Ağrıkəsicilər sağaldırmı?

Rejimə yarınmaq üçün fürsət gözləyənlər yaman sürət götürüblər. Guya, artıq Azərbaycan tarixində yeni və tərtəmiz bir səhifə açılır, Ilham Əliyev korrupsionerlərin kökünü qazımaq üçün düyməyə əl basıb, gözlənilən islahatlar başlayıb, iri addımlarla avtoritarizmdən demokratiyaya doğru keçirik, qısası, həyat bundan sonra Əliyevlərlə gözəl!
Deyirlər ki:
“Plyonkalar sökülür? Sökülür!
Bəzi icra başçıları işdən çıxarılır? Çıxarılır!
Məmurlarına barmaq silkələyir? Silkələyir!
Hətta onların uşaqlarına “harın”, “qudurğan” deyir? Deyir!”
Sonra da əlavə edirlər:
“Istədiyiniz bu deyildi? Başqa nə istəyirsiniz?”
Mən bu cür zəvzəkliklərin müəlliflərini başa düşürəm. Rejimi müdafiə etmək üçün o qədər arqumentsiz, faktsız qalıblar ki, boğulan saman çöpündən yapışan kimi, bunlar da bir icra başçısının işdən çıxarılmasından, bir nazirin danlanmasından “yaxşı padşah” obrazı, “islahatların sürətlənməsi”, “avtoritarizmdən demokratiyaya keçid” mənzərəsi yaratmaq üçün əldən-ayaqdan gedirlər.
Görünür, onlar azərbaycanlılar haqqında yaradılan “unutqan xalq” obrazına ümid edirlər. Fikirləşirlər ki, camaat keçmişdəki oxşar tamaşaları çoxdan yaddan çıxarıb və indi baş verənləri topluma “islahat, dəyişiklik” kimi sırımaq mümkündür.
Amma yalnız yalançıların yaddaşı olmur, ölkədəki həqiqətləri bilənlər, görənlər və deyənlərin yaddaşı isə çox möhkəmdir. Onlar ərəb inqilabları vaxtı da yaptokratların əl-ayağa düşüb oxşar tamaşa qurduğunu yaxşı xatırlayırlar. “Korrupsiya ilə mübarizə” şousunun korrupsiya ilə mübarizə aparanların həbsi ilə nəticələndiyini də!
2013 isə çox hərəkətli başlayıb, artıq xalq proseslərdə tamaşaçı deyil, iştirakçıya çevrilməkdədir. Ard-arda üsyanlar, etiraz aksiyaları, xalqın hakim gücə nifrətinin bütün çılpaqlığı ilə ortaya çıxması rejimi, obrazlı desək, xəstə cəmiyyətə ağrıkəsici iynələr vurmağa məcbur edir. Üçüncü, dördüncü dərəcəli məmurların cəzalandırılması yolu ilə toplumun qəzəbini azaltmaq, onun hiddətini müəyyən qədər sakitləşdirmək istəyirlər.
Hər şey bu qədər sadə və bəsitkən vintciklərin və təkərciklərin dəyişməsini “fövqəlislahat” kimi camaata sırımağa çalışmaq gerizəkalılıqdan başqa bir şey deyil. Əvvəla, artıq çoxlarını hansısa icra başçısının sərvətləri maraqlandırmır, çoxunu bu sual düşündürür ki, bəs ölkə başçısında bu qədər sərvət, varidat hardandır? Saakaşvilinin “Gürcüstanda korrupsiyanı necə ləğv etdiniz?” sualına verdiyi “mən özüm rüşvət almadım” cavabı əbəs yerə azərbaycanlıların dilində əzbərə çevrilməyib ki.
Ikincisi, sistem dəyişmirsə, onun vintciklərinin və təkərciklərinin dəyişməsi nəyi dəyişəcək? Axı ölkənin dərdləri Əhmədlər, Məmmədlər, Əlilər, Vəlilər deyil. Problem – idarəetmə tərzinin, təfəkkürünün özüdür. Və bu dəyişməlidir!
Bu dəyişimin yolu isə xalqın iradəsinin ifadəsi olan hakimiyyətin qurulmasından gedir. Əks halda, bütün Nazirlər Kabinetini istefaya göndərsən, çifayda! Bütün icra başçılarını süddən çıxmış ağ qaşıqlarla əvəz etsən, boşuna! Bu sistem içində adı Büllur, soyadı Kristalov olan adam da gec-tez xirtdəyəcən çirkaba batmağa məcbur və məhkumdur.
Belə rejimlər yalan, yaltaqlıq, korrupsiya olmadan davam edə bilməzlər. Azadlıqların, fərqliliklərin meydanı azca genişlənən kimi, süqut qaçılmazdır.
Rejimə yarınmaq, onun “müsbət” obrazını yaratmaq üçün pusqu quran, fürsət gözləyən, növbəyə düzülənlər istəsə də, istəməsə də bu belədir.
Ağrıkəsicilər xəstəliyi sağaltmır. Sadəcə, xəstənin bir müddət ağrısız yaşamasına kömək edir. Müddət bitdikdən sonra isə ağrılar yenidən baş qaldırır – həm də bu dəfə daha dözülməz və şiddətli şəkildə!
Indi yaptokratlar, onların müxalifətin içindəki gizli-aşkar uzantıları camaatdan tələb edirlər ki, hansısa icra başçısı işdən çıxarıldı deyə, dərdlərini, qayğılarını, ağrılarını unutsun, sevinsin, sevincindən dombalaq aşsın, möhtərəmə təşəkkürnamələr yazsın, onun ətrafında sıx birləşsin. Guya, artıq idarəetmə sağalmağa doğru gedir, qarşıda bizi gözəl günlər gözləyir-zad.
Mən belələrinə məsləhət görürəm ki, gedib bu nağılları burnu fırtıqlı bağça uşaqlarına danışsınlar. Onlar inansalar, problem yoxdur – biz də inanarıq.