«Bir addım belə, geri çəkilmək fikrimiz yoxdur»
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, Ziyalılar Forumunda ciddi fikir ayrılığı müşahidə olunur və tezliklə bu qurum tamamilə dağılacaq.
Bu barədə APA-ya açıqlama verən deputatın sözlərinə görə, məhz fikir ayrılığı üzündən Forumun üzvləri həmin qurumda təmsil olunan yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanına münasibət bildirmirlər: “Onlar həqiqətən Azərbaycan ziyalılarıdırsa, siyasətdən və yaxud qeyri-siyasətdən danışmazdan əvvəl xalqımızı təhqir edən Əkrəm Əylisliyə bir cavab verməli idilər. Amma vermədilər. Indi də Forumun bir üzvü – Eldar Namazov bir hərəkat yaradır və prezidentliyə namizəd olmaq istəyir, digər üzvü Rafiq Əliyev isə Forumun siyasətdən kənar olmasından danışır. Bu necə birlikdir? Deməli, o Forumdakılar öz əməllərinə cavabdeh deyillər və bu birliyin dağılmasına az qalıb”.
Ziyalılar Forumunun üzvü Eldar Namazov da Siyavuş Novruzovun dediklərini cavabsız qoymayıb. Ilk növbədə Əkrəm Əylisli ilə bağlı Novruzovun dediyinə münasibət bildirən Eldar Namazovun sözlərinə görə, Ziyalılar Forumu hansısa əsərə kollektiv qiymət verməyi, kollektiv rəy bildirməyi məqbul saymır: “Bu cür davranış Hitler Almaniyasında və Sovet dövründə ənənə halını almışdı”.
Eldar Namazov deyir ki, fərdi qaydada Ziyalılar Forumunun digər üzvləri, o cümlədən onun özü “Daş yuxular”la bağlı öz mövqeyini ifadə edib. Namazov onu da əlavə edib ki, Əkrəm Əylislinin gündəmə çevrilməsinin hansısa vətənpərvərlik, millət sevgisilə əlaqəsi yoxdur: “Sadəcə, tənqidçi mövqedə duran, ölkədəki korrupsiya sistemini ifşa edən hər kəs bu hakimiyyətin düşməninə çevrilir”.
Ziyalılar Forumunun dağılması haqda Siyavuş Novruzovun dediklərinə gəlincə, Eldar Namazov onu narahat olmamağa çağırır: “Siyavuş Novruzov narahat olmasın, heç bir təzyiq bizi yolumuzdan döndərə bilməz. Əksinə, biz öz tərkibimizi genişlədirərək, Azərbaycanda demokratik bir dövlətin qurulması üçün səy göstərəcəyik. Bir addım belə, geri çəkilmək fikrimiz yoxdur. Hakimiyyət kanallarının bütün diqqətini bizə ayırmasından qətiyyən narahat deyilik. Əksinə, piar baxımından bizə sərf eləyir. Illərdir bizi televiziyalara buraxmırlar, ancaq hakimiyyətin bu cür təbliğatı nəticəsində xalq hər şeyi aydın görür”.
İlham Hüseyn