Tiflis teatrının tanınmış simalarından biri

Həm gözəl aktyor, həm də rejissor

Peşəkar Azərbaycan teatrının inkişafında XIX-XX əsr Tiflis mühitinin önəmli rolu olmuşdur. Bu dövrdə Tiflisdə fəaliyyət göstərən Azərbaycan aktyorlarının Bakı və başqa şəhərlərdəki yaradıcı həmkarlarıyla yaxın əlaqələri vardı ki, bu da teatr sənətinin inkişafına böyük stimul verirdi.
Bu dövrdə Tiflis teatrının formalaşmasında mühüm rol oynayan şəxslərdən biri də Həbib bəy Köçərli olub. Onun fəaliyyəti həm Tiflis, həm də Şuşa teatrına böyük töhfələr vermişdir. Teatrşünas Abbas Hacıyev Həbib bəy Köçərlinin Tiflisdəki teatr fəaliyyətinin 1905-ci ildən başlandığını qeyd edərək yazır: “1905-ci il inqilabından sonra Tiflis Azərbaycan teatrı mündəricəsi, hər hansı əsərin təcəssümünü verə bilmək imkanın genişliyi ilə Zaqafqaziya teatrlarının çoxundan fərqlənirdi. Çünki bu teatrda güclü aktyorlar – Mirzəli Abbasov, Əşrəf Yüzbaşov, Mirseyfəddin Kirmanşahlı, Həbib Köçərli, Mustafa Mərdanov, Ibrahim Isfahanlı, Göyərçin xanım, Əlibala Şahsabahlı, Əli Qurbanov, Ələkbər Seyfi, Əhməd Salahlı, Möhsün Sənani və onlarca başqa səhnə vurğunları fəaliyyət göstərirlər. Onlar faciə, dram, komediya və musiqili operettalarda eyni uğurla çıxış edir, ümumxalq məhəbbəti qazanırdılar”.
Amma mənbələrdə aktyorun səhnəyə çıxması ilə bağlı müxtəlif tarixlər göstərilir. Həbib Köçərlinin gimnaziya yoldaşı və dostu, görkəmli ədəbiyyatşünas Əziz Şərif xatirələrində aktyorla bağlı maraqlı məqamları qeydə alıb. Əziz Şərifin sistemli şəkildə qələmə aldığı gündəliyində onun Həbib Köçərlini ilk dəfə səhnədə görməsi tarixi 1909-cu il oktyabrın 5-i olaraq qeyd edilmişdir. Aktyor həmin gün türk dramaturqu Namiq Kamalın “Vətən” dramında baş rolu oynamışdır. Əziz Şərifin xatirələrində oxuyuruq: “Eyni tamaşa bir ay sonra, noyabrın 7-də yenə Həbib Köçərlinin iştirakı ilə təkrar edilmişdi. Onun son dərəcə uğurla oynaması bu gün də mənim yadımdadır. Həbib Köçərli, demək olar ki, səhnədə yaşayır və təsvir etdiyi qəhrəmanları yaşadırdı”.
ÿƏdəbiyyatşünas eyni zamanda, Həbib Köçərlinin Fəxrəddin (“Müsibəti-Fəxrəddin”) və Fərhad (“Bəxtsiz cavan”) rollarını da böyük məharətlə oynadığını xüsusi qeyd etmişdir.
Aktyorun “Otello” tamaşasında yaratdığı Yaqo obrazı da yüksək qiymətləndirilmişdir. Həmin tamaşada Həbib Köçərlinin tərəf-müqabili Otello rolunun ifaçısı – görkəmli aktyor Mirzəli Abbasov olmuşdur.
“Səadət” dram cəmiyyətinin aparıcı aktyoru
1911-ci ildə göstərilən “Otello” tamaşasına o vaxtlar Tiflisdə müalicə olunan böyük şairimiz Mirzə Ələkbər Sabir də baxmış və xeyli təsirləndiyini söyləmişdi. “… Xəstə olmağına baxmayaraq, axıra kimi qalıb tamaşa etdi. Tamaşadan çox razı qaldı, hətta ayrı-ayrı aktyorları qucaqlayıb öpdü də. Otello rolu barədə böyük şair dedi ki, Otellonu Mirzəli Abbasov çox yaxşı oynayır, amma bir cəhətə daha artıq fikir verməlidir. O da Şekspirin Otello surətinə münasibətidir. Şekspir qara irqə mənsub olan Otellonu sevir, onu ağ irqə mənsub olan alçaq Yaqodan yüksək tutur. Otellonu oynayan bir aktyor rolun bu cəhətinə fikir verməlidir”. Bunu teatrşünas Abbas Hacıyev yazıb.
Həbib bəy Kərim bəy oğlu Köçərli 1890-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa Real məktəbini bitirmiş, Tiflis gimnaziyasına daxil olub, 1913-cü ildə oranı tamamlamışdı. O, ali təhsilini Almaniyanın Leypsiq şəhərində Kommersiya institutunda təhsilini davam etdirmişdi.
Həbib bəy Tiflis teatrında həm rejissor, həm də aktyor kimi fəaliyyət göstərmişdi. Aktyor Tiflisdə teatr tarixinə parlaq hərflərlə yazılan tamaşalar hazırlamış, teatrın şöhrətini ölkə hüdudlarından kənara yaymışdı.
Məlum olduğu kimi, həmin illərdə Tiflisdəki Azərbaycan teatrının öz binası yox idi. Azərbaycanlı aktyorların hazırladığı tamaşalar ayrı-ayrı teatrlara məxsus binalarda göstərilirdi. Bu da teatrın inkişafına mənfi təsirini göstərirdi. Beləliklə, yerli ziyalılar şəhərin azərbaycanlılar yaşayan “Şeytanbazar” məhəlləsində teatr üçün xüsusi bina ayrılmasına səy göstərirdilər. Bu ideya 1912-ci ildə reallaşdı – elə həmin məhəllədə teatr üçün “Auditoriya” açıldı.
“Auditoriya”nın təntənəli açılış mərasimi həmin il aprelin 1-də olmuşdur. Bu mərasimdə görkəmli Azərbaycan ziyalıları, digər xalqların nümayəndələri iştirak etmişlər. Onların sırasında Həbib Köçərli də vardı. “Auditoriya” açıldıqdan sonra Mirzəli Abbasovun rəhbərlik etdiyi “Dram cəmiyyəti” ilə Həbib Köçərlinin başçılıq etdiyi “Səadət” teatr cəmiyyəti birləşdilər. Nəticədə daha səriştəli teatr truppası yarandı.
Azərbaycan ədiblərinin ən məşhur əsərlərində rol alıb
1912-ci ildə Tiflisdə teatr üçün xüsusi bina – “Auditoriya”nın açılış mərasiminin hazırlanması və keçirilməsində Əbdürrəhim bəy Haqverdiyev, Firidun bəy Köçərli, Hüseyn bəy Mirzəcamalov, Həbib bəy Köçərli və başqa ziyalılarla birlikdə Ismayıl Həqqi də yaxından iştirak etmişdir. Məhz həmin il “Auditoriya”nın səhnəsində, şəhərin digər teatrlarının binalarında çoxsaylı tamaşalar göstərilmişdir.
Professor Əziz Şərifin “Keçmiş günlərdən” kitabından: “Səhnədə birpərdəli gülməli komediya, vodevillərlə yanaşı, ”Yağışdan çıxdıq, yağmura düşdük”, “Hacı Qara”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Pəhləvanani-zəmanə”, “Bəxtsiz cavan”, “Zorən təbib”, “Tamahkarlıq düşmən qazanar” və sair bu kimi iri əsərlər də göstərilirdi ki, bu tamaşalarda əsas iştirakçılar Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Həbib Köçərlinski, Sadıqbəyov, Ismayıl Həqqi, Mirzəxan Quliyev və başqalarından ibarət idi…”.
Tiflis Azərbaycan teatrı 1913-1914-cü illər mövsümü türk dramaturqu Namiq Kamalın “Zavallı cocuq”, “Vətən” və “Akif bəy” əsərlərinin tamaşaları ilə başlamışdır. Həmin səhnə əsərlərində Mirseyfəddin Kirmanşahlı, Həbib bəy Köçərli və Əbülfət Vəli və Ismayıl Həqqi də iştirak etmişdir.
Teatrşünas Abbas Hacıyev yazıb: “Həbib bəy Köçərli Tiflisdə aktyor və rejissor kimi böyük şöhrət tapmışdı. O, savadlı, dünyagörüşün genişliyi, həyata, bədii əsərə, onun səhnə təcəssümünə orcinal baxışı, incə zövqü və həssaslığı ilə Tiflis Azərbaycan artistlərinin çoxundan fərqlənirdi. O, rus, gürcü, tatar və erməni aktyorları ilə əlaqə saxlayır, realist-romantik təcrübəni yayır, müxtəlif səpkili əsərlərdə bacarıqla, özünəməxsus üslubla oynaya bilir və onun təbini, səhnə istedadı ədəb mühit tərəfindən qiymətləndirilirdi”.
Sonralar 1913-cü ildə Tiflis Azərbaycan teatrının kollektivində müəyyən qədər dəyişiklik yarandı. Hüseyn bəy Mirzə Camalov və Həbib Kərimov (Köçərli) Tiflis Azərbaycan teatrından ayrılaraq, ali təhsil almağa getdilər.
Köçərli qələmini bədii yaradıcılıqda da sınamışdır. “Yeni həqiqət” 1911-ci ildə onun bir opera yazdığını xəbər vermişdi: “Tiflis müsəlman səhnəsində oynayan, ”Səadət” dram cəmiyyətinin baş artisti məşhur Köçərli bütün varidatı cəmiyyətinin xeyrinə olmaqla bu yaxın zamanda bir müsəlman operası yazıb qurtarmışdır. “Mehr və Mah” adlanır. Rusca “Ruslan və Lyudmila” operasından iqtibas etmişdir. Səhnədə oynanılmasına senzor icazə vermişdir”.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir