Və ya böyük dirilik üçün müalicə resepti…
Qubada olanların üstündən bir ilə yaxın zaman keçdikdən sonra Ismayıllıda yeni üsyan başladı. Bundan az öncə isə əsgər ölümlərinə etiraz edən gənclər və “Binə” ticarət mərkəzinin hüquqları pozulmuş sahibkarları aksiyalar keçirdilər.
2013-cü il sözün həqiqi mənasında yeni bir il olmadı, 2012-də təməli qoyulan proseslərin davamı oldu. Bu hadisələr özü-özünəmi ortaya çıxdı? Yaxud da necə eləmək olar ki, lokal üsyanlar ümumxalq etirazına keçid tapsın? Bu həm prosesin daha dinc məcraya yönəlməsi, həm də, xalq hərəkatının təcrübəli şəxslərindən olan Asəf Quliyevin təbirincə desək, etirazın müqavimətə çevrilməsi üçün çox önəmlidir.
Lokal partlayışların böyük hədəfi olmasa da…
Ismayıllı hadisələri barədə müşahidələrini yazan Ramin Deko belə bir ifadə işlətmişdi: “Xalq əvvəl yerli hakimiyyətə etiraz səsləndirsə də, sonradan mərkəzi hakimiyyətə ”Istefa” ünvanlamağa başladı”.
Bu müşahidə bizim üçün ciddi bir əsas yaradır ki, proseslərin ilkin hədəfi ilə yaranma səbəbi arasındakı bağlılığı tapaq. Deməli, xalq əvvəlcə üzləşdiyi gündəlik problemlərin həllində rol oynayacaq adamlara etiraz edir. Onun haqqını tapdayan, əlbəəl rüşvət alan, qazını kəsən, işığını fasilə ilə verən, işlədib əməkhaqqını verməyən adamların yaxasından yapışmaq istəyir. Amma o an görür ki, bu adamların yaxası çox yüksəkdən qorunur. Elə ona görə də yaxındakı hədəfi deyil, onun yaranma səbəbini, siyasi sistemi aradan qaldırmağı qarşısına məqsəd qoyur.
Ilham Əliyev son müşavirədə “icra başçılarını etimadı doğrultmadıqlarına görə dəyişdim” deməklə bir daha sistemin mahiyyətini ortaya qoydu. O, “cəzalandırdım” demədi. Məhz “dəyişdim” dedi. Yevlaxdan Gəncəyə, Gəncədən Sumqayıta, Sumqayıtdan bir nazirliyə, Mingəçevirdən Qubaya, Qubadan başqa bir nazirliyə… Onsuz da, bu adamların heç biri vəzifəsiz qalmır. Sadəcə, bir-birilərini əvəz edirlər. Sistem yenə olduğu kimi işləyir. Xalq ola bilsin ki, bunu nəzəri baxımdan bir az gec qavrayır, amma etirazın ilk anında bilir ki, o, bir başçının üstünə getsə də, onun üstünə sistemin polisi, xüsusi təyinatlısı gəlir. Elə buna görə də xalq rejimlə üz-üzə qalır.
Bu etirazlar dirilmədir
Istər siyasi, istərsə də sosial mənada, Azərbaycan xalqı illərdir iflic həyatı sürür. Siyasi partiyalar və fəal vətəndaş cəmiyyəti bu iflic bədənin işləyən nöqtəsi olsa da, bütövlükdə hərəkətsizlik nəticəsizliyə səbəb olur. Bu üsyanların ən anlaşılan tərifi iflic orqanizmin ayrı-ayrı elementlərinin özünü bərpasıdır. Bu zaman diqqət edilməli olan nədir? Biz bu oyanmanın mahiyyətini, malik olduğu gücü dərindən öyrənməliyik. Bu spontan sıçrayışları bütün orqanizmi (ölkəni) hərəkətə gətirəcək güc kimi qiymətləndirsək, o zaman tam oyanmadan birdəfəlik ölüm qaçılmaz olar. Yəni, biz toplumun bütün təbəqələrinin oyanmasına nail olmadan spontan sıçrayışları (əl-qol tərpənişlərini) sağalma, dirçəlmə kimi qiymətləndirməməliyik. Səbr və təmkinlə toplumun həm ayrı-ayrı elementlərinin, həm də mərkəzi sinir sisteminin yenidən bərpasına çalışmalı və yeni dirilməyə, oyanmaya adekvat olan, informasiya və təşkilatlanma vasitələri, mexanizmləri qurulmalı və fəaliyyətə başlamalıdır.
Bu necə ola bilər?
Ilk növbədə kənd rayonlarındakı vətəndaş cəmiyyəti fəalları və siyasi partiya təşkilatları bir araya gəlməli, rayonlarda etiraza səbəb olan problemləri və bu problemlərdən əziyyət çəkən təbəqəni müəyyən etməli, koordinasiya qurmalıdır. Bundan sonra hər bir rayon həmin bölgədəki digər rayonlar və regionla, nəhayət, mərkəzlə daimi informasiya mübadiləsində olmalıdır – “facebook”da hər rayonun özünün informasiya qruplarını yaratmaq və orada ciddi administrasiya təşkil edərək informasiya təminatını qurmaqla. Beləliklə, həm doğru informasiya əldə etmək, həm də yanlış bilgilərdən qorunmaq imkanı yaranır. Yerli təşkilatlar və quruluşlar narazılıq ocaqlarının etiraz mühitinə çevrilməsinə çalışarkən proseslərin dinc məcrada davam etməsinə diqqət yetirməlidilər.
Talançılıq rejimə bəhanə verir
Bütün böyük dəyişikliklərin legitimlik sualı olub: hansı xalq üsyanı legitim idi, hansı deyildi? Bu baxımdan iki mühüm məsələyə daim diqqət yetirilməlidir. Onlardan birincisi və ən önəmlisi dövlət və ya şəxsi əmlakın təhlükəsizliyi məsələsidir. Hər bir etirazçı və ya vətəndaş bilməlidir ki, bu etirazların mahiyyətində dayanan fəlsəfə daha yaxşısını qurmaqdır, mövcud olanı dağıtmaq deyil. Ona görə də bu, bütün sadə insanlara aşılanmalıdır. Ikinci mühüm məsələ hüquqi legitimliyin rol oynamadığı, yəni, qüvvədən düşdüyü toplumumuzda sosial legitimliyə nail olmaqdır. Haqlı olduğumuzu isbat eləməyin ən yaxşı yolu daha çox insanı bilgiləndirmək, inandırmaq və bu prosesə qoşmaqdır. Böyük inqilabların araşdırması da sübut edir ki, hətta milyonların etiraz etdiyi meydanlarda belə, kiçik və böyük komandirlər olublar. Yəni, meydan o zaman qələbəyə hazır olur ki, o, tam idarə olunsun və şəbəkələşə bilsin. Bu mərhələdə bunlar bizim üçün ev tapşırığı və böyük dirilik üçün müalicə resepti ola bilər.