Nəqliyyat naziri «Azəryolservis» şefinin korrupsiya yüklü layihəsini qayçılamaq üçün Tiflisə gedib
Nəqliyyat naziri Ziya Məmmədov Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin gedişilə bağlı danışıqların aparılması üçün Tbilisiyə gedib. Yerli və xarici KIV-də adı korrupsiya mövzularında hallanan Z.Məmmədov dekabrın 26-da Azərbaycanda baş nazir Bidzina Ivanişvilinin söylədiyi fikir ayrılığının həlli üzrə təklifləri Gürcüstan tərəfinə təqdim edə bilər.
Ötən ilin sonunda Gürcüstanın yeni hakimiyyəti Gürcüstan mətbuatında korrupsion layihə adlandırılan layihəyə ciddi iradını bildirib. Məlum olduğu kimi, 2013-cü ildə başa çatdırılması nəzərdə tutulan layihə ildə 10 milyondan 25 milyona tonadək yükün daşınmasını təmin edəcək.
Türkiyənin Qars şəhərindən Gürcüstanın Axalkalaki şəhərində 98 kilometrlik dəmir yolunun çəkilməsi nəzərdə tutulur.
Yolun böyük hissəsi (68 km.) Türkiyə tərəfinin, qalan 30 km.-i Gürcüstanın payına düşür. 202 mln. dollar Türkiyə hissəsinin, 220 mln. Gürcüstan hissəsinin inşasına yönəldilib. 2009-cu ildə Gürcüstan hissəsi demək olar ki, iki dəfə artıb və layihənin ümumi dəyəri 600 mln. dollar təşkil edib. 2012-ci ilədək Gürcüstan layihəsi astronomik həddə – 775 mln. dollara çatıb. Gürcüstan hissəsinin 30 km.-i və bəzi sahələrin rekonstruksiyası Bakının krediti hesabına ödənilir. Güzəştli kredit adlanan kreditin artmasına o zamankı Gürcüstan-Azərbaycan tandemi havanın əlverişsiz olması, işlərin yenidən qiymətləndirilməsi, tikinti materialları və xammalın dünya qiymətlərinin artması kimi əsaslarla haqq qazandırıb.
Gürcüstan KIV-dəki mənbələr “Turan”a bildiriblər ki, Ivanışvili Əliyevdən xahiş edib ki, layihəni artıq maliyyə vəsaitindən azad etsin və onu reallıqlara uyğun əsaslandırsın. Bakıya səfəri zamanı o, bununla bağlı razılığını alıb.
“Azərbaycan prezidenti və baş nazirlə görüşdən sonra əmin oldum ki, ölkələrimiz arasında yaxşı münasibətlər var.
Əgər aramızda hər hansı kiçik məsələ yaranarsa, dostluq şəraitində onu həll edə bilərik”,- Ivanişvili vurğulayıb.
Gürcüstanın baş nazirinin Bakıya səfəri ərəfəsində Azərbaycanın bəzi hökumətyönlü KIV-də Ivanişvilinin
mövcud saziş və sxemlərə yenidən baxılmasına cəhd göstərməsi ilə bağlı adı açıqlanmayan məmurların hədələyici fikirləri səslənirdi. Lakin danışıqların nəticələri göstərdi ki, bu hədələr Ivanişvilini dayandıra bilmədi.
Azərbaycan tərəfinin layihəni necə ucuzlaşdıracağı və güzəştli kredit kimi Gürcüstana verilən dövlət vəsaitinin hara köçürüləcəyi hələlik məlum deyil.
“Azadlıq” olaraq onu da qeyd edək ki, Gürcüstanda sözügedən layihəni “Azəryolservis”in rəhbəri Cavid Qurbanov icra edir.
Onu da qeyd edək ki, sözügedən layihəni vaxtilə C.Qurbanova Z.Məmmədov həvalə edib. Həmin vaxt bu, Z.Məmmədovun komandasına daxil olan digər məmur- Dövlət Dəmir Yolu Idarəsinin rəisi Arif Əsgərovun narazılığına səbəb olmuşdu. Səbəb isə C.Qurbanovun nəzarətində xeyli avtomobil yollarının layihəsi olmasına baxmayaraq, bu dəmiryol xətti çəkilişinə də əl qoyması olub. Ancaq son vaxtlar Z.Məmmədovla Cavid Qurbanovun münasibətlərinin korlandığı haqqında çoxsaylı məlumatlar var. Belə ki,Z.Məmmədov C.Qurbanovdan xəbərsiz onun tabeçiliyindəki xeyli müəssisələri ərazisindən köçürüb. Xüsusilə də, bu sırada C.Qurbanovun “sağ əli” sayılan Xəqani Kazımovun asfalt zavodunu göstərmək olar. Müxtəlif mənbələrdən gələn xəbərlərdə deyilir ki, Z.Məmmədovla C.Qurbanovun yolları ayrılıb və nazir artıq ondan qurtulmaq istəyir. Indi belədemək mümkünsə, Z.Məmmədovun əlinə C.Qurbanovdan üzülüşmək üçün şans düşüb. Söhbət nazirin qayıdandan sonra dövlət başçısına fantastik şəkildə şişirdilmiş layihə haqqında necə məlumat verəcəyindən asılıdır.
Sonda onu da qeyd edək ki, sözügedən layihədə C.Qurbanovun qardaşının da adı maliyyə qalmaqalında hallanır. Bu barədə redaksiyamıza təfsilatlı məlumatlar daxil olub. Bəzi araşdırmalardan sonra bu barədə də məlumat verəcəyik.