Yazıçılar Birliyi xalçamı qaytarsın!

Yataq xəstəsi olan anam arada söz düşəndə məndən soruşur: “Səməd Vurğun üçün toxuduğun xalça indi hardadır?”. Mən də deyirəm ki, deyəsən Yazıçılar Birliyindədir. Sonra anam kədərlə gülümsəyib əlavə edir: “O xalçanın üstündə məni də çox incitdin, özünü də…”.
1986-cı il idi. Bütün ölkə Səməd Vurğunun 80 illik yubileyinə hazırlaşırdı, o cümlədən üzvü olduğum “Respublika Ədəbi Birliyi” də. Birlik üzvləri oxuyacaqları şeirləri müzakirə edirdi, mən isə anamla toxuyacağım yeni xalça üçün yun əyirib, ip boyayırdıq. Anamdan xahiş etdim ki, toxuyacağım yeni xalça üçün yunları sexdə yox, evdə darayıb hazırlasın. Heç yadımdan çıxmır, anam yunu darayanda, birdən əli darağın dişinə ilişdi, bir əlçim ağ yun anamın qanı ilə qırmızı rəngə boyandı həmin gün. Deyim ki, anam bacılarım və mənim cehizlik xalçalarımız üçün istifadə etdiyi ipləri elə keyfiyyətlə hazırlamamışdı. Hörmətli xalçanı toxuyanda, iplər çox saf olduqlarına görə mənim də barmaqlarımın qanı dəfələrlə ərişin, iplərin üstünə tökülmüşdü: biz tərəfdə xalçaçılar ilmələri bıçaqla deyil, sağ əlin ikinci barmağı ilə kəsirlər. Xalçaya, Səməd Vurğunun “Bizdə şeir də var, sənət də vardır! Şairə, sənətə hörmət də vardır!” məşhur misralarını və “Səməd Vurğun-80″, ”Ədəbi Gənclik- 86″ sözlərini ilmələrlə yazmaq üçün akademiyaya, məşhur xalçaçı rəssam Lətif Kərimovun yanına getdim. Rəhmətlik rəssam o zaman mənə çox kömək etdi. Və mən 15 günün içində, gecə-gündüz xalça emalatxanamızdan çıxmadan tək-tənha, o xalçanı toxudum.
AYB-nin “Natəvan” klubunda keçirilən tədbirdə birlik üzvlərini bir-bir şeir demək üçün tribunya dəvət edirdilər. Məni isə həm şeir deməyə, həm də toxuduğum xalçanı təqdim etmək üçün çağırdılar. Yaxşı yadımdadır, xalçanı Yazıçılar Ittifaqının o zamankı katibi Ismayıl Şıxlıya təqdim edəndə, o, sarıqlı barmaqlarıma kədərlə baxıb, əlimi ehtiyatla sıxıb “halal olsun sənə, qızım!” dedi. O gün mən “Qızlar uca olsun gərək!” şeirimi oxuyanda, özümü bir sehrli xalça üstündə hiss etdim, sevincdən uçurdum…
Nədən bu xatirə yadıma düşdü? Bu yaxında, “Xəlil Rza Ulutürk – xalqın ŞAIRI, mənim şairim!” adlı köşə yazıma görə Yazıçılar Birliyi mənə “Millət kimin muzdla iftiralar yazdığını bilir” başlıqlı məqalə ilə “təşəkkür” edib: “Hansısa radio verilişində Xəlil Rzanın Anar haqqında tənqidi sözlərini oxuculara çatdırmağa tələsən Məlahət adlı müəllif özünü ”karlığa”, “korluğa” qoymasaydı, Xəlilin Anar haqqında yazdığı tərif dolu üç məqaləsinə də göz yummazdı”.
Minnətdaram! Amma AYB-ni yanlış ölçülü arşınla idarə edən rəhbərlərinə bildirmək istəyirəm ki, mən dağ adamıyam, bizim dağların camaatı sözünü yazı ilə demir, sevgisini də, nifrətini də birbaşa adamın üzünə deyirlər. AYB rəhbərliyi yazılı şəkildə tənqidimə görə məni “qorxaq” adlandıra bilər, amma “muzduru” özlərinə saxlasınlar: mən nəinki kollektivin dişi-dırnağı hesabına çıxan “Azadlıq” qəzetindən, heç dövlətin pullarını kefi istədiyi kimi xərcləyən, Yazıçılar Birliyinin orqanı olan “Azərbaycan”, “Ulduz” jurnallarından çap olunan şeirlərimə görə qonorar, onların başa düşəcəyi dillə desək, “muzd” almamışam.
Ailəmi necə saxlamağıma görə narahat olanlara isə bildirmək istəyirəm ki, mənim bişirdiyim bir tort 3-4 köşə yazısından, böyütdüyüm bir buzov bir romandan, toxuduğum bir xalça 4-5 cildlik kitabdan, 50 toyuğumun yumurtası prezidentin yazıçılara verdiyi təqaüddən daha çox qazanc gətirir: əlinin zəhməti ilə dolanmağı bacarmayanlara, övladlarını başqalarına şər-böhtan atmaqla böyüdənlərə də hətta yardım edə bilərəm. Yalnız ağalar və qullar idarəsi çoxdan unudulan “muzdur” sözünü yaydığı mətnə başlıq seçə bilər. Əlbəttə, şeirə, sənətə böyük sevgisindən barmaqlarının qanı tökülə-tökülə şair yubileyinə xalça toxuyana, Kislovodskidə, Yessentukidə, Zuğulbada… dövlət hesabına kef edə-edə roman, poema yazan ağalar “muzdur” deyərlər. Həmin məqalədə Xəlil Rzanın xanımı da mənə “təşəkkürünü” bildirib: “Xəlil Rza Ulutürkün həyat yoldaşı olaraq bildirirəm ki, Xəlil Rza şəxsiyyətinə xələl gətirən, onun adıyla başqa mənəvi dəyərlərimiz barədə təhqiramiz ifadələr işlədən ”Azadlıq” qəzeti və onun köşə yazarı Məlahət Ağacanqızı təkzib verib səhvlərini düzəltməlidir”. Maraqlıdır, nə vaxtdan adam gözü ilə gördüyü rəzil hərəkətə, radionun arxivində olan lent yazısına görə təkzib verib, üzr istəməyə borcludur?
Şairin hörmətli xanımına bildirmək istəyirəm ki, əgər mən xalq şairi adı almayan Ramiz Rövşən, Musa Yaqub haqqında tərif, sevgi dolu bir yazı yazsaydım, bəlkə də onların xanımlarının haqqı var idi ki, mənə desinlər “bizim ərimizi sevmə!”. Amma mən yazımı rəsmi şəkildə “Xalq şairi” adı alan bir şairə həsr etmişəmsə, heç kimin başıma ağıl qoymağa haqqı yoxdur. Mən də xalqın bir nümayəndəsiyəm! Və necə olur ki, yazıya görə mənə Xəlil Rzanın qardaşı hörmətli Fərhad Rza “Sizə elimiz, obamız və ailəmiz adından təşəkkürümü bildirir, uğurlar arzulayıram!” təşəkkür şərhi yazır, amma Şairin həyat yoldaşı tənqid edir? Həm də adət-ənənəmizə görə, kişiyə qardaş-bacı daha yaxındı, nəinki həyat yoldaşı. Bir də Firəngiz xanım ailə üzvlərinin də yazdıqlarına diqqət yetirsə, yaxşı olar. Misal üçün, Fərhad Rzanın “Azadlıq” (28.11.2012) qəzetindəki “Xəlil Rzanın Xalq Hərəkatındakı rolundan niyə danışmırlar?” məqaləsini oxusun. Yaxşı olar ki, damarlarında mərd kişilərin qanını daşıyanlar, dahilərlə bir yastığa baş qoyanlar tanrıtanımazlara qoşulub, tanımadıqları insanlara şər-böhtan atmasınlar! Günah bir yana, ən azı damarlarındakı qandan, daşıdıqları soyaddan ayıbdır!
Bu yazını oxuyandan sonra Səməd Vurğunun ailə üzvlərindən kimsə “Məlahət, qələt eləmisən Səməd Vurğunun yubileyinə xalça toxumusan!” başlıqlı məqalə ilə mənə təşəkkür etsə, təəccüblənmərəm. AYB-nin mənə qarşı olan bu haqsız hücumunu nəzərə alaraq, 27 il öncə Yazıçılar Birliyinə bağışladığım xalçanı geri istəyirəm. Yerin dibində də olsa, tapıb, qaytarsınlar! Mən o xalçanı mütləq yandırmalıyam. Harın  məmurların maşınlarını, obeyktlərini yavaş-yavaş yandıran qəzəbli camaat, mənim dəyərsiz xalçamı birdən yandıracaq. Ondansa, özümü söyə-söyə elə mən yandırım.
Xalçada ilmələrlə yazdığım sözlərdən xəcalət çəkirəm. Çünki  bizdə daha şeir də yoxdur, sənət də yoxdur! Şairə, sənətə hörmət də yoxdur! Burda, əsgəri öldürüb, anasını onu müdafiə edənlərin üstünə yollayırlar. Burda, unudulan şairin xatirəsinə yazı həsr edənə “muzdur” deyirlər. Bu ölkədə azadlıq, haqq-ədalət uğrunda meydanlara çıxanları cərimə edirlər, onlara “antimilli ünsürlər” deyirlər. Burda hər rəhbərin əlində bir yanlış arşın var, hərə öz arşını ilə azad ruhlu insanlara cəza verir, təhqir edir. Xalçamı geri qaytarın, ağalar!..