
Məhkəmə icraçılarının Müsavat başqanı İsa Qəmbərin Bakının Nərimanov rayonundakı evinə baxışı yekunlaşıb. “Azadlıq” radiosu xəbər verir ki, Müsavat başqanının evində bu əşyalar qeydə alınıb:
işlək olmayan musiqi mərkəzi
2 ədəd işlənmiş televizor
noutbuk
kondisioner
köhnə çilçıraq
köhnə xalça.
***
Fevralın 19-da Nəsimi rayonun icra məmurları NİDA hərəkatının üzvü, İsa Qəmbərin oğlu Turqut Qəmbər barəsində çıxarılan cərimə qərarının icrasına başlayıblar.
“Azadlıq” radiosunun əməkdaşı xəbər verir ki, İsa Qəmbər 7 icra məmurunu qarşılayıb, onlardan ikisini evə buraxıb. Hazırda icra məmurları evin əşyalarını siyahıya alır.
Turqut Qəmbər “Azadlıq” radiosuna deyib ki, onun cəriməsi ilə bağlı atasının mülkündə əşyaların siyahıyaalınması düzgün deyil: «Burada mənə aid heç bir əşya yoxdur. Hamısı atama məxsusdur. Bu səbəbdən də hesab edirəm ki, icraçılar belə bir addım atmaqla qanunu pozurlar».
Turqut Qəmbər yanvarın 26-da Bakıda keçirilən İsmayıllı sakinlərinə həmrəylik aksiyasında saxlanaraq, 2500 manat cərimə olunub.
Həmin aksiyada saxlananlardan 20 nəfər 300 manatdan 2500 manata qədər cərimə olunub. 5 nəfər barəsində 13-15 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Onlardan 15 nəfəri cəriməni ödəyib, 5 nəfər imtina edib.







