Avropanın yaxşı tərəfləri – cins inəklər

Tağı Əhmədovun dünənki müsahibəsini oxuduq. Gülər Əhmədova qalmaqalından danışır və deyir: “Nə qədər ki, Azərbaycanda yüksək vəzifələri təmizqanlı azərbaycanlılar tutmur, belə hallar baş verəcək”.
Gülər parlamentinin üzvü olan bir rektor isə “Daş yuxular” romanına görə onun müəllifinin qanını yoxlamağı təklif etmişdi.
Indi məlum olur ki, “təmiz qan”ı ədəbiyyatda yox, hakimiyyətdəkilərdə axtarmaq lazımdır.
Mən əlbəttə, bu qan söhbətinin faşistcə bir düşüncənin məhsulu olduğunu bilirəm, 21-ci əsrdə insanları daşıdığı qana görə suçlamaqdan, mühakimə etməkdən böyük ayıb ola bilməz. Hələ-hələ bu cür çağdışı fikirlər bir rektorun ağzından çıxırsa, ümumiyyətlə, utancvericidir. Istənilən normal ölkədə onu rəhbərlik etdiyi universitetin qapısından buraxmaz, ya da o universitetin qapısından bir müəllim və tələbə də içəri ayaq basmazdı.
Amma indi mənə həmin deputat-rektorun çıxıb Tağı Əhmədovun dediklərinə nə cavab verəcəyi maraqlıdır. Bir yazıçıya qarşı “təmiz qan” üzərindən saldırdığı kimi metro rəisinin nişan verdiyi yüksək vəzifəlilərə də meydan oxuyacaqmı? Yox, susacaqsa, bu riyakarlığına nə ilə bəraət qazandıracaq?
Ümumiyyətlə, bizim çağın bu qədər gerisində qalmağımız adamın içini sızladır. Biz tərəqqipərvər bəşəriyyət üçün çoxdan keçilmiş mərhələləri indi adlamaq fikrindəyik. Kitab yandırırıq, sözə görə qulaq kəsmək istəyirik. Daşıdığı qanı insanı mühakimə etmək üçün yetərli sayırıq. Ağır dərddir.
Avropanı bəyənmirik, onun çağdaşlıqla, modernizmlə assosiasiya olunan dəyərlərini düşmən elan edirik, amma 10 milyon manat verib Almaniyadan cins inəklər gətiririk. Cins inəkləri pulla alırıq Almaniyadan, amma 30-40-cı illər Almaniyasından da faşizmi pulsuz gətiririk. Hər cür fərqli düşüncəni xor görürük, yazıçıya nəyi necə yazmalı olduğunu əmr edirik.
Hə, onu deyirdim axı, bizim Avropa dəyərləri deyəndə təpəsindən tüstü qalxan, AzTV ilə, digər yandaş telekanalları, qəzetləri, Eynulla Fətullayevi, başqaları ilə Avropaya, onun ən önəmli qalalarından olan Almaniyaya müharibə elan edən hakimiyyətimiz indi Almaniyadan damazlıq inək almaq üçün 10 milyon manat ayırıb. Adam bilmir, gülsün, yoxsa ağlasın. Bunlar həmişə deyirlər ki, biz Avropanın yaxşı tərəflərini götürüb, pis tərəflərini atmalıyıq. Indi belə məlum olur ki, bunların ağlına, məntiqinə görə, Avropanın yaxşı tərəfi damazlıq inəklər imiş. Ya da bundan əvvəl aldıqları cins eşşəklər imiş.
Demokratiya və özgürlüklər isə Avropanın pis tərəfləridir.
Söz, vicdan azadlığı, ədalətli məhkəmə, hüququn üstünlüyü, qanunun aliliyi, azad seçkilər isə Avropanın pis tərəfləridir.
Ona görə də damazlıq inəkləri, cins eşşəkləri ölkəyə buraxır, hələ üstündə ətək-ətək pul da verirlər, amma Ştrasserə viza vermirlər. Azərbaycanın qapılarını çağdaşlığın, özgürlüyün, ədalətin, rifahın üzünə bağlayırlar.
Beləcə, Avropanın pis tərəflərnini atıb, yaxşı tərəflərini götürmüş olurlar.
Avropadan damazlıq inək alıb burda Avropa inəklərinin nəslini artırırlar, amma Azərbaycanı bir Avropa ölkəsi kimi görmək istəyən, Avropa dəyərlərinin bu ölkədə təntənəsini arzulayan adamları da döyərək, ölkədən qovaraq, ağzından ataraq, qandallayaraq kökünü kəsməyə çalışırlar.
Nə bilim vallah, adam deməyə söz də tapmır. Eləcə oturub öz-özünə fikirləşirsən ki, ilin-günün bu vaxtı, 21-ci əsrdə bu cür qartımış, çürük zehniyyətin idarə etdiyi, hakim olduğu bir ölkədə yaşamağa məhkum edilməklə cəzalandırılacaq qədər hansı ağır günahı etmisən?
Şəxsən mən heç kimin toyuğuna “kiş” də deməmişəm. Bəs bu nə bəladı çəkirəm? Hansı suçun bədəlini ödəyirəm?!