Bir: Əli Həsənov Hafiz Hacıyev haqqında “o ciddi adamdır” demişdi. Hafiz Əkrəm Əylislinin qulağını kəsmək üçün mükafat olaraq 10 min manat pul qoyandan sonra da Həsənov bu fikrində qalırmı? Qalırsa, o zaman bir “ciddi adam”ın cinayətə çağırışına niyə günlərdir hakimiyyət orqanları qeyri-ciddi yanaşır, heç bir hüquqi ölçü götürülmür?
Iki: Bu qulaqkəsmə çağırışını bir müxalifətçi etsəydi, hüquq-mühafizə orqanları yenə təpkisiz qalardımı? Yoxsa, iki aylıq həbs-qətimkan tədbiri artıq çoxdan o müxalifətçinin əyninə biçilmişdi?
Üç: Tofiq Yaqublu, Ilqar Məmmədov heç bir sübut olmadan “ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər”ə çağırmaqda suçlanıb içəri atılır da, kiməsə qarşı zorakı çağırışa və hətta buna görə mükafat təyin etməyə görə niyə eyni operativlik, həssaslıq göstərilmir?
Dörd: Deputat Musa Quliyev “qulaqkəsmə” çağırışına münasibət bildirərkən onun müəllifini “məhdud ağlı olan” adlandırıb. Quliyev həmin “məhdud ağlı olan” adamın havadan yazdığı bir ərizə ilə bir müxalifət liderinə qarşı Elçibəyi zəhərləmək ittihamı ilə cinayət işi başlanmasına nə deyir?
Beş: Hakimiyyət deputatları – Musa Quliyevindən Çingiz Abdullayevinədək açıqlama verib, Əylisliyə qarşı məlum çağırışı “yolverilməz”, “cinayət”, “Azərbaycana dünyada zərbə vurmaq cəhdi” adlandırırlar. Biz – bir qrup yazar isə məlum qalmaqalın ilk günündən bu zorakı çağırışları, 37-ci il əhval-ruhiyyəli kampaniyaçılığı dayandırmaq barədə səslənəndə, həmin deputatların sevimli hakimiyyət mediası bizə “satqın”, “Sonanın uşaqları”, “vətən xaini” yarlıqları yapışdırırdı. Onlar eyni qəzəbi, nifrini indi bu deputatlara qarşı da püskürəcəklərmi?
Çooox ilginc bir təsadüf
Dünən general Rail Rzayevin günün günorta çağı qətlə yetirilməsindən 4 il keçdi.
Nə qətlin səbəbi bəllidir, nə qatilin kimliyi.
Sifarişçi bilinmir.
Yüksək dozalı ictimai-siyasi sabitlikdən əziyyət çəkən ölkəmizdə son 20 ilin bütün səs-küylü qətllərində olduğu kimi, bu cinayətin üstü də qalın sirr pərdəsi ilə örtülüb.
Rzayevin qətlinin 4-cü ildönümündə isə hərbi helikopterimiz qəzaya düşdü, üç zabit həlak oldu.
Onlardan birinin 20 gün sonra toyu olacaqmış.
Hətta bunun da ordudakı ölümləri durdurmaq yerinə, bunu tələb edənləri “düşmən dəyirmanına su tökməkdə” ittiham edən zehniyyətin vicdanını sızlatdığına inanmıram.
Dünən axşam saatlarında, mən bu sətirləri yazarkən qəzanın səbəbləri məlum deyildi. Ən azı, portallarda bu haqda heç bir rəsmi açıqlama yox idi. Qeyri-rəsmi versiyalar isə hələ ki, heç nə demirdi: dumanlı hava, texniki nasazlıq, pilotların səhv idarəetməsi.
“Generalın 4 il əvvəlki qətli ilə bu qəzanın nə əlaqəsi var?”, – deyə soruşsanız, belə cavab verim:
Mən bir əlaqəsi olduğunu yazmıram.
Sadəcə, Rauf Arifoğlunun sözü olmasın, ilginc bir təsadüfü yazıram.
Rail Rzayev Hərbi Hava Qüvvələrinin komandanı idi.
Xəzərə düşən helikopter də Hərbi Hava Qüvvələrinə məxsusdur.
Bu mənada dəhşətli qəzanın qorxunc qətllə eyni günə təsadüf etməsi, sizi bilmirəm, amma mənə maraqlı gəldi.
Cıdırın düzü və TV-si
Iki-üç gün əvvəl bir xəbər vardı saytlarda, niyəsə çoxunun diqqətindən kənarda qaldı.
Xəbərdə deyilirdi ki, ölkədə yeni telekanal açıla bilər, adı da “Cıdır TV”.
Orada camaatımız səhərdən axşama at yarışlarını izləyəcək.
Əslində, mən bilmirəm, ayrıca at telekanalına nə ehtiyac var? At yarışlarını digər telekanallarda da göstərmək olmazmı? Bir halda ki, onların hamısında at kimi camaatın üzünə dirənib, dünyanın ən inkişaf etmiş, çiçəklənən ölkəsi olduğumuzu deyirlər, qoy elə at yarışlarını da göstərsinlər. Bu daha məntiqli olardı.
Amma görünür, yaptokratiya həmişəki kimi çox dərin, hərtərəfli, uzaqgörən və uzaqvuran düşünür: bir halda ki, Cıdır düzünə gedə bilmirik, hakimiyyətdəkilərin isə bu haqda düşünməyə vaxtları yoxdur, büdcədən oğurlamaqdan başları açılmır, heç olmasa, “Cıdır TV” ilə xalqa təsəlli vermək mümkündür. Olmasın Cıdır düzü, olsun “Cıdır TV”. Guya qarşıdan gələn Novruzda bayram tonqallarını Əkrəm Əylislinin kitabları ilə qalamağı təklif edən ağıl və mərifət sahiblərinin olduğu bir ölkədə bunun bir fərqi varmı?

Suallar, suallar…
•
•