aliyev-2013musavire2

Əliyev sosial şəbəkələrdə tənqid atəşinə tutuldu

aliyev-2013musavire2Ölkə başçısının son müşavirədəki çıxışı növbəti blef kimi dəyərləndirildi

Ölkə başçısı Ilham Əliyevin son müşavirədəki çıxışı sosial şəbəkələrdə də cidd müzakirə olunur. Lakin müzakirələri izləyəndən bu qənaətə gəlmək mümkündür ki, əksəriyyət ölkə başçısının məmurları asıb-kəsməsini növbəti blef hesab edir.  “Facebook”da Ilham Əliyevin çıxışı ilə bağlı yazılan bəzi statusları oxucuların diqqətinə çatdırırıq. Bu statuslar çox şey deyir:

İlham Əliyev özünü ifşa elədi

Fuad Qəhrəmanlı: Ilham Əliyevin məmurlara xəbərdarlığı əslində özünü ifşa idi. O məmurlara dəbdəbəli toylar, hədiyyələr, qudurğan əməllər etməməyi tapşırır. Ancaq bu qudurğan, harın həyat tərzinə yol açan böyük pulların mənbəyi barədə bir kəlmə də olsun danışmır. Çünki Çovdar qızıl mədənindən tutmuş, Dubay villalarına qədər bütün sərvətin qaynağı məmurlarınkı ilə eynidir. Ilham Əliyevi narahat edən bu harınlığın əsl səbəbi sayılan korrupsiya deyil, o demək istəyir ki, soyub talayırsınız ancaq elə edin ki, camaat üstümüzə qalxmasın.

Natiq Cavadlı: Bu ölkədə yalnız vəzifəli şəxslərin uşaqları qudurğanlıq edir. Məsələn, Dubayda villalar almağı, 300 min avroluq şampan içməyi kasıb balası heç ağlına da gətirməz .

Həbib Müntəzir: Ilham Əliyevin ölkədə baş verən hər şeydən, qanunsuzluqlardan xəbəri var. Maşınların qara plyonkasından tutmuş, icra başçılarının xalqı saymamasına və təhqirinə qədər.
Özü də etiraf edir ki, qudurğan icra başçılarını, nazirləri, məmurları o özü təyin edir, özü də istədiyi vaxt işdən çıxara bilər. Amma bunu lazım bilmir.
Ilham Əliyevin problemləri: yumurta, plyonka və yağlı yeməklər

Şahvələd Çobanoğlu: Ilham Əliyev elə bilir ki, xalq vəzifəli adamların uşaqlarından narazıdır. Ataları isə xalqın sevimlisidir!

Yadigar Sadıqov: Ilham Əliyev səmimi olsaydı o, təmtaraqlı dəyirmanın suyunun haradan gəldiyi ilə maraqlanmalı idi. Amma sözündən belə anlaşıldı ki, məmurların dövlət büdcəsi, rüşvət hesabına varlanması onu narahat eləmir. Sadəcə var-dövlətin xalqın gözünə soxulması, o var-dövlət hesabına qudurğanlığın fəsadları narahat edir.

Zümrüd Yağmur: Kim deyə bilər ki, məmur övladları elə öz-özünə qudurublar. Oğurluqla, quldurluqla, korrupsiya və saxtakarlıqla milyonlar, milyardlar toplayan məmurun övladı necə olmalıdır ki? Bəlkə sufilik edəcəklər, atalarının qan-qarğış hesabına yığdıqlarından Budda kimi imtina edəcək, ya da varidatlarını işsiz -gücsüz, sabaha ümidlərini itirmiş insanlara paylayacaqlar?

Vasif Alışlı: Mən prezidentin məlum çıxışında sistemin sonsuz çarəsizlik içində necə çırpındığını gördüm. O, çarəsizliyin nəticəsi idi ki, bu günədək apardıqları bütün təbliğatları, tezisləri inkar və darmadağın etməyə məcbur oldu zati- aliləri.
Inqilab Kərimov: Prezident bu 9 ildə ciddi şəkildə 3 məsələyə diqqət yetirib, bunlardan biri yumurta, biri plyonka, biri də yağlı yeməklər. Indi baxın hər 3 problem hələ də həllini tapmayıb. Və bu günə qədər də heç bir məmur övladı həbs olunmayıb.

Vüsal Bayramov: Ilham Əliyevin danışıqlarından belə nəticə çıxır ki, nazir oğlu xalqı təhqir edibsə bu dəfəlik bağışlanır, amma ona qarşı çıxan xalq isə döyülür, təhqir edilir və həbs olunur. Bu adamın məntiqi, fikri nəyə hesablanıb axı, anlamaq çətindir.
Ilham Əliyev kriminal sistemin başında durur

Natiq Cəfərli: Prezidentin valideyn iclasındakı çıxışını, bir anlıq da olsa, səmimi qəbul etsək o Ismayıllıda məmur övladının xalqı təhqir etdiyinə, yaramazlıq etdiyinə, xalqın da buna etiraz etdiyinə işarə vurdu. Xub, bəs onda tam əsassız, mənasız olaraq Ilqar Məmmədovu və Tofiq Yaqublunu niyə həbs ediblər? Hanı məntiq?

Ilham Hüseyn: Ilham Əliyev son müşavirədəki çıxışında sübut etdi ki, o kriminal, korrupsioner, harınlamış bir sistemin başında durur və bunu gizlətmir. Ancaq bu mesajı xalq səmimiyyət kimi yox, özünü müdafiə kimi qiymətləndirdi.. Bütün avtoritar rejimlər, xalqın qəzəbini hiss edəndə, imitasiya yolunu tutur.
Fikrət Hüseynli: Mən hər şeyi başa düşdüm. Yəni, biznesmenden zorla yox “könüllü” pul almağı, maşınına “plyonka” vuranın maşınının əlindən alınacağını, tərbiyəsiz uşağa görə dədənin işdən qovulacağını və sair. Amma bir şeyi anlamadım ki, “milli adət-ənənələrə əməl etməyənlər cəzalandırılmalıdır, həbs edilməlidir” dəyəndə hörmətli Ilham Əliyev nəyi nəzərdə tutur?

Nihad Hüseyn: Əgər Ilham Əliyev bu sözləri deyirsə belə, bu gənclərin qələbəsidir. Neçə illərdir deyirlər ki, prezidentin xəbəri yoxdur. Sübut olundu ki, hər şeydən xəbəri var. Yoxsa hardan bilir məmur övladının nə iş gördüyünü? Ciddi fəsadını gördükdən sonra tədbir görməyə çalışır. Yəni, bu gün, sabah hansısa məmur övladına görə cəzalanacaqsa, bu hələlik yuxudur, buna biz gənclər nail olmuşuq. Islahat edəcəksə, bunu biz gənclər məcbur etdirəcəyik. Gənclərin istəyi isə onun istefa verməsidir.

Cinayət başında tutulmuş oğrunun etirafı

Aynur Ilkin: Əgər prezident özünün də etiraf etdiyi kimi, hər şeyi illərdi bilirdisə, bəs nəyi gözləyirmiş, məmurların xalqı tamam məhv etməsinimi?
Yusif Hüseynov: Mən bu müşavirəyə baxanda bir şeyi başa düşdüm ki, prezident seçkilər ərəfəsində daxili auditoriyanı ələ almağa çalışır..
Ilkin Xəzər: Mən bir şeyi bilirəm ki, bu müşavirələr heç nəyi dəyişməyəcək. Müşavirə ilə dəyişiklik olsaydı, onda gərək ölkədə korrupsiya çoxdan dəfn edilmiş olaydı.

Aynur Rəhim: Prezidentin son müşavirədəki çıxışı, cinayət başında tutulmuş oğrunun etirafına bənzəyirdi.
Azadlıq carçısı: Prezident deyir ki, məmur balaları qudurub, harın qudurğan əməllərlə məşğuldurlar. Mən bir az keçmişə qayıdacam hardasa 17-18 il əvvəl də Azərbaycanda hakimiyyəti qəsb etmiş bu rejimin də ümummilli liderinin oğlunun səsi qaranlıq məsələlərdə hallanırdi. Indi durub nazir balalarını hədələyəndə onlar da qayıdıb deməzlərmi ki, sən bir öz keçmişinə bax millətin neft pullarını oğurlamisan indi bizə qadağa qoyursan.
Əşrəf Məmmədli: Ilham Əliyevin çıxışında mənə bir şey aydın olmadı. Nazir balalarının qələtlərini görmək üçün hökmən Ismayıllı hadisələri olmalı idi? Məntiqlə düşünsək bu çıxış 1 aya unudulacaq və “köhnə hamam, köhnə tas” məsəli hər şey davam edecek .

Qara: Prezident özünü xalqa güldürdü. Əgər azğınlaşmış məmur balalarından xəbəri varsa Ismayıllıdakı həbslər, təzyiqlər kimə lazımdır? Əgər prezident xalqının yanında olsa polislər o vəhşiliyi etməzdilər. Ya polislər ya da məmurlar prezidenti saymır. Və ya prezident xalqın yanında deyil.

Hazırladı: Bəyim Həsənli