Gənclərə qarşı “cərimə” təzyiqi

Məhkəmə icraçıları gənc fəalların evlərinə niyə hücum çəkir?

12 yanvar “Əsgər ölümlərinə son!” aksiyasında saxlanılan və məhkəmə tərəfindən cərimələnən gənclərin bir neçəsi cəriməni ödəməkdən imtina edib. Bundan sonra isə həmin gənclərin evinə məhkəmə icraçıları gedib. Həmin gənclərin məsələ ilə bağlı mövqelərini öyrəndik.

“Biz geri çəkilmirik”

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı deyib ki, onun adına hər hansı əmlakın olub-olmadığını araşdırmaq üçün İmişli rayonunun məhkəmə icraçıları ata-anasının yaşadığı Xəlfəli kəndində olub, evlərinə baxış keçiriblər. O,  hesab edir ki, məhkəmə qərarının icra prosesi qəsdən sürətləndirilib: “Könüllü icranı yerinə yetirmirəmsə, izahatım alınmalı idi, sonra valideynlərimin evinə gedib əmlakımın olub-olmaması haqda akt tərtib etməli idilər. Biz bilirik ki, məhkəmə icraçıları təzyiq altındadır, əlaqədar strukturlar onları tələsdirir. Bu isə bizim cəriməni ödəməyəcəyimizə dair açqlamamızdan sonra hakimiyyətdə yaranan narahatçılığın ifadəsidir. Onlar belə bir şey olacağını düşünmürdülər. Gözləyirdilər ağır cərimələr bizi geri çəkilməyə məcbur edəcək. İndi isə durum belədir ki, biz çəkilmirik, ara yerdə məhkəmə icraçıları təzyiqlərdən boğaza yığılırlar”.

“Bu, hakimiyyətin bizə qarşı növbəti təzyiqidir”

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı: “İcazəsiz aksiyalara görə tətbiq olunan cərimələri ödəmədiyim üçün Nəsimi rayon icra nümayəndələri evimə basqın edib, evdə olan bütün əşyaları qeydə alıblar. Bu hakimiyyətin bizə qarşı növbəti təzyiqidir. Bizi bu yolla qorxuda bilməyəcəklər. Bu cür yolla bizim inadımızı qırmaq istəyirlər, amma bilsinlər ki, bununla heç nəyə nail ola bilməyəcəklər və biz daha da qətiyyətlə mübarizə aparacağıq. Biz bu hadisə ilə bağlı müvafiq instansiyalara müraciət edəcəyik. Qaldı ki, cərimələrin ödənilməsinə, bir daha qeyd edirəm ki, biz bu cərimələri ödəməyəcəyik.”

“Yaxın günlərdə kampaniyamız başlayacaq”

Nida Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşad Həsənov: “Cərimələri ödəmək üçün verilən müddətin bitməsinə bir neçə gün qalmışdan icraçılar durmadan zəng vurub, cəriməni ödəməyimizi xahiş edirdilər. Könüllü ödəniş üçün bizə 10 gün vaxt verilib. Mənə verilən müddət fevralın 15-də bitir. Bundan sonra məcburi icra başlanır. Əgər əmlakım yoxdursa, məcburi islah işləri görməyim tələb olunacaq. Bu müddət də 2 ay çəkəcək və bundan da imtina etməli olduğum halda, nələr olacağını deyə bilmərəm”.

“Azad Gənclik” təşkilatının sədri Ülvi Həsənli deyir ki, Gəncədə ailəsinin yaşadığı evə polislər gedib və onun cəriməni ödəməyəcəyi halda həbs olunacağını bildirib: “Gəncə şəhər Kəpəz Rayon məhkəməsinin icraçıları bir neçə dəfə evimizə gedib. Valideynim onlara hər dəfə deyib ki, Ülvi artıq Bakıda yaşayır, burda sadəcə qeydiyyatdadır. Gah deyiblər ki, 1 gün içində 600 manatı ödəməsəz evinizdən əşyalar müsadirə ediləcək, gah da deyiblər ki, Ülvini həbs edəcəyik. Mən məhkəmə qərarında da Bakıda yaşadığım ünvanı göstərmişəm. Onlar həmin ünvana gəlməkdənsə, gedib valideynimi narahat ediblər.
Özüm Kəpəz Rayon məhkəməsinin icra şöbəsinin rəisi ilə danışdım. Fevralın 8-də və 10-da məni Nizami Rayon Məhkəməsinin icra şöbəsindən icraçılar çağırdılar. Hər dəfə də saat yarım vaxtımı alıb uzun-uzun profilaktik söhbətlər etdilər ki, cəriməni ödə.
10 nəfərə yaxın cərimələnənlə bağlı bir kampaniyamız başlayacaq yaxın günlərdə. Ətraflı məlumat veriləcək ictimaiyyətə.”

“O cərimələr ədalətsizdir”

Hüquq müdafiəçisi İntiqam Əliyev bizimlə söhbətində cərimələrin ədalətsiz olduğunu bildirib: “Hər hansı zorakılığa və qanuna zidd hərəkətlərə yol verilmədiyi halda, dinc toplantıya qatılan insanların aşırı güc tətbiq olunmaqla tutulması, həbsi, yüksək məbləğlərdə cərimələrə məruz qalmaları toplaşmaq azadlığına əsassız müdaxilə kimi qiymətləndirilməlidir.
Məhkəmə qərarlarında istinad olunan norma – İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi insanların konstitusion hüquqlarının həyata keçirilməsinə əsassız qadağa qoyur və Konstitusiyanı pozur.
Dinc toplantıda iştirak edən şəxslərə qarşı yüksək cərimələr müəyyən edən normaların ədalətsizliyi və qeyri-adekvatlığını təsdiq edən faktlardan biri də həmin sanksiyanın Cinayət Məcəlləsindəki bir çox cinayətlərə görə müəyyən olunan cəzalardan da ağır olmasıdır. Məsələn, Cinayət Məcəlləsi bütün növ seçki saxtakarlıqları nəzərdə tutan cinayətlərə görə 100 AZN-dən 500 AZN-dək cərimə nəzərdə tutub. Halbuki seçki saxtakarlıqlarının ictimai maraqlara vurduğu ziyan şəxsin hər hansı qanunsuzn hərəkətlərə yol verilməyən dinc toplantıda iştirakı nəticəsində vurulan ziyandan (əgər hətta həqiqətən də belədirsə) qat-qat təhlükəlidir.
Toplantı azadlığını reallaşdırmaq istəyən şəxslərə qarşı bu cür yüksək cərimələrin müəyyən olunması insanları ictimai fəallıqdan, etiraz aksiyalarında iştirakdan çəkindirmək məqsədi güdür.
Azadlıq, demokratiya uğrunda mübarizəyə daha çox insanların qatılması geridönməz bir prosesdir. Hakimiyyət anlamalıdır ki, nə repressiv qanunlar, nə yüksək cərimələr və həbslər bu prosesin qarşısını ala bilməyəcək.”

Bəyim Həsənli