Meksika mozaikası

Sizə də qəribə gələcək – bu yazı harda başlamışdı, harda bitdi.
Inanın, heç özümün də bu yazı üçün bir planım-zad yox idi. Sadəcə, yapçıların artıq lətifəyə çevrilmiş “siyasiləşdirməyin” tipli çağırışları mənə varlığından təzəlikcə xəbər tutduğum, barəsində bu yaxınlarda oxuduğum, həyat tarixçəsi müəmma ilə dolu bir yazıçının bir kəlamını xatırladınca olanlar oldu.
Söz sözü çəkdi.
Və bu yazı alındı.
Yapçılara sual vermək doğrudurmu?
Dünən həmkarlarımız yapçılardan Gülərin həbsi haqqında soruşublar.
Əvəzində də hamının bildiyi cavabı eşidiblər: “Bu, siyasi məsələ deyil”.
Yəni, eyni hava, eyni təranə.
Məncə, hər hansı mövzuda yapçılara sual vermək, onlardan mövqe soruşmaq artıq işdir. Onsuz da cavabları bəllidir. “Siyasiləşdirməyin”, “bu siyasi məsələ deyil”-zad.
Heç ağzınızı yorub, vaxtınızı itirib soruşmadan da istənilən sualınıza onlardan birini cavab olaraq yaza bilərsiniz.
Bir də B.Travenin məşhur sözü var: “Əgər sizə yalan danışılmasını istəmirsinizsə, onda sual verməyin”.
Traven bunu yaptokratlardan xəbərsiz söyləyib. Amma həm də onlar üçün söyləyib.
Traven kimdir?
Travendən sitat gətirmişkən…
Mən onun haqqında bu yaxınlarda oxudum. Fürsət bu fürsətdir deyib, oxuduqlarımı sizin üçün də özətləmək istəyirəm. Əminəm ki, sizə də maraqlı gələcək.
B.Traven haqqında çox az məlumat var. Əsl adı, milliyyəti, doğulduğu yer, tarix bilinmir. Yalnız bir müddət Meksikada yaşadığına dair qətiləşmiş məlumatlar var.
“B.Traven” uydurma imza hesab olunur.
Bəs imzanın əsl sahibi kimdir? Versiyalar çoxdur, o versiyalardan biri də Travenin əslində, XX əsrin əvvəllərində yaşamış aktyor, anarxizmi müdafiə edən Red Marut olmasıdır.
Marut I dünya müharibəsindən sonra Meksikaya köçüb. Elə populyarlığı da bundan sonra başlayıb. Əsərləri xeyli dilə çevrilib, 12 romanının olduğu məlumdur. Onlar arasında ən ünlüsü isə “Qızıl xəzinələri”dir. Digər əsərləri arasında “Ölüm gəmisi”, “Qəsəbə”, “Hökumət”, “Üsyan”, “Qanlı oyun” və başqaları var.
Romanları macəra ədəbiyyatına aid edilsə də, əsərlərində ictimai, siyasi, sosial motivlər xeyli güclüdür, kapitalizmə qarşı olduğu, sosialist dəyərləri müdafiə etdiyi, zaman-zaman da anarxizmə meylləndiyi açıq hiss olunur.
Bir çox əsərlərində Meksika inqilabı əsas motivlərdən birini təşkil edir.
Meksika inqilabı
Bu, XX əsrin ilk ən böyük inqilabıdır. 34 il ərzində (1876-1910) hakimiyyətdə olan diktator Porfirio Diazı devirmək məqsədilə başlayıb və 7 il (1910-1917) davam edib.
Diaz öz hakimiyyətinin ömrünü bizə də yaxşı tanış olan seçkilər vasitəsilə uzadırdı.
Onun ən əsas rəqibi Meksika burjuaziyasının da dəstəyini alan Madero idi. Madero ədalətli seçki tərəfdarı və bir nəfərin bir müddətdən artıq ölkə başçısı seçilməsinə qarşı idi. Bu səbəbdən də həbs edildi, həbsdən isə yalnız ölkəni tərk etmək şərtilə azad olundu. ABŞ-a köçdü, çox keçmədən isə xalqı ayaqlanmağa səslədi.
1911-ci ildə Maderonun Meksikanın şimalındakı hərbi birləşmələri ələ keçirməsilə xalq ayaqlanması bir anın içində alovlandı.
Diaz devrilmişdi, amma Maderonun ləng islahatları üzündən inqilab son məqsədinə çatmamış sayılırdı. Inqilabi proses 7 il davam etdi.
1917-ci ildə qəbul edilən Konstitusiyada nəzərdə tutulan və əhalisinin 80 faizi kəndli olan meksikalılar üçün həyati əhəmiyyət daşıyan torpaq islahatları yalnız ölkənin cənubu üçün keçərli oldu.
Baxmayaraq ki, Meksika inqilabının nəticələri həmişə mübahisə və müzakirə mövzusudur, onun əsl məqsədlərinə çatıb-çatmadığı daim dartışılır, amma hər halda, Meksika inqilabı ölkənin həyatının yaxşılığa doğru dəyişməsi üçün ilk və çox nəhəng təkan idi.
Hətta mən əminəm ki, bugünlərdə bizim üçün də önəmli bir hadisənin baş verməsində Meksika inqilabının zamanla ölməyən ruhu öz rolunu oynayıb.
Görürsünüz ki, söz sözü hardan çəkib hara gətirdi. Yəqin bunda da bir hikmət var.
Yapçılar öz dahi rəhbərlərinin heykəlini Meksikaya qoydurmamışdan əvvəl bu ölkənin tarixi haqqında az-çox oxumuş və ibrət götürmüş olsaydılar, belə səhv etməzdilər.
103 il əvvəl 34 illik diktatorun başına it oyunu gətirən ölkəyə aparıb “ulu öndər” heykəli qoymağın axırı başqa cür ola bilməzdi.