Kürdlər arasında qarşıdurma

Tahir Süleyman «Ronahi» Kürd Mədəniyyət Mərkəzinin sabiq sədrini ittiham etdi  

“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin rəhbəri vəzifəsindən istefa vermiş Kamil Həsənovla Azərbaycan və kürd dillərində çap edilən “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman arasında qarşıdurma yaranıb. Buna səbəb Kamil Həsənovun “Yeni Müsavat” qəzetinə açıqlamasıdır.
Tahir Süleyman “Azadlıq”a açıqlamasında Kamil Həsənovu ona böhtan atmaqda ittiham edib: “Kamil Həsənov ”Yeni Müsava”a açıqlamasında deyir: “Bir dəfə Məsud Bərzaninin köməkçisi mənə zəng edib bildirdi ki, mərkəzin inkişafı üçün pul ayıraraq Azərbaycanda yaşayan iki kürdlə mənə göndəriblər. Mən də dedim ki, həmin pul mənə çatmayıb və yaxşı ki, çatmayıb. Indinin özündə də həmin pulu oradan alıb ünvanına çatdırmayan şəxs Iraq tərəfə gedə bilmir. Biz də onu vaxtilə mərkəzdən qovmuşuq”. Amma bir çox həmkarlarım da bilir ki, iki ay idi ki, mən Türkiyəyə, Suriyaya və Iraqa ezamiyyətə getmişdim. Həmin ölkələrdə bir sıra önəmli insanlarla görüşlərim olub, videoreportajlarım internetdə yayılıb. Məsud Bərzaninin qardaşı ilə, peşmərgələrlə, Suriyadakı önəmli kürd liderləri ilə, Iraqdakı türkmən qardaşlarımızla görüşlərim olub. Bu görüşləri əks etdirən videomaterialları internetdə vermişəm”.
Kamil Həsənov açıqlamada Tahir Süleymanın adını çəkməsə də, baş redaktor hesab edir ki, “Ronahi”nin keçmiş sədri məhz onu nəzərdə tutur: “Kamil Həsənov ”Həftə içi” qəzetinə də müsahibə verib mənə böhtan atmışdı. Müxtəlif yerlərdə də mənim adımı çəkərək danışdığı barədə mənə məlumatlar gəlib çatır.”
Ronahi”dən qovulmağım barədə onun dediklərinə gəlincə, 1996-cı ildə Novruz bayramı ərəfəsində biz Qazaxıstandan “Kürdüstan” ansamblını Bakıya dəvət etmişdik. Gənc Tamaşaçılar Teatrında “Kürdüstan” ansamblı vətənpərvər, milli mahnılar ifa etdiyi üçün Kamil Həsənov tərəfindən Bakıdan qovuldu. Kamil Həsənov “Sarıköynək” mahnısını çaldıraraq rəhmətlik ağsaqqal Şamil Əsgərov və Baxış Hüseynovla birlikdə oynadılar. Səhərisi günü mən getdim mərkəzin ofisinə, onlara ansambla qarşı hərəkətlərinə görə ciddi irad tutdum. Buna cavab olaraq onlar iclas keçirib dedilər ki, Tahir Süleymanın anası ermənidir və o, PKK-ya işləyir. Sonra isə bu fikirlərini yazaraq imzaladılar və MTN-ə göndərdilər. Məni MTN-dən çağırıb maraqlandılar. Dedim ki, araşdıra bilərsiniz, mənim kəndçilərimdən soruşa bilərsiniz. Mənim nə ana, nə də ata tərəfdən heç bir erməni bağlılığım yoxdur. Bu hadisədən sonra “Ronahi” Kürd Mədəniyyət Mərkəzindən çıxdım”.
Tahir Süleymanın ittihamlarına Kamil Həsənovun münasibətini dərc etməyə hazırıq.