Hər bir dilin iki fondu var: aktiv, passiv. Dilin aktiv fondu çağ gerçəyinə bağlı olur, çağ gerçəyindən qaynaqlanır. Çağın gərəyinə uyğun olaraq hansısa sözlər aktiv fonddan passiv fonda, hansılarsa passiv fonddan aktiv fonda keçir. Çağın gərəyinə uyğun sözlər dilin aktiv-passiv fondunda olmayanda qıraqdan – başqa dildən alınır. Yüzillər, minillər boyunca dilə, daha doğrusu, dilin aktiv fonduna sözlər gəlir, aktivdən passivə sözlər gedir. Bir daha vurğulamaq gərəkir: bu sürəc (proses) dilin daşıyıcıları durduqca sürür.
Prezident I.Əliyev bugünlərdə siyasi leksikona yeni söz gətirdi: qudurğan. Bu, bizim dolğun dilimizin çoxdankı, qocaman sözlərindəndir. Ancaq işlək söz deyil. Işlək deyil, ancaq öz sözümüzdür, doğma sözdür. Işlək olmaması xarakter anlamı ilə bağlıdır: bu söz doğmalar arasında yadlığı göstərir. Bugünlərdə bəlli bir nazirin oğlunun sosial şəbəkələrdə görüntüsü yayıldı: qudurğanlıq göz deşir. Bəlli Ismayıllı olaylarının, dinc bir rayonun elə acıqla ayaqlanmasının kökündə o oğlanın üz-gözündən, manerasından (eləcə də bəlli davranışlarından) ortaya çıxan, gözə girən, çörəyi daşdan çıxan adamlarda qarşısıalınmaz antipatiya yaradan qudurğanlıq durur.
Kimlərsə I.Əliyevin (prezidentin!) siyasi leksikona “qudurğan” sözünü gətirməyini düzgün saymırlar. Bu yanaşma dil qanunlarını bilməməkdən irəli gəlir. Düzdür, I.Əliyev bizim dilimizi pis bilir, bu dil açıq-aydın ona yad dildir. Ancaq… dil qanunları bağımsız, başqa cür desək, suveren qanunlar deyil; dil qanunları biz istəsək də, istəməsək də gerçəklik qanunlarından asılıdır. Dildə sözlər gerçəkliyin diktəsilə dəyişir. Bizim hər birimizin leksikonumuz gerçəkliyin diktəsinə uyğun çalarlarda oluşur, ortaya çıxır. Bu qaçılmaz görsəniş ən çox siyasətlə uğraşmış kimsələrin leksikonu ilə bağlı olur. Siyasətçi, siyasətlə uğraşmış adam gerçəklik oyunçusudur; söz bu oyunçunun başlıca yarağıdır. Bu yarağın başlıca gücü, daha effektli olması gerçəkliyə daha çox yaxınlaşmasında, daha çox bağlı olmasındadır.
I.Əliyev siyasi leksikona QUDURĞAN sözünü gətirməklə bir yandan onu legitimləşdirdi, o biri yandan ölkə gerçəkliyinə yaxınlaşdığını, bu gerçəkliyin ona açıq, qarşısıalınmaz diktəsini sərgilədi. Bu hansı diktədir? Ölkəni potensial olaraq bürüyən, Qubada, “Binə”də, Ismayıllıda real olaraq ortaya çıxan sosial yanğın – sosial partlayış – sosial devrim diktəsi! Bu diktənin kökündə duran gerçəklik qanunu I.Əliyevin dilinə QUDURĞANLIQ anlayışını gətirdi. Bu bir diktə idi – gerçəklik diktəsi. I.Əliyev çox istəsə də, gerçəklik diktəsindən qaça bilmədi. Qaça da bilməz: prezident olduğuna, istər-istəməz siyasətlə uğraşdığına görə!
Qudurğanlıq HARINLIQDAN yaranır. Bəs harınlıq nədən? Harınlıq ÖZBAŞINALIQDAN – DƏRƏBƏYLIKDƏN yaranır. Bəs bunlar nədən yaranır? Bunlar qanunların yoxluğundan, boşluğundan, işlək olmamasından yaranır. 20 illik Əliyevlər rejiminin yürütdüyü ardıcıl antixalq siyasətləri üzündən Azərbaycanda bu gün ÖZBAŞINALIQ – DƏRƏBƏYLIK özünün apogeyinə çatıb. Bu üzdən Xalqın dözüm limiti tükənib. Dərəbəylik – Orta Çağ feodalizm yönətim yolu bu gün Azərbaycanı başdan-başa bürüyən bir yoldur. I.Əliyev bəlli çıxışında bu yolun yolçularından danışır – ad çəkmədən. Özünün dediyinə görə, ölkədəki dərəbəylikdən, dərəbəylik subyektlərinədən soraqlıdır. “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. Insanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?!”. Onlara “bu statusu” ölkədə demokratiyanın, demokratiya qanunlarının kökünü kəsən ata-oğul Əliyevlər verib!
Ismayıllıdan olan Sovet yazıçısı Əbülhəsən romanlarının birində devrimqabağı dönəmlə bağlı yazırdı: “Qudurğan dövlətli cavanları arvada latayır söz qoşub oxuyur, onu biabır edirdilər”. “Qudurğan dövlətli cavanları” – bugünün diktatura-dərəbəylik yetirmələri…

Qudurğanlığın anatomiyası
•