Əliyevin son çıxışının kadr arxası məqamları açıqlandı

Məlum konfransda ayrı-ayrı məmurlar ayağa qaldırılaraq tənbeh edilib

Ölkə başçısı İlham Əliyevin “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair dövlət proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı ilə bağlı ilginc məlumat yayılıb.
“Bizim Yol” qəzetinin yaydığı məlumata görə, ölkə başçısının çıxışı təkcə telekanallada nümayiş etdirilən hissədən ibarət olmayıb. Orada ayrı-ayrı məmurlar adbaad  ayağa qaldırılıb və tənbeh edilib.
Qəzetin yazdığına görə, tədbirdə iştirak edənlərdən biri redaksiyaya məlumat verib ki, İham Əliyev Gəncə, Sumqayıt, İmişli, Salyan, Goronboy, Göygöl, İsmayıllı, Nərimanov, Xətai rayonlarının rəhbərlərini ayağa qaldıraraq, onlara iradlarını bildirib. İlham Əliyev adıçəkilən rayonlarda icra başçılarının sahibkarlara qarşı soyğunçuluq siyasətinin, rayonlarda ədalətsizliyin, özbaşınalığın baş alıb getməsindən xəbərdar olduğunu deyərək, onlara sonuncu xəbərdarlıq edib. Gəncənin və Sumqayıtın icra başçılarının fəaliyyəti üzərində xüsusi ilə dayanan prezident onlardan vəziyyəti dəyişməyi tələb edib.
İlham Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovu da danlayıb. Prezident ünvanlı yardımların verilməsindəki nöqsanları aradan qaldırmağı və özünün və yaxın qohumlarının övladlarına tərbiyə verməyi tapşırıb.