Bu gün Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq görüşlərdən ən maraqlısı Londonda olacaq.
Turnirin sayılıb-seçilən komandalardan olan “Arsenal”la “Bavariya” üzləşdiyindən, biri mübarizəni dayandırmalıdır.
Ötən il turnirin finalında “Çelsi”yə uduzan “Bavariya” vaxtilə ÇL-nin qalibi olubsa, “Arsenal” ən yaxşı halda həlledici matçda oynayıb. Londonlular ölkə kubokunda da mübarizəni dayandırdıqdan sonra titul baxımından bütün ümidlərini Avropanın ən nüfuzlu klub turnirinə yönəldib.
Üstəlik, 1996-cı ildən fasiləsiz “Arsenal”ın baş məşqçisi olan Arsen Vengerin başının üstünü qara buludlar aldığından, mövsümü xilas etmək baxımından ən azı bu mərhələni keçməlidir.
“Bavariya”nın isə cari mövsümdə daxili arenada işləri çox yaxşı gedir. Ölkə çempionatında böyük xal fərqi ilə liderliyini davam etdirən münhenlilərin qızıl medalçı olacağı heç kimdə şübhə doğurmur. Belə olan vəziyyətdə münhenlilər rahatca ÇL-də çıxışını davam etdirərək, ən azı ötən ilki göstəricisini təkrarlamağa çalışır. “Bavariya”nın evdə nadir hallarda uduzduğunu nəzərə alsaq, londonlular səfərə üstünlük qazanaraq çıxmalıdır.
ÇL-nin qrup mərhələsində debütündəcə lider kimi 1/8 finala çıxmaqla, sensasiyaya imza atan “Malaqa”nın nə qədər duruş gətirəcəyi maraq doğurur. Ona münasib rəqib düşüb ki, bu İspaniya klubları ilə oyunlarda uğursuz çıxış edən “Portu”dur. Ancaq digər tərəfdən, portuqaliyalılar 1 dəfə qalibi olduğu turnirdə pley-off mərhələsi təcrübəsi böyük olmağı baxımından üstünlüyə malikdir.