Əkrəm Əylisinin “Daş yuxuları”ı haqqında demək olar ki, ölkə əhlinin hamısı fikrini bildirib, belə baxıram, deyəsən, bircə mən qalmışam. Mən də gördüklərimdən şoka düşdüyüm üçün səsim çıxmır. Səsim cəhənnəmə, evdən küçəyə çıxmağa qorxuram, elə bilirəm YAP planetindən sürü ilə ölkəyə daxil olan əcaib məxluqlar mənə, uşaqlara hücum edəcək. Mənim və uşaqların çantasında kitab qoxusunu hiss edib bizi parçalayacaqlar.
“Yeni Müsavat” (08.02.2013) qəzetində “Əylis də Əkrəmdən imtina etdi” xəbər yazısının altında qorxulu məxluqların şəkilləri də verilib: onlar kənd əhlinə bənzəmək üçün çiyinlərinə şal atıblar, başlarına yaylıq bağlayıblar, papaq qoyublar. Amma üzlərindəki eybəcər gülüş, bərəlmiş gözlər bu planetdən olmadıqlarını sübut edir. Bir qara paltolu məxluq yanan kitabdan necə həzz alırsa, dinozavr kimi ağzını açıb qışqırır. Kim bilir, bəlkə də onlar daşlaşmış dinozavr qalıqlarıdı, “Daş yuxular”nı yandırmaq üçün ayılıblar. Bu arada camaat gözləyirdi ki, prezident yazıçıya hücum edənlərə, evinin qarşısında aksiya keçirənlərə, kitabını yandıran cahillərə deyəcək ki, bəlkə bir az yavaşlayasınız.
Amma prezident dinozavrları daha da ruhlandırmaq üçün Əkrəm Əylislini təqaüddən, fəxri addan məhrum etdi. Prezident bu fərmanla “Yaltaqlanmayan dişləməz!” yeni ata sözünü də təsdiqlədi. Əslində, Əkrəm Əylisli məcburi yox, çoxdan bütün titullardan, medalladan imtina edib, azad yazar olandan sonra yeni əsərini çap etdirməli idi. Məgər yazıçı bilmirdi ki, diktator atadan gülə-gülə medal alıb sinəsinə vuranda, bir gün onun oğlu həmin medalı yaxasından zorla açıb, başına DAŞ vuracaq?
Əkrəm Əylisi heç üzülməsin! Çünki 75 yaşda “qətlə yetirilmək” elə də faciəli ölüm deyil. Əylisli yetərincə dövlət hesabına yaxşı günlər görüb, xarici ölkələri gəzib, kef edib. Ailəsi aclıq-korluq çəkməyib, övladlarını böyüdüb, toylarında iştirak edib və kitablarını çap etdirib, məşhurlaşıb. Bundan sonrakı həyatını necə yaşamaq nə özünə, nə də ailəsinə çətin olacaq. Istəsə ölkəni də tərk edər, lap yeri gəlsə planeti də. Bəs 38 yaşında qətlə yetirilən cəsur jurnalist Elmar Hüseynovun atasız qalan balaca oğlu, ərsiz qalan xanımı, oğulsuz qalan atası nə etsin? Bu illər ərzində Əkrəm Əylisli Elmarın ailəsinə hansı mənəvi və maddi yardımları etdi? Ümumiyyətlə, SÖZ yolunda qurban gedən ŞƏHID jurnalstin qatillərindən fəxri ad, təqaüd, medal aldığını heç düşündümü?! Axı bu gün onu bir kitabına görə mədəni şəkildə, yavaş-yavaş öldürən hakimiyyət, Elmarı balaca bir məqaləyə görə bir anının içində, ona deputat mandatı verilən ildə vəhşicəsinə qətlə yetirmişdi…
Bəs 20 ildən çoxdur azadlıq, demokratiya, haqq-ədalət uğrunda quldurlarla istirahətsiz savaşanlar, kirayədə yaşayanlar, imkansızlıqdan bir dəfə ölkədən kənara çıxmayanlar, pulsuzluqdan yazdıqları əsərləri çap edə bilməyənlər nə etsinlər? Axı bu gün köşə yazanların əksəriyyəti Əkrəm Əylisli yolunu tutsaydılar ondan da güclü və dəyərli əsərlər yaza bilərdilər. Onlar balaca köşələri ilə azadlıq uğrunda savaşanda, Əkrəm Əylisli böyük bədii əsərlər yazırdı, Heydər Əliyevlə qucaqlaşıb öpüşürdü. Məgər Əkrəm Əylisli və bu gün yaxasını cırıb “mən ədəbiyyta xidmət edirəm!” deyib küncdə-bucaqda gizlənənlər köşə yazsaydılar, ən azı ayda-ildə bir dəfə ölkədəki gərgin vəziyyətə etirazlarını bildirsəydilər qələmlərinin qaşı düşərdi? Bəlkə də onlar boyun-boğazlarında qızıl-gümüş gəzdirməyi sevən qadınlar kimi orden-medallara, təqaüdlərə aldanıb susmasaydılar, bugünkü faciələr də bu qədər böyük və dəhşətli olmazdı. Şair Şaiq Vəli ac qalan uşaqlarını internata verib, dərddən çərləyib ölməzdi. Əkrəm Əylisli zamanında azad ruhlu, haqq uğrunda savaşan qeyrətli insanların yanında olmadı, onlara arxa çevirdi, amma bu gün onların hamısı haqsız hücuma məruz qalan yazıçının yanındadır.
Yeri gəlib, bu yaxında xaricdə təhsil alan qızımın oxuduğu universitetdə oldum. Orda azərbaycanlı tələbələrlə görüşüb söhbət etdik. Uşaqlardan “bizim yazıçılardan kimin əsərlərini oxuyursunuz?” soruşanda, Əkrəm Əylislinin yox, Seymur Baycanın, Əli Əkbərin adını çəkdilər. Təsəvvür edirəm, xaricdə təhsil alan, “facebook” səhifələrini “Molla Nəsrəddin” jurnalı səviyyəsinə qaldıran gənclər meydanlara çıxanda necə tufan qopacaq. Axı onlar sinəsi medallı, yaltaq, saxtakar yazıçıların bəzəkli əsərləri ilə böyümürlər, ölkə, millət haqqında həqiqətləri yazanları oxuyurlar…
P.S. Hardasa 30 il əvvəl Rusiyaya köçən uşaqlıq dostum Iqor (biz ona Iqır deyirdik) mən ölkədə olmayanda Azərbaycana gəlib. General-mayor olan dostum uşaqlıq dostları ilə görüşüb, yeyib-içiblər, axırda Iqır deyib ki, “a qde Mila?”. Belə deyən kimi məhəllə “uşaqları”, saç-saqqalı ağarmış kişilər Iqırı ölüncə döyüblər. O da zorla ayağa qalxıb, yerə düşən furajkasının tozunu, palçığını silə-silə deyib: “U vas vsyo pomenyalos, no vı ostalis takimi je vexşiler”. Allahıma şükür edirəm ki, nə yaxşı uşaqlıq dostum Vartan məni axtarmır…

Azərbaycan haqqında Əkrəm, Seymur, Əli, İqır həqiqətləri…
•