Keçmiş deputatın təcridxanada vəziyyəti ağırlaşıb
Səbayel Rayon Məhkəməsində hakim Elnur Həsənovun keçmiş deputat Gülər Əhmədovanın barəsində fevralın 13-də çıxardığı həbs qərarından apelyasiya şikayəti verilib. Yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsində şikayətə baxılacaq. Bu barədə APA-ya məlumat verən keçmiş deputatın vəkili Eldar Qədimi onu da bildirib ki, dünən Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında Gülər Əhmədova ilə görüşüb. Vəkilin sözlərinə görə, keçmiş deputatın səhhəti pisləşib: “Gülər Əhmədovanın səhhətində problemlər var. Həkimlər müayinədən sonra Gülər Əhmədovaya ağ ciyərin genişlənməsi diaqnozu qoyublar. Eyni zamanda, onun qanında şəkərin miqdarı qalxıb və ürəyi ağrıyır”.
Hakimiyyətdaxili qruplar Gülər Əhmədova olayından istifadə etmək istəyib
Gülər Əhmədovanın həbsindən sonra onun Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanıldığı haqda məlumat yayıldı. Amma sonradan vəkili bu haqda deyilənləri təkzib etdi. “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, bu xəbərin yayılması təsadüfi olmayıb. Həqiqətən MTN rəhbərliyinin Gülər Əhmədovanı öz nəzarəti altında saxlamaq cəhdi olub. Bunu da belə əsaslandırıblar ki, Kürdəxanıdakı istintaq təcridxanasında nəzarətdən kənar qalan Gülər Əhmədova müəyyən məlumatları yaya bilər. MTN-də isə o, ciddi nəzarət altında olacaq. Lakin qarşı tərəf – MTN rəhbərliyilə qarşıdurmada olan qrup buna imkan verməyib. Çünki bu halda, MTN rəhbərliyi Gülər Əhmədovanı yönləndirmək imkanı əldə edəcəkdi. Nəzərə alınıb ki, vaxtilə təcrübədə bu metoddan istifadə olunub – Hacı Məmmədov məsələsində. Təsadüfi deyil ki, Hacı Məmmədovun həbsindən 8 il keçməsinə baxmayaraq, bu gün də o, MTN-in istintaq təcridxanasında saxlanılır. Halbuki, ömürlük azadlıqdan məhrum edilmiş hər bir şəxs kimi, o da barəsindəki hökm qüvvəyə minəndən dərhal sonra Qobustandakı qapalı həbsxanaya köçürülməli idi. Lakin MTN rəhbərliyi hələ də onu nəzarətindən buraxmır.
Sirr deyil ki, Gülər Əhmədova ilə bağlı olaylardan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “vurulması” üçün yararlanmaq istəyənlərin sayı kifayət qədərdir. Xüsusən, nəzərə alsaq ki, hadisələrdə onsuz da Ramiz Mehdiyevin adı hallanır, Elşad Abdullayevin yaydığı məlum videoda deputat mandatına görə verilmiş pulun çatdırılma ünvanı kimi, konkret onun adı çəkilir, deməli, bu həm də Administrasiya rəhbərindən qisas almaq üçün bir fürsətdir. Təbii ki, bu faktoru nəzərdən qaçırmaq olmazdı…
Keçmiş deputat yaxınlarıyla hədələnir
Gülər Əhmədovanın həbsindən sonra yayılmış başqa bir xəbər isə onun həyat yoldaşı Fikrət Əhmədovun da cinayət məsuliyyətinə cəlb ediləcəyi haqda oldu. Məlumata görə, bu haqda keçmiş deputatın özünə də xəbərdarlıq olunub. Daha doğrusu, Gülər xanım bu yolla şantaj olunub. Bildirilib ki, əgər “sandığı açıb pambığı töksə” yaxınları da həbs olunacaq. Bu məqsədlə Gülər Əhmədovanın həbsindən bir müddət müxtəlif vaxtlarda onun yaxınlarının adı keçmiş işlər hüquq-mühafizə orqanlarında toplanıb. Bundan başqa, Gülər xanımın oğlunun məhz indiki situasiyada hərbi xidmətə aparılmasının təsadüf olması da çox az inandırıcıdır. Çünki Toğrul Əhmədov təhsilini çoxdan başa vurmuşdu və işləyirdi. Yəni, o, çoxdan hərbi xidmətə aparılmalı idi, amma nədənsə, indi yada düşdü…
Həbs qərarı niyə verilib?
Bu arada, Gülər Əhmədova vəkilinə mətbuata ətraflı məlumat verməyi qadağan edib. Bunu “AzNews.az”a Eldar Qədimi özü deyib. O bildirib ki, mətbuata hər hansı informasiyanın verilməsi Gülər Əhmədovanın istəyindən asılı olacaq: “Mən Gülər Əhmədovanın vəkiliyəm və o, hələlik mətbuata heç bir açıqlama verməyimi istəmir. Onun istəyinə uyğun hərəkət edirəm. Əgər mətbuata hər hansı açıqlama verməyimi istəsə, o zaman informasiya veriləcək”.
Əldə etdiyimiz məlumata görə, Gülər Əhmədovanın müdafiəsinə daha bir vəkil qoşulub. Bu, Türkel Süleymanlıdır. O, “Azadlıq”a açıqlamasında xəbəri təsdiqləyib. Onu da qeyd edib ki, Gülər Əhmədovanın barəsində həbs-qətimkan tədbiri seçildiyi məhkəmə prosesində keçmiş deputatın vəkili kimi iştirak edib.ôAmma bundan sonrakı istintaq dövründə də müdafiəçi kimi iştirakının davam edib-etməyəcəyi isə hələlik məlum deyil.
Bununla belə, Türkel Süleymanlı bildirib ki, istər Gülər Əhmədovaya ittihamlar irəli sürülməsi, istərsə də onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər sübutlar yoxdur: “Qanuna görə, kiminsə xəbəri olmadan onun səsinin yazılması, görüntüsünün lentə alınması qanuna ziddir. Kiminsə xaricdən verdiyi bəyanat, gizli lentə aldığı və kəsib-doğrayıb istədiyi hissələri yaydığı video ilə adamı həbs eləmək nə dərəcədə doğrudur? Dələduzluqla bağlı cinayətlərdə zərərçəkmiş ifadə verməli, üzləşmə keçirilməlidir. Bu işdə zərərçəkmiş yoxdur. Üstəlik, Gülər Əhmədovanın guya, dələduzluq etməkdə ittiham olunduğu adamın yaydığı videoda da sadəcə, söhbət var, pul alıb-vermək yoxdur. Hüquqi, demokratik dövlətlərdə prosessual hüquq normalarına çox ciddi fikir verilir”.
Vəkilin sözlərinə görə, istintaq müddətində əvvəlcə Gülər Əhmədova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz olunmasına da heç bir əsas yox idi: “Gülər Əhmədova istintaqdan yayınmırdı, nə vaxt çağırırdılar, gedirdi. Bakıdan kənara çıxmamışdı. Qarşı tərəfə təzyiq göstərmək, sübutları məhv eləmək imkanı yoxdur. Ən əsası, onun himayəsində 8 yaşlı uşaq var. Bu mənada, onun vəziyyətinin çətinləşdirilməsinə heç bir ehtiyac da yox idi. Istintaq orqanı məhkəmədə də Gülər xanımın həbsinə qərar verilməsini əsaslandıra bilmədi”.
Türkel Süleymanlı onu da əlavə edib ki, Gülər Əhmədova məhkəmədə çıxış edərkən özünü günahkar saymayıb.
Informasiya şöbəsi