Hörülən qapılar, açıq mesaclar

Müsavat başqanının müşaviri, partiyanın Lənkəran təşkilatının sədr müavini Yadigar Sadıqovun verdiyi xəbərə görə, partiyanın rayon ofisinin qapısı hörüləcək. Qum gətiriblər, daş da gələcək. Lap “Mehman” filmində olduğu kimi: “Gələcək, Məmmədxan da gələcək”.
Təəccüblü heç nə yoxdu. Hələ bəlkə də təəccüblü budur ki, nə əcəb bu qapını indiyə kimi hörməyiblər. Görünür, qarşıdan gələn prezident seçkisi ilə bağlı hakimiyyətin çox ciddi narahatlığı var. Artıq dərk eləyiblər ki, bu həna o hənadan deyil. Nə bu xalq həmin xalqdı, nə hakimiyyət həmin. Indi bu ölkədə hakimiyyətdən narazı olmayan bir adam tapmaq mümkün deyil. Əlbəttə ki, söhbət adamdan gedir.
Bu adam sözüylə bağlı maraqlı bir şey öyrəndim bu yaxınlarda. Deməyəsən, Türkiyədə “adam” deyəndə ancaq kişilər (erkək) nəzərdə tutulurmuş. Yəni qadına adam deməzlər. Bir tərəfdən məntiqli də çıxır. Adam Adəm peyğəmbərin adından götürülüb yəqin ki. Adəm də kişi olub. Kişi sözünə də türk qardaşlarımızın verdiyi anlam çox maraqlıdı. TC Ana Yasasında yazılır: “Kişi hüquqları olan şəxsdir”. Qadın, kişi (adam) fərq etmədən. Yəni kişi o insandı ki, hüququ var. Bu məntiqlə Avropada heyvanları da kişi saymaq olar, çünki hüquqları var, qorunur və qoruyur. Bəs bizdə. Bizdə nə alınır?
O alınır ki, adamlar (yəni kişilər) kişi deyil, çünki hüquqları yoxdu, daha doğrusu, ancaq kağız üzərində var, kişilər isə (yəni kişili-qadınlı hüququ olan şəxs) heç heyvan da deyil, çünki hüququ yoxdu.
O zaman hüquq və azadlıqların tam məhdudlaşdığı, ancaq kağız üzərində mövcud olduğu dışarı (hüquqların guya məhdudlaşdırılmadığı məkan) və içərinin (həbsxana) bir-birindən fərqi nədi? Hüququn olmadığı ölkədə həbsxanaya nə gərək varmış ki? Belə çıxır həbsxana dışarıdan yalnız onunla fərqlənir ki, insan hansısa divardan bayıra çıxa və doğmalarıyla bir yerdə ola bilmir. Vəssalam. Qalan hər şey eynidi.
12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan bir qrup məhbusun Ilham Əliyev və Ədliyyə naziri Fikrət Məmmədova, bir nüsxəsini də “Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansına göndərdiyi müraciətdən də elə bu çıxır. Məhbuslar içəridəki vəziyyəti yazıblar. Sadəcə, dəhşətdi. Bu faktları Qənimət Zahidin kitabında oxumuşdum. Dəyişən yalnız qiymətlərdi. Ərzağın qiyməti qalxıb deyə, orda da, məsələn, çarpayının aşağı yarusunda yatmağın məzənnəsi qalxıb, telefonla danışığın bir dəqiqəsi bir manat olub və s. Oralarda az qala hava da puluna minnətdi.
Yaxşı bəs bayırda necədi? Guya o məhbuslar türməyə cənnətdən gəlib düşüblər? Bayırda hansı işləri rüşvətsiz başa gəlib ki? Məgər elə içəri düşmə səbəblərinin başlıcası da ölkəni bürüyən rüşvət və korrupsiyanın, qanunsuzluğun, sosial bərabərsizliyin yaratdığı acınacaqlı durum olmayıbmı?
Nə isə, içəriylə dışarının fərqi oldu-olmadı, Allah hər kəsin qapısını açsın. Ancaq Molla demişkən, yel belə əssə, heç nə. Bunlar hələ təzə-təzə qapı hörürlər. Gör qarşıdan gələn seçkiylə bağlı qorxu haraya çatıb ki, bir kiçik ofisin belə, seçkidə çox böyük rol oynayacağını düşünürlər. Deməli, bundan sonar qapı nədi, zərrəcə işıq sıza bilən bütün dəlmə-deşikləri də qapayacaqlar. Qorxu yaman şeydi. Elə bir şeydi ki, dövlət başçısı Ismayıllının icra başçısını işdən azad etmək zorunda qalıb. Icra başçısının dəyişməsi heç nəyi dəyişmir. Dəyişən bir şeydi – xalqın özünəinamı. Artıq xalq başa düşür ki, istəsə, istədiyinə nail ola bilər. Çətini istəməkdi.