Anti-Əkrəm kampaniyası Britaniya mediasında

«The Independent»: “Hakimiyyətin yazıçıya qarşı nifrət kampaniyası diqqəti daxili problemlərdən yayındırmağa hesablanıb”

Britaniyanın «The Independent» qəzetinin 13 fevral sayında Azərbaycanda yazıçı Əkrəm Əylisliyə qarşı aparılan kampaniyadan yazılıb. Qəzet yazıçının qulağını kəsməklə bağlı Hafiz Hacıyevin verdiyi “partiya qərarına” diqqət yönəldib.

«Mənə Əkrəm Əylislinin qulağını gətirin! Siyasətçi yazıçıya hücum üçün 8 min funt sterlinq təklif edir» başlıqlı məqalənin müəllifi Şaun Valker qeyd edir ki, bu çağırış ölkə hakimiyyətinin yazıçıya qarşı nifrət kampaniyasının tərkib hissəsidir və diqqəti daxili problemlərdən yayındırmağa hesablanıb. Müəllifin fikrincə, kampaniyanın yönəldilib-əlaqələndirildiyini yerli televiziyaların proqramları da əks etdirir. «O, Yazıçılar Birliyindən qovulub, prezident təqaüdündən məhrum edilib. Xanımının və oğlunun öz işlərini itirdiyi bir vaxtda, evinin qarşısında piketlər keçirilir, əsərləri yandırılır»,- deyə Valker yazır.
Qəzet məsələ ilə bağlı Əkrəm Əylislinin özünü də danışdırıb. «Bu kitab azərbaycanlıları və erməniləri barışdırmaq üçün yazılmışdı. Kitabı yazanda başa düşürdüm ki, ziddiyyət yarana bilər, amma dövlət səviyyəsində bu böyüklükdə kampaniyanın olacağını ağlıma gətirməmişdim», – deyə yazıçı «The Independet»ə bildirib.

Qəzet daha sonra “Azərbaycan prezidentinin müşaviri” kimi təqdim etdiyi Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovdan sitat gətirir: «Bir insanın milli hissiyyatı yoxdursa, onun humanizm hissi də ola bilməz.  Azərbaycan xalqı belə insanlara qarşı ictimai nifrətini bildirməlidir».
Məqlədə “Human Rights Watch” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Huqh Villiamsonun da fikirlərinə yer verilir: “Azərbaycan hakimiyyətinin Əkrəm Əylisini qorumaq kimi bir məsuliyyəti  olsa da,  əvəzində hakimiyyət ona qarşı hədə-qorxu cəhdlərinə, dəhşətli ləkələmə və düşmən ritorikalı kampaniyaya rəhbərlik edib».

«The Independent» Əylisliyə qarşı kampaniyanın ölkədə “qeyri-adi vətəndaş həyəcanlarından” dərhal sonra baş verdiyini diqqətə çatıdraraq, ötən ay Bakıda əsgər ölümlərinə etiraz məqsədilə keçirilən aksiya və İsmayıllıda baş verən xalq etirazından bəhs edir.
Məqlə müəllifi yazır ki, təhlilçilərin fikrincə, “Əliyevin avtoritar metodlarından və hakim elitanın baş alıb gedən korrupsiyasından narazılıq rejimin populyarlığını tükəndirir”.

***

Xatırladaq ki, Əkrəm Əylisliyə qarşı aşırı kampaniya, o cümlədən Hafiz Hacıyevin məlum çağırışı bütövlükdə Qərb mediasında geniş rezonans doğurub. Bundan qabaq dünyanın ən məşhur nəşrlərindən “The Washington Post” da bu mövzuda geniş məqlə ilə çıxış edib.