Dünyanın heç bir yerində deputat bizneslə məşğul ola bilməz
Azərbaycandasa biznesi olmayan deputat yoxdur
Qəzetimizin ötən sayında Azərbaycanda nazirlərin aldığı rəsmi məvacib və onların sahib olduqları var-dövlətdən, həmçinin digər ölkələrdəki məmurların durumundan söz açdıq. Məmurların nisbətən az məvaciblə böyük sərvətə sahib olması ölkədə qanunların işləməməsindən və cəzasızlıqdan qaynaqlanır.
Məsələn, qanun qadağan etsə də, Azərbaycanda məmurlar biznes fəaliyyəti ilə məşğul olur. Bu günlərdə isə sahibkarlıqla məşğul olan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələ parlamentə tövsiyə olunmayıb. Baxmayaraq ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 9.3 maddəsində deyilir ki, vəzifəli şəxsin bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquqpozması sayılır. Ölkədə korrupsiyanın qarşısının alınması üçün müvafiq qanunlar qəbul etmək əvəzinə korrupsiyanın çiçəklənməsinə, məmurların daha da varlanmasına şərait yaradan deputatların özləri də həmin məmurlardan geri qalmır və əksəriyyəti iri şirkətlərə, biznes obyektlərinə sahibdirlər. Qanun qanunvericilərin bizneslə məşğul olmasını qadağan etsə də, onlar buna məhəl qoymur. Məsələn, deputat Hüseynbala Mirələmov “Min bir gecə” istirahət mərkəzinin sahibi, Rüfət Quliyev “European Tobacco Baku” ASC-nin Idarə Heyətinin sədri, Cavanşir Feyziyev “Avromed” klinikasının sahibi, başqa deputatların da hər biri böyüklü-kiçikli obyekt sahibi kimi tanınır. Qeyd edək ki, Milli Məclisin sədri 1950 manat, sədrin I müavini spikerin aylıq vəzifə maaşının 90 faizi (1755 manat), Milli Məclis sədrinin müavini 85 faizi (1650 manat), Milli Məclisin komitə sədri 80 faizi (1560 manat), millət vəkilləri isə 70 faizi miqdarında əməkhaqqı alır. Deputatların aylıq maaşı 1365 manatdır. Bu məbləğə Azərbaycan şəraitində böyük biznes qurmaq mümkün deyil. Şübhəsiz ki, ölkənin rifahı qəbul edilən qanunlardan və onların necə işləməsindən çox asılıdır. Ölkədə yoxsulluq səviyyəsi hələ də yüksək, minimum və orta aylıq əmək haqqı, pensiya və müavinətlər isə aşağıdır. Büdcə təşkilatlarında çalışanların aldığı məvacibin onların ehtiyaclarını qarşılamaq üçün yetərli olmamasına görə məsuliyyət daşıyanlar arasında deputatlar da var. Hakimiyyət təmsilçilərinin, o cümlədən də deputatların Azərbaycanı müqayisə etdiyi inkişaf etmiş ölkələrin o səviyyəyə çatmasında bu ölkələrin qanunvericilərinin də rolu az deyil. Bəs həmin ölkələrdə parlament üzvləri nə qədər məvacib alır?
Onu da qeyd edək ki, dünyanın əksər ölkələrində qanunverici orqanda təmsil olunan şəxslər biznes fəaliyyəti ilə məşğul ola bilməz. Əgər belə bir hal baş versə, deputat fəaliyyəti dayandırmalı və qanun qarşısında cavab verməli olur.
Bolqar deputatlar maaşlarının artırılmasına qarşı çıxıb
Qanunların heç kimə güzəşt etmədiyi ABŞ-da konqressmen və senatorların illik maaşı 145ÿ100 dollardır. Bir aya təxminən 12 min 90 dollar. Almaniyada Bundestaq üzvlərinin aylıq məvacibi 7000 avrodur.
Böyük Britaniya parlamentinin üzvünün illik əmək haqqı 65 min 783 funt sterlinq, təxminən 80 min manatdır. Bu da ayda 5480 funt sterlinq (6600 manat) deməkdir. Müqayisə üçün deyək ki, bu ölkədə orta məktəb müəlliminin əmək haqqı illik 80 min funt sterlinqə qədər çata bilər.
Avropa Parlamenti üzvlərinin əmək haqqı 2009-cu ilə qədər fərqli olub. Belə ki, deputatların maaşını əvvəl təmsil olunduğu ölkələr ödəyirdi və bu məbləğ həmin ölkənin parlament üzvünün əmək haqqına bərabər idi. Lakin quruma üzv olan ölkələrdə deputatların əmək haqqı fərqli olduğundan 2009-cu ildə qəbul edilən qərara əsasən hazırda Avropa Parlamentinin üzvləri Avropa Məhkəməsi hakiminin aldığı məvacibin 38,5%-i qədər maaş alır. Bu da təqribən 85 min avrodur.
Israildə Knesset üzvləri 38305 şekel, təxminən 8 min manat alır.
Gürcüstanda iclasa üzrsüz qatılmayan deputatın maaşı kəsilir
Inkişaf etmiş ölkələrdə parlamentarilərin aldığı məvaciblə orta aylıq əmək haqqı arasında böyük fərq ola bilməz. Məsələn, Böyük Britaniyada deputat maaşı orta aylıq əmək haqqından 2,9 dəfədən artıq məvacib ala bilməz. Fransada bu fərq 2,6 dəfə, Italiyada 2,2, Isveçdə 1,8, Almaniyada 2,9, ABŞ-da 4,3 dəfədir. Gürcüstanda da parlament üzvlərinin maaşı orta aylıq maaşdan 2,8 dəfə çoxdur. Müqayisə üçün deyək ki, Azərbaycanda bu fərq 4 dəfədən çoxdur. Gürcüstanla bağlı daha bir maraqlı məqam odur ki, bu ölkədə üzrlü səbəb olmadan parlamentin iclasına qatılmayan deputatların maaşı kəsilir.
Bolqarıstanda isə parlament üzvləri öz maaşlarının artırılmasına qarşı çıxıblar. 2013-cü ildə bu ölkədə minimum və orta aylıq əmək haqqı artdığından deputatların da məvacibinin artırılması gözlənilirdi. Lakin 1098 avro maaş alan deputatlar bu artımdan imtina edib.
Fizzə