Dünən məni erməni sevgisində ittiham edən “Yeni Müsavat”ın rəhbər ailəsinin elə bircə gün sonra əsl mətləbi daha aydın göründü. Məqsəd odur ki, mən onların əməlləri barədə susum. Bircə gün keçdi, nazir Ramil Usubova qəzetdə bəy təriflərini gördük. Görəsən, qəzetin dünənki sayında prezidentin sevimli nazirə etimad göstərməsi, onun bacarıqları, təmiz reputasiyasını naməlum analitiklərin diliylə söyləyən yazıya necə don geyindirəcək millət dərdindən saralıb əsgərliyə getməyən Azər Ayxan? Görəsən o biri nazirlərə prezidentin etimadı niyə azalıb?
Əsgərliyə getməməsinə “gələcəkdə müharibəyə gedəcəyəm” deyə haqq qazandıran vətənsevər dostumuz bilirmi ki, müharibə gözlənilmir. Hakimiyyəti təmsil edən Ilham Əliyev sülh danışıqları ilə bağlı bəyannamələr imzalayıb, ən yüksək muxtariyyət vəd edib. Rusiyanın qorxusundan isə heç vaxt ora güllə atmayacaq. 20 ildir belədir.
Düzdür, gündüz müxalifətin yanında olub, axşam nazirlikdən çıxmağın videosuna da haqq qazandırmağı bacarırdınız. Amma elə bilirsiniz, camaat unudacaq, camaat heç nəyi bilmir və sizə inanacaq?
Mən Əkrəm Əylislinin romanını ermənilərə azərbaycanlıları sevdirmək cəhdi kimi qiymətləndirmişəm. Bir bədii metod kimi. Yanlışdır, doğrudur, lazımlıdır, lazımlı deyil, ancaq hesab edirəm ki, yazıçı bunun üçün həmin romanı yazıb. Artıq bir çox erməni alimləri, tanınmışları öz cəmiyyətini Xocalı faciəsinə görə üzr istəməyə çağırıb. Bu zəif nəticələri həlledici saymıram, amma Əkrəm Əylislinin öz xalqına nifrət etdiyini deyənlərlə də razılaşmıram. Mən bunu yazmışam.
Isa Qəmbər də erməni müxalifətinin nümayəndəsi Aram Melkumyanla müqavilə imzalayanda ona satqın deyənləri qınamış, onu birmənalı şəkildə müdafiə etmişdim. Nə əcəb onda buna görə məni qınamadınız?
Sizin bir dərdiniz var. Haqqınızda susaq. Siz də vətənpərvərlik hay-küyündə sevimli iqtidarınıza xidmət edəsiniz. Bizə zülmlər də davam etsin. Mənim qəzetinizin 18 yaşında müxalifətçiliyə başladığımı deyirsiniz. Tələbəlikdən cəbhəçi olduğumu demək əvəzinə, “bəs siz nə vaxt bitirdiniz müxalifətçiliyi” sualını vermək istəyirəm. Keçmişinizi danmıram, amma indinizi də siz dana bilməzsiniz. Çünki dediyiniz kimi mən kinli, paxıl ola bilərəm, bir nəfərəm, amma çıxın xalq içinə, görün haqqınızda nə danışırlar. Facebook-da sizə münasibətləri görürsünüz. Elə doğma müsavatçıların haqqınızdakı qəzəblərini Isa bəyin çağırışı ilə susdurmalı olmadınızmı?
Elə az-az yetişən siyasətçilərdən olan Isa Qəmbəri də nüfuzdan salırsınız – guya onun yanında olmağınızla və ondan dəstək almaqla. Biləsiniz toplumda nə söhbətlər var bu mövzuda. Xalqa lazım olan adamı şəxsi maraqlarınıza kullanmayın heç olmasa.
Əlinizdən artıq ictimai mövqedə söz demək gəlmədiyi üçün, mənə deyirsiniz ki, kəndim erməni işğalındadır, anamı harada dəfn edəcəyəm. Mən hər kəndini ata-baba yurdum sandığım bu ölkənin istənilən yerində dəfn edəcəyəm anamı və deyəcəyəm ki, heç vaxt ona haram tikə yedirtmədim. Ananıza can sağlığı arzulayıram, arzu edirəm ki, siz də onu dəfn edəndə mən deyəcəyim sözləri söyləyəsiniz.
Bəs nə yaman mənim kəndimi sevməyə başladınız, dünənəcən “məlum region” deyirdiniz bizlərə?
Haqqımda nə deyirsiniz, nə yazırsınız, məni narahat etmir. Amma “hər halda Şahvələd lazımlı adamdır” deyəndə başım gicəllənir. Bu ölkədə adamların lazım olub-olmadığını siz müəyyən etmirsiniz. Baxmayaq mübarizə apardığınız illərdə əziyyətlər də çəkmisiniz, amma çoxlarını qorxutmusunuz, şantaj etmisiniz. Mənə keçməz sizin şər-böhtan. Özünüzü tamam biabır etməmiş oynadığınız roldan imtina edin. Xalq etirazlarının Ilham Əliyevin xeyrinə işlədiyini yazmaqdan, islahatların başlamasını şərh etməkdən yorulmadınızmı?
Görün nə hala gəlmisiniz ki, sizi tənqid edəndə, “bizim paxıllığımızı çəkir” deyirsiniz. Yəni o qədər varlanmısınız? Amma başa düşün, hər yerdə deyirəm ki, onlar mənə pislik etməyib. Yaşadığım ölkəyə isə çox pislik edirsiniz. Bəli, düz deyirsiniz, mən iqtidara tərəf gedən qohumlarımdan da imtina etmişəm, bəs onların açıq etdiyini altdan-altdan edən sizlərə “sağ ol” deməliyəm?!

Böyük nazir sevgisi
•