Gülər Əhmədovaya neçə il iş düşür?

Müzəffər Baxış: «Ittihamlar təsdiqini tapsa, ona 15 ilədək azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər»

Elşad Abdullayevin mandat alveri ilə bağlı açıqladığı video materiallarda baş qəhrəmanlardan olan keçmiş deputat Gülər Əhmədova həbs olundu. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (əvvəlcədən vəd etmədən ağır cinayəti gizlətmə) maddələrilə ittiham irəli sürülüb.
Xatırladaq ki, videomateriallar yayılandan sonra Bakı şəhər prokurorluğunda fakt üzrə cinayət işi başlandı və iki ay sonra keçmiş deputata qarşı CM-nin 178.3.2-ci maddəsilə ittiham elan olundu. Həbs olunanda isə ona qarşı daha bir maddə ilə ittiham irləi sürüldüyü məlum oldu. Irəli sürülən ittihamlar məsələnin mahiyyətinə nə dərəcədə uyğundur və bu maddələr mandat alverində günahkar olan digər şəxslərin kənarda qalmasına xidmət etməyəcəkmi?

Hüquqşunas Müzəffər Baxış Gülər Əhmədovaya qarşı 178.3.2 maddəsi ilə ittiham elan olunmasını qanuna uyğun hesab edir. Çünki burda söhbət rüşvət almaqdan deyil, məhz dələduzluqdan gedir: “Bəziləri hesab edir ki, ona qarşı rüşvət alma cinayətinə görə ittiham irəli sürülməlidir. Ancaq mən bunu qəbul etmirəm. Söhbət Elşad Abdullayevin deputat seçilməsi üçün ondan alınan puldan gedir. Cinayət Məcəlləsinin  311-ci maddəsində vəzifəli şəxsin öz xidməti vəzifəsinin icrası ilə əlaqədar olaraq rüşvət almasından söhbət gedir. Gülər Əhmədovanın isə kimisə deputat seçdirmək səlahiyyəti yox idi. Bu nöqteyi nəzərdən ona qarşı 178.3.2 maddəsi ilə ona ittiham irəli sürülməsi qanuna uyğundur. Görünür istintaqın əlində Gülər Əhmədovanın cinayəti gizlətməsi ilə bağlı sübutlar olub. Bu səbəbdən də 307.2 maddə ilə də ittiham irəli sürülüb”.
Hüquqşunas bu maddələrlə G.Əhmədovaya 12 ildən 15 ilə qədər həbs cəzasının təyin edilə biləcəyini də qeyd etdi: “Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası təyin edə bilələr. Əgər bu ittihamlar məhkəmədə öz təsdiqini tapsa, konkret bu ittihamlara görə ona 15 ilədək azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər”.

Fizzə