Çiçək kimi Gülərlərin Güləri həbs etməsi

Şərlənmək təkcə o deyil ki, eləmədiyini boynuna qoyub səni həbs eləyirlər və s. Şərlənmək səni həm də suçsuz birini şərləməyə məcbur etmək və ya məruz qoymaqdı. Istənilən cinsdən olan şəxsin istənilən şəkildə şərlənməsi əxlaqsız bir işdi. Ancaq mən kişilərin şərlənməsini yenə də başa düşməyə cəhd eləyə bilirəm. Düşünürəm, cəhənnəm, yenə də kişidi, öz amalı uğrunda şərlənə də, öldürülə də bilər. Həbs edilsə, dözər. Ancaq qadının şərlənməsindəki əxlaqsızlığı, onun miqyasını anlamaqda acizəm və həm də bu şərlənmə az əvvəl dediyim ikincisi ola – qadını kimisə şərləmək üçün vasitə seçəsən.
Təkcə qadını seçməsilə sifarişçinin əxlaqının necəliyini dəqiqləşdirmək olar. Bu o qədər dəqiq bir məqamdı ki, deyək, həmin sifarişçinin dünyada bundan başqa ikinci pis bir əməli olmasa belə, təkcə bu, onun dünyada murdarların murdarı olmasını isbatlayır.
O vaxt qələm dostumuz, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs ediləndən dərhal sonra yazdığım bir köşə belə adlanırdı: “Gülər Əhmədovanın şərlənməsi”. Yazıda bu yer vardı:
“Bu rejim, bu yeddi başlı əjdaha daim öz qurbanlarını gözləyir. O, daim dişinin dibini dəyişməlidi. Indi onun qurban payına hansı jurnalistin adı düşəcək, bax bu, ayrı məsələdi. Əvəz bəy, kişidi, adamdı, iş versələr belə, çəkib qayıdacaq, sınmasa, yenə də fəaliyyətini sürdürəcək. Ona görə də səmimi deyirəm, bu işdə halına yandığım biri varsa… o da Gülər Əhmədovadı. O bu işdə əsas zərər görmüş şəxsdi”.
O, şərləndi. Kimsə anadan işverən doğulmur. Işverən onu bu işə cəlb eləyən gerçəklikdi. Lakin bu “seçim məsələsi” Iudaya haqq qazandırmadığı kimi, Əhmədovaya da bəraət vermir. Barmaq hansı ürəyə girə biləcəyini yaxşı bilir. Lakin niyə Gülər Əhmədova? Niyə bir qadın? Niyə həm də millət vəkili olan qadın? Qanun verən kəsi işverən eləməyin rəzilliyini anlayırmı o barmaq yiyəsi?..
Əslində isə, mən hansı qanundan, hansı əxlaqdan və hansı qadından danışıram… Bu rejim üçün bunların hansısa biri bir qara qəpiyə dəyirmi? Elə Gülərin özü üçün də – dəyirdimi. Yox. Insanı heç sayan, ona cansız bir mexanizm kimi baxan bir rejimin içində qadın da, kişi də öz bioloji və mənəvi kimliyini itirib hansısa əməliyyatların yerinə yetirilməsində iradəsiz şəkildə iştirak edən adi bir detala çevrilir.
Ona görə də əslində mənim işverənlik, kimisə şərləmə üçün bir qadının seçilməsinə ikrah və təəccüblə baxmağım sadəlövhlükdü. Gülər Əhmədova da o cür minlərlə, on minlərlə detaldan sadəcə biri idi. Indi o detalı söküb atdılar. Xarab çıxardılar. Biz bu günə kimi neçə belə detalın xarab çıxarıldığını, düzgün çalışmadığına görə dəmir barmaqlıqlar arasına atıldığını görmüşük. Bu da onlardan biri. Ama sonuncusu deyil. O rejimin hər bir detalı bunu anlamalıdı – bu mexanizmin içinə qoyuldunsa, anlamalısan – bir gün səni də metalalom gözləyir. Onda sənə heç bir rəhm olmayacaq. Bu mexanizmdən xarab olmadan çıxa bilmək bir möcüzədi. Hər halda zərərin yarısından qayıtmaq da bir şeydi.
Güləri dünənki “pırıl-pırıl, çiçək kimi təmiz, günəş kimi pak” halından bircə addım ayırır. Təsəvvür eləyək ki, Elşad Abdullayevin videoları hələ üzə çıxmayıb. Gülər də MM-də, tv-lərdə əxlaqi məsələlərdən, yüksək bəşəri dəyərlərdən mühazirə oxuyur xalqa, müxalifətə. Guya onun kim olduğunu, hansı yolsuzluğun qulu olduğunu bilmirdilərmi? Bilirdilər. Bəs niyə həbs etmirdilər? Çünki orda qayda belədi. Neynirsən elə, ama səsin çıxmasın.
Guya bu gün onun kimi pırıl-pırıl görünənlər azdırmı? Itinə tök. Ancaq hələ səsləri çıxmayıb. Gülərdən qatı cinayətkar olanlar belə onun cinayətlərini sadalamağa başlayacaq. Mülklərini xalqın gözünə soxacaqlar. Sanki xalq günahkarmış onun əməllərində. Yeri gəlmişkən, bəlkə elə gerçəkdən də xalqdı? Nə bilim, hər halda bu gündən yeni maraqlı xəbərlər erası başlayır. Elşadın xəbərləri yalan olacaq, onun yanında.