Azərbaycanda müxtəlif çörək növləri bişirilir: təndir çörəyi, lavaş (yuxa, yayma), fətir, nazik, qalın, kətə, mayasız çörək (cır çörək) – xörək çörəyi, bəyim çörəyi, qoz çörəyi, badam çörəyi və s. Mənbənin etibarlığına şübhə ola bilməz. Vikipediyadandı. Ancaq bu çörək növlərinin içində birinə rast gəlmədim. Dünən onu da eşitdim…
Azərbaycanın həddindən artıq böyük alimi, böyük siyasətçi, böyük vətənpərvər, əqidəsindən dönməz böyük insan Nizami Cəfərov “Azadlıq” radiosunun canlı yayımlanan “Pen-klub” verilişində təxminən belə dedi ki, Əkrəm Əylisliyə nə cür cəza versələr yeri var, çünki o, millətin çörəyini yeyib, ancaq ona naxələf çıxıb.
Ona görə də vikipediyada çörək növlərini axtardım ki, görüm, elə bir çörək var, ya yox. Yox imiş.
Bəs yazıçının yediyi nə imiş? Mənə elə gəlir ki, nə imişsə də, akademikin dediyi olmayıb. Bəli, yazıçı yuxarıda sadaladıqlarımın hamısından dadmış olar. Nə isə, ustad yazıçı nə yeyib mənə nə? Məni həmin çörək növü maraqlandırır.
“Millətin çörəyi”. Şəxsən o çörəyin nə olduğunu mən bilmirəm. Çörəyim daşdan çıxır. Ancaq onu daşdan çıxaran özüməm. Millətin mənim çörəyimlə nə işi. Yazı yazıram, təvazökar qonorar, o qonorara dükandan həm də çörək alıram: təndir çörəyi, zavod çörəyi, lavaş, qara çörək. Hər kəs öz çörəyini yeyir. Əlbəttə, söhbət çörəyini öz halal əməyi ilə qazananlardan gedir. Indi kimsə bir milyon rüşvət verir, deputat olur, kimsə əqidəsini dəyişib deputat olur, partiya açır, nə bilim nə edir və nə… yeyir, bax onlara demək olar: siz millətin çörəyini yeyirsiz.
Və yaxud da maaşı varidatına nisbətdə qəpik-quruş olan nazirlər, başqa iri məmurlar milyonluq villalar tikir, alır, qiyməti yüz minlərlə ölçülən maşınlarda gəzir, şəxsi təyyarə alır, hektarlarla ərazini zəbt edir, aydındı ki, bu adamlar sözün bir başa mənasında millətin çörəyini yeyirlər. Özü də o çörəyi vəhşi kimi millətin əlindən qoparıb, ağzından çıxarıb yeyirlər. Yazıçı, jurnalist millətin çörəyini yemir, ancaq millətin çörəyini yeyənləri tənqid edirlər, o çörəyi yeyənlər isə yazarlara qan uddurur, deyirlər: “Sizə ar olsun, millətin çörəyini yeyib millətin üzünə ağ olursuz…”.
Rüstəm Ibrahimbəyovun qulağı
Dünən biri söylədi ki, yuxarılarda bir yığıncaq olub və göstəriş verilib ki, məlum “balıq-adamcıq”, Əkrəmdən sonra Rüstəm bəyin qulağı ilə bağlı bəyanat versin. Bu gün isə oxuyuram ki, dramaturqun həbsinə hazırlıq gedir. Onlar heç zaman etdiklərinin nəticəsini düşünməsələr də, nə etdiklərini yaxşı bilirlər. Aydındı ki, Rüstəm bəy dünya şöhrətli sənətkardı. ABŞ-da da çox ciddi dostları var. Onu hansısa mənasız bir bəhanə ilə həbs etmək və ya ilişdirmək mümkün deyil. Daha doğrusu, bu ölkədə hər şey mümkündü, ancaq necə səslənəcəyi məsələsi var. Yəni belə səbəblərlə şərləməyə qarşı dünyanın reaksiyası da çox sərt olar. Ancaq ABŞ vergi məsələsində kimliyindən asılı olmayaraq hər kəslə ən sərt şəkildə, rəhm etmədən davranan ölkədi. Orada vergi məsələsinə görə ən böyük sənətkarlar belə cərimələnib, həbs ediliblər. Indi bizimkilər düşünürlər ki, onu bu yolla həbs etsələr, bu addımlarını çox rahat şəkildə müdafiə edə bilərlər. Ən azı “daşdan keçən” sənədlər təqdim etmək çətin olmaz. Lakin bir şeyi unudurlar. ABŞ hər mənada qanunların işlədiyi, məhkəmə-hüquq sisteminin tam özgür və mümkün ola bildiyi qədər qüsursuz olduğu dövlətdir. Orda vergi cinayətlərinə görə çıxarılan qanunlar şübhə doğurmur. Azərbaycan isə… ən yumşaq halda namuslu vergi ödəyicilərinin vergi orqanı tərəfindən məhv edildiyi dövlətdir.
Nə isə. Görünür, indi də dünyada daha da məşhurlaşmaq növbəsi usta dramaturqundu. Sonunda ifşa olacaq isə, yenə də çarəsiz Azərbaycanın düşüncəsiz hakimiyyəti.

Millətin çörəyi nə olan seydi?
•
•