aliyev-2013musavire2

“…o adam həbs ediləcək, atası işdən qovulacaq” (VİDEO)

aliyev-2013musavire2İlham Əliyev məmur harınlığını etiraf etdi və hədə-qorxu gəldi

«Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq»

“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. Insanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Bunu Prezident Ilham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində keçirilən “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib (“Azadlıq” radiosu).
Ölkə başçısı çıxışında bəzi icra hakimiyyəti başçılarının öz məsuliyyətlərini dərk etmədiklərini də bildirib: “Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. Inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Burda oturan bütün icra başçılarını mən təyin etmişəm, hamısını. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmayıblar. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir”.
Ilham Əliyev məmurların keçirdikləri məclislərdən də danışıb: “Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər. Təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. Ikincisi bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr, bunu yığışdırın, bəsdirin. Kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu, həm yerli icra orqanlarına aiddir, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir”.
Ölkə başçısı sahibkarların rayonların abadlıq işlərinə cəlb edilməsindən danışıb: “Hər bir rayonun öz büdcəsi var. Hər bir rayona dövlət tərəfindən vəsait ayrılır. Prezidentin Ehtiyat Fondundan mütəmadi qaydada vəsait ayrılır. Bu vəsaitlə iş görmək lazımdır. Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Kim istəyir, kömək eləsin. Amma bəzi hallarda onları məcbur edirlər. Böyük həcmdə onlar xərc çəkirlər. Sonra da pulunu vermirlər. Belə olmaz. Kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edir. Bütün məlumatlar çatır. Bir də deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq”.

Ilham Əliyevin bu çıxışı hakimiyyətdəki vəziyyəti təsəvvür etməyə imkan verir. Deməli, iqtidarda dərəbəylik,  məmurların qudurğanlığı o həddə çatıb ki, artıq ölkə başçısının da narahatlığına səbəb olub. Əlbəttə ki, bu narahatlıq xalqı düşünərək deyil, hakimiyyətini düşünərək yaranıb. Yəni Ilham Əliyev fərqindədir ki, məmurların harınlığı onun hakimiyyətini təhlükə altına qoyur. Bu baxımdan da onlara “bəlkə bir az yavaşlayasınız” mesajını verir. Həmçinin mümkündür ki, seçki ilində xal qazanılması üçün bir neçə məmur güdaza verilsin.
Ilham Əliyevin çıxışından aydın sezilir ki, rayonlarda, xüsusilə Ismayıllıda baş verən etirazlar onu çox narahat edib. Heç şübhəsiz Ilham Əliyev “vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər” fikrini səsləndirərkən əsasən bu hadisəyə işarə edib. Xatırladaq ki, Ismayıllıda icra başçısı Nizami Ələkbərovun oğlu və nazir qardaşı Füzuli Ələkbərovun oğlu rayon sakinlərini təhqir edib. Məlum hadisələr də bundan sonra baş verib.
Ilham Əliyevin sahibkarların incidilməsi ilə bağlı fikirləri Imişlidə iş adamları ilə icra başçısı arasında baş verən pul qalmaqalından qaynaqlanır. Lakin təkcə Imişlidə belə deyil. Bütün rayonlarda abadlıq işləri sahibkarların vəsaiti hesabına görülür. Yaxud da icra başçıları sahibkarlara hansısa işi gördürüb pul verəcəklərini deyir, lakin iş adamları pulunu ala bilmir. Imişlidə də oxşar hadisə baş vermişdi. Bu baxımdan sahibkarlar ayağa qalxaraq icra başçısından pullarını tələb etmişdilər.

Siyasət şöbəsi