Azərbaycanda daha bir əsgər ölümü

Azərbaycan ordusunun əsgəri, Samux rayon Burunqovaq kənd sakini Hüseynov Nicat Habil oğlu keçən il oktyabr ayında Samux rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Bu il fevralın 11-də itkin düşüb, fevralın 15-də isə meyiti göldən tapılıb. Valideynlərinə deyiblər ki, N.Hüseynov ölümündən qabaq “heç kimdən narazı deyiləm və bu həyat mənə görə deyil” məzmunlu məktub yazıb. Amma məktubu ailəsinə göstərmirlər. Özü dindar uşaq olub, ailəsi intihar etdiyinə əsla inanmır. Və bu hadisə ictimaiyyətdən gizlədilir.

Bu barədə ictimai fəallardan biri Həbib Müntəzir Facebook səhifəsində xəbər paylaşıb.
“Azadlıq”a daxil olan məlumata görə isə N.Hüseynov Müşfiqabaddakı hərbi hissədə qulluq edirmiş və əkiz qardaşı da onunla birlikdə eyni hərbi hissədə hərbi xidmətdə olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev “Azadlıq”a açıqlamasında bildirdi ki, əsgər fevralın 11-də hərbi hissəni tərk edib: “Fevralın 15-də isə gölün yaxınlığında meyiti tapılıb. Başqa təfərrüatlar barədə araşdırma aparılır”.

Ramin DEKO