“Hakimiyyət cəmiyyətdə xof yaratmaq istəyir. Eyni zamanda övladlarla valideynlər arasında münaqişə yaratmaq niyyəti güdür”. Vəkil Əsabəli Mustafayev “Media forum” saytına belə deyib. O qeyd edib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə razılaşdırılmamış aksiyalara görə üç növ cəza nəzərdə tutulub: “Bura cərimə, ictimai işlərə cəlb etmə və 15 sutkalıq həbs cəzası daxildir. Amma ictimai işlərə cəlb etmə və inzibati qaydada həbs cərimə ilə əvəz olunma kimi nəzərdə tutulmayıb. Əgər cərimə ilə bağlı məhkəmə qərarını icra etmək mümkün olmursa, o zaman ictimai işlərə cəlb etmə və inzibati formada həbs tətbiq edilə bilər.
Əgər məhkəmə qərarını icra etmək mümkün deyilsə, yəni şəxsin qazancı yoxdursa, təqaüd almırsa, şəxsi mülkiyyətində əmlak yoxdursa, onda məhkəmə icraçısı icra vərəqəsini məhkəməyə qaytarmalıdır. Bunlar icra oluna bilməyən icra vərəqələri kimi tanınır. Şəxsin faktiki yaşadığı yerdə əmlak varsa, bu o demək deyil ki, icra həmin əmlaka yönələ bilər. Çünki qanunda şəxsi mülkiyyət toxunulmaz sayılır.
Məhkəmə icraçıları cərimə olunan gənclərin valideynlərinə, qohumların məxsus olan evlərə gedir, cərimə cəzalarını onların əmlakına yönəldirlər: “Sonra isə deyirlər ki, bu əmlakın cərimələnən şəxsə aid olmadığını sübut edin. İcraçılar ilk növbədə cərimələnən şəxsin qazancını və əmlakını müəyyənləşdirməlidir. Şəxsin yaşadığı, faktiki olduğu yerdə olan əmlak müsadirə etmək qanuni hal deyil. Ailə Məcəlləsində də göstərilir ki, valideynin əmlakı onun övladlarına məxsus deyil. Övladlar valideynlərin əmlakının mülkiyyətçiləri deyillər. Məhkəmə icraçıları isə həmin əmlakı indiyə kimi heç bir yerdə işləməmiş, beş manat pul qazanmamış gənclərin ayağına yazır. Bu, ciddi qanun pozuntusudur və əsas məqsəd repressiya həyata keçirməkdir. Gəncləri mübarizədən çəkindirmək istəyirlər. Cərimə cəzalarını kütləvi icra etməyə başlayıblar ki, qorxunu dərinləşdirsinlər”.