Hə, biz deyəndir: təntənələri sınıb, ölkəni qəbiristanlıq sükutuna qərq edib, sonra da onu paşa könülləri istədikləri kimi yönəldəcəklərinə inamları sarsılıb. Ağır dərddir – bunca təzyiq, təhdid, basqı və əldə var sıfır. Xalq üzərində qələbənin sərxoşluğundan yarımçıq ayılmaq və məyusluq: müqavimət nəinki davam edir, o hətta sistemi əzib keçməyə hazırdır!
Hələ Heydər Əliyev dövründən hamımıza çox yaxşı tanış olan, ümumiyyətlə isə bütün avtoritar rejimlərə xas siyasi tamaşalarsız keçinə bilmirlər. Məmurlara barmaq silkələmələr, onları camaatın “gülləsi” qabağına verib xalqa özünü “yaxşı padşah” kimi göstərməyə çalışmalar-filan. Məntiqlə, möhtərəmin artıq bunlara ehtiyacı olmamalı idi. 2013-də hakimiyyəti daha rahat, müqavimətsiz götürməli idi. Gələcəkdən əndişəsi olmamalı idi.
Zarafat deyil: bu qədər qollar qandallandı, ağızlar qıfıllandı. Bu qədər döyülmələr, həbslər, sürgünlər. Bir tərəfdən dubinkanın, bir tərəfdən çoxlu pulların gücü. Bu qədər inzibati, administrativ resurs. Sonu beləmi olmalı idi? Axırda yenə adına müşavirə deyilən bu süni, qondarma səhnəciklərə, tamaşalara möhtac olacaqdılarsa, dəyərdimi indiyədək çəkilən bunca əziyyətlərə?
Mən möhtərəmin məlum çıxışında sistemin sonsuz çarəsizlik içində necə çırpındığını gördüm. O çarəsizliyin nəticəsi idi ki, bu günədək apardıqları bütün təbliğatları, tezisləri də artıq inkar və darmadağın etməyə məcbur oldu zati-əliləri.
Məsələn – “Mən hər şeydən məlumatlıyam” dedi.
Və mən o anda baş verən hər haqsızlıqda, ədalətsizlikdə “prezidentin bunlardan xəbəri yoxdur” deyib Ilham Əliyevi olub-bitənlərin məsuliyyətindən sığortalamağa çalışan rejim yandaşlarının üzlərinin azacıq qızarıb-qızarmadığını, alınlarına xəcalət təri gəlib-gəlmədiyini görmək istədim.
Tamaşa dövrünün sonu
Bəli, çarəsizdirlər – vəziyyətin ağırlığının, artıq problemləri xalça altına süpürməyin, həqiqətləri malalamağın faydasızlığının fərqindədirlər. Divarın qurtardığını görürlər. Toplumun dözüm limitinin bitdiyini bilirlər. Bilirlər ki, AzTV problemləri göstərmirsə, bu, o problemlər yoxdur anlamına gəlmir. Bilirlər ki, hər kəs bunların əllərindən zəncir çeynəyir. Bilirlər ki, artıq inkişaf pafosu işləmir, “lider dövlət” populizmi yerimir, repressiyalar tərs təpir, xof mühiti, qorxu imperatorluğu yaratmaqla əllərinə heç nə keçmir, əksinə, öz acı sonluqlarını bir az da yaxınlaşdırırlar.
Yenə də çıxış yolunu xalqla yandırılan körpüləri bərpa etməkdə görürlər. Bəli, Ismayıllıda, Qubada yandırılan yalnız hansısa məmurun oteli, villası, motosikleti, “inomarka”sı deyildi ki… Yandırılan həm də xalqla rejim arasında sonuncu körpülər idi, bunu anladıqları üçün indi yenidən xalqın qılığına girməyə, onun könlünü almağa, onun gözünə xoş görünməyə çalışmaq xətti seçilib.
Amma bunlarla da bir yana çıxmaq mümkün deyil. Xalqın gözü açılıb artıq. Ictimai şüur on il əvvəllə müqayisədə xeyli dəyişib, yüksəlib. Insanlar artıq tamaşa istəmir. Dəyişiklik istəyir.
Quduran məmurdursa, bəs həbs edilən niyə müxalifətçidir?
Ərəb inqilabları yeni başlayanda necə əl-ayağa düşdüklərini xatırlayırıq. Korrupsiya ilə mübarizə şousunu unutmamışıq. Inqilablar dalğası azca səngiyən kimi, şou da başa çatdı. “Korrupsiya ilə mübarizəni özümüzdən başlamalıyıq” demişdilər, amma 18 yaşlı gəncdən başladılar – Cabbar Savalanlını tutdular.
Indi də eyni vəziyyətdir, eyni əndişə, eyni səksəkə. Və bunun nəticəsidir ki, möhtərəm azğınlaşmış məmur uşaqlarını, onların atalarını həbslə, işdən qovmaqla hədələyir camaata xoş gəlsin deyə. Amma adamlar da haqlı olaraq soruşur: məmur oğlunun atasını hədələyib bəs sonra niyə Nigar Yaqublunun atasını tutursan?
Hansısa məmur özünə, əzizlərinə təmtəraqlı yubiley keçirir, bəs 15-20 milyona “Gül bayramı” nə üçündür?
Qısası, artıq ölkədə heç bir keçəl suya getmir. Hamı hər şeyin fərqindədir.
Bu cür rejimlər üçün ən pisi odur ki, arqument yoxdur. Arqumentsizlikdən arqument yaratmağa çalışanda isə daha çıxılmaz duruma düşürsən. Görürsən ki, hamının hər şeyə veriləcək cavabı var.
Belə rejimlərin mənəvi çöküşünün görsənişidir bu: tamaşa bitir – amma alqışlarsız. Artıq o ənənəvi, saxta çəpiklər də yoxdur. Çünki əllər boş deyil – yumruqlara çevriliblər.

Nə baş verir?
•
•