Əvəzsiz insan – Aslan İsmayılov!

Akif Əlizadə

Sabah, fevralın 20-də tək hüquq ictimaiyyətinin yox, bütün Azərbaycanın tanıdığı vəkil və ictimai xadim Aslan Ismayılovun 55 yaşı tamam olur.
Aslan Ismayılov. Kasıb kəndli balası Rusiyanın ən səviyyəli universitetlərindən birində hüquq ixtisasına yiyələnib. Əla qiymətlərlə oranı başa vurub və hələ gənc ikən çoxlarının ahıl yaşlarında əldə edə bildiyi kürsüyə gəlib. Özünü itirməyib, əvvəl necə idisə, elə də qalıb! Daha da irəli getmək qabiliyyəti və şansı olsa da, vətəninin artıq çalxalanmağa başlaması onu rahat buraxmayıb və o, öz elinə dönüb!
O, vətənində də qabiliyyətinə və savadına uyğun işə başlayıb. Ancaq bu yer ondan ötrü olmadığından tezliklə oradan uzaqlaşıb və əsl yerini tapıb!
Aslan Ismayılov – bu adın qarşısında yalnız və yalnız bunları qeyd etmək olar! O, əvəzsiz hüquqçu, vəkil, ailə başçısı, ata, övlad, qardaş, dost, vətənini və mənsub olduğu xalqı bəlkə də hamıdan çox sevən böyük vətəndaşdır. Tam məsuliyyətimlə deyə bilərəm ki, əvəzsiz sözü onun tək hüquqçu olmasına yox, ondan sonra gələn bütün sözlərə də aiddir!
Aslan Ismayılov vəkilliyə gələndən bu peşəni sanki yenidən dirildib. Onun və az sayda digər həmkarlarının sayəsində iyirminci əsrin sonunda vəkillik institutu yeni dövrə qədəm qoyub.
Heç kim inkar edə bilməz bunu – Aslan Ismayılovun vəkillik fəaliyyətində danılmaz və möhtəşəm izləri olub!
Aslan Ismayılov o şəxsdir ki, ondan ən yaxşı ata və ailə başçısı olmağı öyrənmək olar.
Onu yaxından (və uzaqdan) tanıyanların fikri – əgər bu ölkədə 10 nəfər əsl vətənsevər, xalqsevər, düzlük və ədalət sevər varsa, bu on nəfərin biri Aslan Ismayılovdur!
Ən azı 20 ildir ki, o, yorulmadan, bir təşkilatın və ya partiyanın gücü qədər təkbaşına vətənini, xalqını, həqiqəti və ədaləti cəsarətlə müdafiə edir və bu dəyərləri özünün həyat meyarına və prinsiplərinə çevirib.   
Aslan Ismayılov o şəxsdir ki, Azərbaycan adında torpağı vətənləşdirə bilib.
Aslan Ismayılov o şəxsdir ki, vətənində düzlüyün və ədalətin simvoluna çevrilib. Onun düzlük və ədalətdən başqa heç bir iddiası da yoxdur! O, heç bir siyasət və ya maraq tanımır. O heç kimi, heç nəyi və heç yerdə yola vermir və bunu bacarmır. O, oynamağı, aktyorluğu, riyakarlığı, lazım olanda qaraya ağ deməyi və ya əksini bacarmır. O, fəhlə ilə fəhlə, kəndçi ilə kəndçi, şəhərli ilə şəhərli, ziyalı ilə ziyalıdır. O, dostluğa və dostlarına da, onu sevməyənlərə də mərdliklə yanaşır! O, ictimai olduğu qədər də fərdi və məişət adamıdır.
Onu çoxlarından ayıran danılmaz bir fərq var. O, başdan ayağa göründüyü kimi olan, olduğu kimi də görünən böyük bir fikir adamıdır.
Dəyərli və böyük önəm verdiyimiz Aslan müəllim. Sizdən öyrənməli çox şeylər var. Onun adı düzlük və ədalətdir. Onun adı torpağı vətənə çevirməyi və vətənin daşı olmağı bacarmaqdır.
Qoy hər an varlığını və bizə nəzarət etdiyini unutmadığınız qadir Allahdan layiq olduğunuz hər şey qismətiniz olsun. Allahın eşqı və izni ilə üzü 75 və sonrakı illərə!
P.S. Düz əlli beş il öncə qüdrətli və mərhəmətli bir ananın oğul övladı dünyaya gəlib. Anası uşağını Aslan adlandıraraq ona aslan kimi olmağı arzulayıb. Rahat uyu anacan. Arzun çin olub!!