Azərbaycanda ağsaqqallıq institutunun qədim tarixi var, 3 cildlik “Azərbaycan etnoqrafiyası” kitabının 3-cü cildində oxuyuruq: “Ibtidai icma quruluşundan üzü bəri gələn ailə, nəsil, tayfa yaşadığı kimi ağsaqqallıq institutu da yaşayır, yeniləşir, inkişaf edir”.
Hazırda bizdə ağsaqqal – həm deputatdır, həm hakimdir, həm müəllimdir, həm həkimdir, həm mühəndisdir, həm polis rəisi, həm prokurordur. O, həyatın bütün sahələrində söz sahibidir, xalqımız allahsız yerdə otursa da, ağsaqqalsız yerdə oturmağa tövbə etmiş, and içmiş, indiyə qədər ölkədə nə qədər adam böyüyün sözünə baxmadığı üçün böyürə-böyürə qalmışdır.
Şəxsən mən ağsaqqal sözü dinləsəm, indi hər hərfindən yalan və yaltaqlıq saçılan yazılar yazır, bahalı maşınlarda gəzir, pula pul demirdim, ölüsü 5-6 müxalifətçinin cibinə nəşə atıb tutdurmuşdum, deputat mandatı alıb-satırdım, ayı kababı yeyirdim, Polad Ələmdara göbək rəqsi oynadırdım. Ağsaqqal sözü dinləmədiyim üçünsə hazırda “Istefa”, “Azadlıq” böyürməkdən başqa əlimdən heç nə gəlmir.
Qoy bu cümlələr mənim Azərbaycan Ağsaqqallar Şurasının dünənki qurultayına gecikmiş təbrikim olsun. Indi isə keçək həmin qurultayla bağlı bəzi mətləblərə.
Orada Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov çıxış edib və xeyli gülməli sözlər danışıb. Məsələn: “Azərbaycanın sabit və dinamik inkişafından üzülənlər var”.
Allah qoymasa, guya Həsənov yaptokratiyanın az-çox danışmaq qabiliyyəti olan adamıdır. Amma “sabit” və “dinamik” sözlərinin mənasından xəbəri yoxdur. Bir inkişaf həm sabit, həm dinamik necə ola bilər? Dəhşətdir. Görün, biz 20 ildir kimlərin əlində əsir-yesir qalmışıq.
Sonra Həsənov deyib: “Ölkə daxilində qarşıdurma yaratmaq istəyən qüvvələr var və onların qarşısını yalnız ağsaqqallar ala bilər”.
Əvvəla, “qarşıdurma yaratmaq istəyənlər” dedikdə kim nəzərdə tutulur? Müxalifətmi? Tənqidçi, etirazçı insanlarmı? Elə isə həm onların qarşısını almaq zərurətindən danışıb, həm də ölkədə demokratiya, plüralizm olduğunu iddia etmək hansı məntiqə sığır? Ümumiyyətlə, qarşıdurma niyə az qala, cinayət kimi qələmə verilir? Bu, hamıdan bir fikirli, bir qütblü olmağı tələb etmək və fərqlilikləri, müxtəliflikləri xor görmək deyilsə, bəs nədir? Mənim rejimə qarşı durmağım cinayətdirsə, onda Əli Həsənov və qeyriləri hansı mənəvi haqla, hansı üzlə Azərbaycanın çağdaş, demokratik ölkə olduğunu iddia edə bilərlər?
Ikincisi: ağsaqqalların qarşısına qoyulan tələbin mahiyyəti nədir? Bu o demək deyilmi ki, yaptokratiya Azərbaycanda orta çağlar zehniyyətinə istinad edir, yalnız mentalitetin gücünə güvənir, bunların idarəetmə zehniyyəti də “böyüyün sözünə baxmayan böyürə-böyürə qalar”, “allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma” düşüncəsindən bir addım da irəli getməyib? Ağsaqqal çıxacaq məndən kor-koranə itaətkarlıq, köləlik, mütilik tələb edəcək, hökumətlə hökumətlik etməməyi, ağa “sür dərəyə” deyirsə, dərəyə sürməyi istəyəcək, mən də onun başına deyil, yaşına baxıb “ləbbeyk” eləyəcəm, tabe olacam, eləmi?
Komediya orasındadır ki, Əli Həsənovun xitab etdiyi həmin ağsaqqalların Şurasının sədri Kəmaləddin Heydərovun atası Fəttah Heydərovdur və təsəvvür edin ki, indi hamıdan tələb olunan onun sözü ilə oturub-durmaqdır. O, bizə nə etməli, nə danışmalı olduğumuzu öyrətməli və biz də “baş üstə” deməliyik, qaxılıb oturmalıyıq yerimizdə, dilimizi də qoymalıyıq dinməz yerimizə. Ay sizi dovşan yesin!
Qoy Ağsaqqallar Şurasının sədri hələ getsin oğluna inhisarçılığın həm ayıb, həm cinayət olduğunu başa salsın, zəlzələ qurbanlarına ayrılan pullara göz dikməyin nə qanunlara, nə insanlığa sığmadığını öyrətsin, sonra gəlib camaata əxlaq, mərifət dərsi keçər.
Qurultayın sonunda Ilham Əliyevin prezidentliyə namizədliyinin müdafiə olunması ilə bağlı bəyanat qəbul edilməsi isə şəxsən mənim üçün çox yaxşı hadisədir. Ən azı, bu gün marşrut avtobusunda düşənədək oturacaqdan durmamaq üçün bir səbəbim hazırdır.

Ayaqüstü ağsaqqallıq
•
•