc diaqnoz: miokard-infrakt. Yəni islahatın ilk bəhrəsi…

“Islahat”ın ilk bəhrəsi – miokard-infarkt
•
•