“Heç kimdən iş istəməmişəm”

Elçibəyin oğlu haqda yalan məlumat yayıldı

Keçmiş prezident Əbülfəz Elçibəyin qaynı Mirmövsüm Mahmudov Elçibəyin oğlu Ərturqut Əliyevin iş üçün iki deputata müraciət etdiyini deyib. Həmçinin keçmiş prezidentin qardaşı Almurad Əliyevin oğlu Hürrü Əliyev Elçibəylə bağlı təşkilat yaratdığını elan edib.
Mərhum prezidentin oğlu Ərturqut Əliyev bütün bunlar barədə “teleqraf.com”un suallarını cavablandırıb:

– Iş üçün iki millət vəkilinə müraciət etdiyiniz barədə dayınız açıqlama verib. Hansı deputatlardan iş istəmisiniz?
– Işə görə heç kəsə ağız açmamışam. Bundan sonra da ağız açmaq fikrim yoxdur.

– Bəs niyə dayınız Sizin adınızdan yanlış informasiya verib?
– Düzü, mənim də xəbərim yoxdur, niyə belə açıqlama verib. Iki ay olar ki, dayımla danışmamışam. Niyə belə bir şey söylədiyini anlamıram, fikirləşə-fikirləşə qalmışam.

– Bəs zəng edib ondan niyə bu cür danışdığını soruşdunuzmu?
– Xeyr, hələ danışmamışam.

– “Eks-prezidentlərin statusu haqqında” Qanun qüvvəyə minib. Təqaüd alırsınızmı?
– Sentyabr ayından etibarən təqaüd alırıq.

– Elçibəyin ailəsinin Hafiz Hacıyevi məhkəməyə verməyə hazırlaşdığı barədə məlumat yayılmışdı. Bu nə dərəcədə doğru xəbərdir?
– Sözün açığı, bəli, belə bir addım atmağa hazırlaşırıq.

– Indiyədək məhkəməyə müraciət etmisinizmi?
– Yox, müraciət olunmayıb, amma elə bir fikrim var.

– Müraciət Sizin adınızdan olacaq, yoxsa Həlimə Əliyevanın?
– Yəqin ki, mənim adımdan.

– Almurad Əliyevin oğlu Hürrü Əliyevin Elçibəylə bağlı yeni təşkilat yaratdığı barədə xəbər yayılıb. Bu xəbərə münasibətiniz necədir?
– Vallah, bilmirəm, xəbərim yoxdur.

– Sizdən xəbərsiz atanızla bağlı təşkilat yaratmasına necə baxırsınız?
– Yaradır, yaratsın. Inşallah, yaxşı olar. Atamın adını batırmaqdansa, onu etməmək daha yaxşıdır.

– Siz bu təşkilatda təmsil oluna bilərsinizmi?
– Xeyr. Mən heç atamın yaratdığı AXCP-nin Gənclər Təşkilatında da təmsil olunmuram. Açığını deyim, niyə o təşkilatda olum ki?

– Hamını düşündürən bir sual var, niyə Elçibəyin oğlu siyasətlə məşğul olmur?
– Hərənin öz fikri var, istədiyi şey var. Mən sadəcə, siyasətlə məşğul olmaq istəmirəm.

– Ərturqut Əliyev hazırda nə ilə məşğuldur, onu nə maraqlandırır?
– Hazırda Türkiyədəyəm, gözümdən əməliyyat olunmuşam.

– Gələcəkdə nə işlə məşğul olmaq istəyirsiniz?
– Yaşayarıq görərik. Yəqin ki, hansısa iş qurarıq.

– Məsələn, biznes ola bilərmi?
– Böyük ehtimalla biznes olacaq. Başqa iş olası deyil.

– Bacınız Çilənay Səmədbəyli artıq Türkiyəyə köçüb və hazırda ananız və Siz də Türkiyədəsiniz, bu iş Türkiyədə olacaq, yoxsa Azərbaycanda?
– Vallah, onu tam dəqiq deyə bilmərəm. Amma Türkiyədə olmayacaq güman ki. Azərbaycana qayıtmaq istəyirəm. Türkiyədə çox darıxıram. Bura çox sıxıcı yerdir.

– Əbülfəzin Elçibəyin zəhərlənməsi ilə bağlı onun ailəsi hazırda hansı düşüncədədir? Cinayət işinin qapanmasımı istəyir, yoxsa məsələnin araşdırılmasını?
– Məncə, qapanması daha yaxşı olardı. 12 ildir bu iş açılmayıbsa, açılması daha vacib deyil. Açılırdısa, 12 il əvvəl açılardı.

– Bəs Azərbaycana nə zaman qayıdacaqsınız?
– Mart ayında.

– Siz indiyədək heç kəsə ağız açmadığınızı dediniz. Ümumiyyətlə iş axtarmısınızmı?
– Bəli.

– Hansı sahədə iş axtarırsınız?
– Öz ixtisasım, beynəlxalq-iqtisadi münasibətlər üzrə. Amma tapa bilməmişəm. Daha doğrusu tapmışam, məni işə götürməyiblər.

– Bu, dövlət, yoxsa özəl müəssisə olub?
– Bu barədə danışmaq istəmirəm. Amma heç kəsə işlə bağlı ağız açmamışam.