“Azadlıq”a qarşı daha bir cərimə qərarı qüvvədə qaldı

Rəşid Hacılı: “Qəzetin auditoriyası günbəgün artdığı üçün bu cür siyasi sifariş veriblər”

Fevralın 19-da Bakı Apelyasiya Məhkəməsində Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiası əsasında “Azadlıq” qəzetinə kəsilmiş cərimə qərarından verilən şikayətə baxılıb. Hakim İlqar Dəmirovun sədrliyi ilə keçən prosesdə qəzetin şikayəti təmin edilməyib. Məhkəmə heç bir araşdırma aparmadan və əsas gətirmədən əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Azadlıq” 30, qəzetin əməkdaşı Ramin Deko isə 2 min manat cərimə olunmuşdu. Məhkəmə qəzetin üzərinə təkzib vermək öhdəliyi də qoyub.
K.Məmmədova “Azadlıq” qəzetini Ramin Dekonun müəllifi olduğu yazıya görə məhkəməyə verib. Yazıda Azərbaycanda keçirilən “Avroviziya 2012” musiqi yarışmasına görə Binə Ticarət Mərkəzində sahibkarlardan pul yığıldığı iddia olunur.
Media Haqları İnstitutunun direktoru Rəşid Hacılı qərarın ədalətsiz və qəzeti susdurmaq planının tərkib hissəsi olduğunu deyir: “İstər Bakı metropoliteninin rəisi Tağı Əhmədovun, istərsə də Kəbirə Məmmədovanın iddiası əsasında qəzetə böyük miqdarda cərimənin kəsilməsi və bu qərarlardan verilən şikayətlərin təmin edilməməsi eyni ssenarinin tərkib hissəsidir. Bir ssenari üzrə hazırlanmış iddialardır. Hətta cərimə məbləğləri də təxminən eynidir. Əlbəttə ki, bu, absurd bir məbləğdir. Hətta qəzet yanlış yazmış, qarşı tərəfə mənəvi zərər vurmuş olsa belə, əvəz olaraq bu məbləğlədə cərimələrin kəsilməsi sifarişdən və qəzeti maddi baxımdan çökdürmək niyyətindən başqa bir şey deyil. Nəzərə alsaq ki, qarşıdan seçki gəlir və qəzetin auditoriyası günbəgün artır, bu halda ortada siyasi sifarişin olduğu bir daha təsdiqlənir”.

Gültəkin